`İlham Əliyev bunu cəsarətlə dedi...` - YAP-dan münasibət

`İlham Əliyev bunu cəsarətlə dedi...` - YAP-dan münasibət
  11 Yanvar 2016    Oxunub:4004
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirləri şərh edib.

AzVision.az-a açıqlama verən deputat bildirib ki, ölkə başçısı ötən gün keçirilən iclasda vətəndaşların sosial vəziyyətinin yaxşılaşması üçün qətiyyətli mövqe ortaya qoyub: “Prezident İlham Əliyev manatın devalvasiyasının daxili-iqtisadi proseslərdən asılı olmadığını, neftin dünya bazarındakı qiymətindən və ABŞ dolların uçot dərəcəsinin qaldırılması ilə bağlı olduğunu vurğuladı. Neftin qiymətinin aşağı düşməsinin isə iqtisadi amillərlə deyil, siyasi məsələ olduğunu prezident İlham Əliyev cəsarətlə bəyan etdi. Ölkə başçısı qeyd etdi ki, vətəndaşların sosial vəziyyətinin pisləşməsinə heç vaxt imkan verməyəcək. Bu məqsədlə də Nazirlər Kabinetinin müvafiq orqanlarına əmək haqqı və pensiyaların artırlması ilə bağlı təkliflər hazırlamağı tapşırdı. Hesab edirəm ki, xalq yaxın zamanlarda bu məsələdə prezident İlham Əliyevin mövqeyini bir daha görəcək”.

A. Mirzəadə qeyd edib ki, iclasda qaldırılan vacib məsələlərdən biri də sahibkarlığın inkişafı və idaretmə orqanlarının optimallaşdırılması ilə bağlı atılacaq addımlardır: “Bu məsələlərlə bağlı ölkə başçısı bildirdi ki, idarəetmə orqanlarının təkmilləşdirilməsi işi davam etdiriləcək. Bu isə problemlərin həllinə, şəffaflığın artırılmasına, sahibkarlığa verilən dəstəyə böyük kömək olacaq.

Vacib məsələlərdən biri Azərbaycanın yaxın qonşuları arasında olan problemə öz münasibətini bildirməsi idi. Prezident həm Rusiya-Türkiyə, həm Səudiyyə Ərəbistanı-İran gərginliyindən narahat olduğunu və bunun arzu olunmaz olduğunu bildirid. Təbii ki, bu siyasi bəyanat idi. Praktiki fəaliyyətdə isə şübhəsiz ki, beynəlxalq əlaqələri ilə problemin həllinə öz töhfəsini verəcək”, - deyə YAP rəsmisi deyib.

A. Mirzəzadə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsindən də danışıb: “Ölkə başçısının bu addımı Azərbaycanda bu istiqamətdə gedən işlərin bir daha göstərilməsidir. Multikulturalizm Azərbaycana kənardan gəlməyib. Bu onun təbii inkişafından irəli gələn məsələdir. Azərbaycanda müxtəlif xalqlar açıq şəkildə öz mədəniyyətlərinə bağlıdırlar, dini ayinlər yerinə yetirirlər. Bu hal gələcəkdə də davam edəcək. “Multikulturalizm ili” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək, Azərbaycan mədəniyyəti dünyaya tanıdılacaq, ölkədə yaşayan xalqların mədəniyyətlərinin qovuşması üçün dövlət lazımı dəstək verəcək. Bir sözlə Azərbaycan sivil, mədəniyyəti və tarixi zəngin, müxtəlif mədəniyyətləri özündə birləşdirən müasir bir ölkə kimi bir daha dünyaya tanınacaq”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti