Obamanın Əliyevi dəvət etdiyi sammitin pərdəarxası – TƏHLİL

Obamanın Əliyevi dəvət etdiyi sammitin pərdəarxası – TƏHLİL
  07 Yanvar 2016    Oxunub:8594
ABŞ prezidenti Barak Obama Azərbaycanın dövlət başçısı İlham Əliyevi bu ilin 31 mart-1 aprel tarixində Vaşinqtonda baş tutacaq IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Nüvə Təhlükəsizliyi Sammiti nə məqsədlə keçirilir və Azərbaycanın bu sammitdə təmsil olunması hansı mətləblərdən xəbər verir?

Nüvə Təhlükəsizliyi Sammiti Obamanın 2009-cu ildə Praqadakı çıxışı zamanı verdiyi təklifə əsasən 2010-cu ildən etibarən keçirilməyə başlayıb. İlk sammit 2010-cu ildə Vaşinqtonda, ikinci sammit 2012-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda, üçüncüsü 2014-cü ildə Niderladın Haaqa şəhərində keçirilib. Sammitin keçirilməsinin əsas məqsədi kimi dünya dövlətlərinin nüvə təhlükələrindən mühafizə olunması və bu məqsədlə birgə işlərin görülməsi göstərilir. Mahiyyət etibarilə sammitin məqsədlərilə MAQATE-nin (BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi) vəzifələri üst-üstə düşür.

Lakin burada bir məqam xüsusi diqqəti cəlb edir və məsələnin mahiyyətini anlamağa müyyən qədər işıq salır. Belə ki, Obama 2009-cu ildəki məlum Praqa çıxışında “nüvə terrorçuluğunun qlobal təhlükəsizliyə qarşı ən qorxulu təhdid ” olduğunu bildirmişdi. Faktik olaraq, Obama ilk dəfə “nüvə terrorçuluğu” ifadəsini istifadə etdi və məhz bu amil Amerikanın gələcək hədəflərini proqnozlaşdırmaq üçün açar rolunu oynaya bilər.

Bununla bağlı iki versiya irəli sürülə bilər. Birincisi, Vaşinqton öz orbitinə daxil olmayan və getdikcə təcrid olunan dövlətlərin son anda özünü sübut etmək, yaxud dünya icmasını özü ilə hesablaşmağa məcbur etmək üçün nüvə silahından istifadə edəcəklərindən ehtiyatlanır və əvvəlcədən bu təhlükənin qarşısını almaq yollarını axtarır. Məsələn, nüvə silahı olan Rusiya get-gedə xarici dünyadan təcrid olunur və bu mənada ən təhlükəli dövlət hesab oluna bilər. Yaxud nüvə texnologiyalarına sahib olan İranın, Səudiyyə Ərəbistanı ilə məlum gərginlikdən sonra qonşu ərəb dövlətlərinin təcridilə üzləşməsi fonunda bu tip təhlükəli silaha əl atması riski nəzərdən keçirilə bilər. Və nəhayət, xarici aləmdən tam təcrid olunmuş Şimali Koreyanın istənilən vaxt nüvə silahından hər hansı dövlətə qarşı istifadə etməsi mümkündür.

Yeri gəlmişkən qeyd edək ki, Rusiya əllidən artıq dövlətin nümayəndəsinin iştirak edəcəyi sammitə qatılmaqdan imtina edib. İranın dəvət olunub-olunmaması ilə bağlı hələ ki, məlumat verilməsə də, 2014-cü il sammitində Tehran dəvətlilər arasında yer almamışdı.

İkinci versiya kimi ehtimal etmək olar ki, Amerika, yaxud bütöv Qərb koalisiyası hədəflərində olan ölkədə nüvə silahının terrorçuların əlinə keçdiyini bəhanə edib, həmin dövlətə hərbi müdaxilə düzənləyə bilərlər. Obamanın nüvə terrorçuluğundan bəhs etməsi bu versiyanı irəli sürməyə əsas yaradır. İrana qarşı sünni koalisiyasının cəbhə qurması, Vaşinqtonun Tehranı atom silahı yaratmağa cəhd göstərməkdə ittiham etməsi, terror yuvası olan İraqla sıx əməkdaşlığı və s. amillər bu ölkənin Qərbin hədəfinə çevrilmə şansını artırır. Hər halda, ABŞ-ın fəal hərbi müdaxiləyə növbəti prezident seçkilərindən sonra başlayacağını ehtimal etmək olar. Bu isə 2017-ci ilin əvvəllərinə təsadüf edə bilər.

Azərbaycanın Amerika tərəfindən dəvət olunması ilk növbədə iki ölkənin strateji tərəfdaşlığından xəbər verir. Amerika anlayır ki, Azərbaycan tranzit ölkədir və Şimal-Cənub, həmçinin Şərq-Qərb ticarət dəhlizlərinin işə düşməsi ölkəmiz vasitəsilə yük daşımaların sayını artıracaq. Azərbaycanın iki təcrid olunmuş dövlət – Rusiya və İranın arasında yerləşməsi ölkəmizi hər iki qütb üçün əhəmiyyətli edir. Həm Vaşinqton, həm də Moskva üçün Azərbaycanın loyallığı xüsusi əhəmiyyət daşıyır. Amerika üçün hazırkı məqamda Azərbaycanın əhəmiyyəti həm də onunla bağlıdır ki, ölkəmizin ərazisi Rusiya ilə İran arasında təhlükəli nüvə materiallarının mübadiləsi üçün tranzit kimi istifadə olunmasın.

Azərbaycanın hazırkı məqamda qarşısında duran əsas vəzifə ilk növbədə təhlükəsizliyini təmin etmək, ikincisi isə yaranmış vəziyyətdən faydalanıb, öz ərazilərini azad etməkdir. Güman ki, dövlət rəhbəri sammitdə məhz bu məqamların üzərində xüsusilə vurğu qoyacaq.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:





Xəbər lenti