Dollar niyə şəxsiyyət vəsiqəsi ilə satılacaq?

Dollar niyə şəxsiyyət vəsiqəsi ilə satılacaq?
  07 Yanvar 2016    Oxunub:6819
Mərkəzi Bankın dollar qərarı `qara bazar`ın yaranmasına səbəb ola bilər
Mərkəzi Bankın İdarə Heyəti 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı ləğv edib, yeni “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı qəbul edib.

Yeni qəbul edilmiş Qaydalara əsasən mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır.

Belə ki, buna qədər qüvvədə olmuş Qaydalara əsasən mübadilə şöbəsində bir müştəriyə 5000 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılırdı.

İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bank 500 dollardan yuxarı vəsaitin şəxsiyyət vəsiqəsi ilə satılmasını tətbiq etməklə dollara olan tələbatı inzibati yolla tənzimləmək istəyir.

Ekspertin sözlərinə görə, Mərkəzi Bank intervensiya xərclərini azaltmağa və eyni zamanda öz aktivlərinə qənaət etməyə çalışır: “Burada məqsəd Mərkəzi Bankın intervensiya xərclərinin azaldılmasına nail olmaqdır. Bunun müəyyən neqativ tərəfləri olacaq. Belə ki, 500 dollar kiçik məbləğdir. Dollara tələbatın yüksək olduğunu nəzərə alsaq, valyutadəyişmə məntəqəsində valyutanın şəxsiyyət vəsiqəsi ilə satılması zaman alacaq. Bu, zaman almaqla yanaşı eyni zamanda növbələrin yaranmasına gətirib çıxaracaq. Belə növbələrin olması nəticədə “qara bazar”ın yaranmasına səbəb ola bilər. Çünki qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaq. Mərkəzi Bank çalışmalıdır ki, “qara bazar” yaranmasın. Biz şəxsiyyət vəsiqəsi ilə dolların satılmasının 500 dollar deyil, daha yüksək məbləğdə olmasının tərəfdarıyıq. Belə ki, 5000 dolların alınmasına görə şəxsiyyət vəsiqəsinin tələb olunması daha məqsədəuyğun idi”.

V.Bayramovun fikrincə, Mərkəzi Bank valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməlidir ki, şəxsiyyət vəsiqəsi ilə dollar alışı vaxt aparmasın: “Bir sıra inkişaf etmiş ölkələrdə şəxsiyyət vəsiqəsi ilə dollar satışı həyata keçirilir, amma şəxsiyyət vəsiqəsini xüsusi avadanlığa yaxınlaşdırmaqla onu qeydə alır. Bu da qısa zamanda elektron formada məlumatın hazırlanmasına səbəb olur. Prosesin elektronlaşmasına ehtiyac varki bu növbələrin və ajotajın yaranmasına səbəb olmasın”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti