`Nazirlikdəki vəzifəmi mətbəx süpürməklə əvəz etdim – “McDonald”s-ın rəhbəri

`Nazirlikdəki vəzifəmi mətbəx süpürməklə əvəz etdim – “McDonald”s-ın rəhbəri
  13 Yanvar 2016    Oxunub:92504
McDonald`s-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev AzVision.az-ın suallarını cavablandırıb. O, müsahibə zamanı çox maraqlı məqamlara toxunub.

Niyə Ermənistanda McDonald`s yoxdur?

- Azərbaycanda McDonald`s-ın bağlanacağı haqda şayiələr yayılıb. McDonalds Azərbaycanda bağalana bilərmi?

- 15 ildən artıqdır ki, biz Azərbaycanda fəaliyyətimizi uğurla davam etdiririk. McDonald`s Azərbaycan bazarına çox perspektivli bir bazar kimi baxır. Burada filial açmamışdan öncə bizim işçilərimiz təlimlərdə, xüsusi proqramlarda iştirak ediblər. Hələ 1996-cı ildə 40-a yaxın işçilərimizi xüsusi treninq proqramlarına göndərmişdik. Onlar Avropa ölkələrində 3 ildən artıq təlimlərdə iştirak ediblər.

McDonald`s 50 ildən çoxdur ki, 120 ölkədə fəaliyyət göstərir. Hazırda 33 mindən artıq restoranı var. Restoranların sayı da durmadan artır. Hər gün dünya əhalisinin 1 faizdən çoxu McDonald`s restoranlarını ziyarət edir. Bu, o deməkdir ki, ay ərzində dünya əhalisinin 30 faizdən çoxu bu restoranlarda olurlar.

McDonald`s-ın belə bir qanunu var ki, o, hansısa bir yerdə açılmamışdan öncə həmin ölkənin potensialı, bazarı dəyərləndirilir. Oradakı iqtisadi, siyasi və sabitlik məsələlərinə diqqət yetirilir. McDonald`s heç vaxt riskli addımlar atmır. Ona görə də, McDonalds Ermənistanda yoxdur. Heç orada açılması da planlaşdırılmır. Heç bir Orta Asiya ölkəsində McDonald`s fəaliyyət göstərmir. Ancaq Qazaxıstanda aparılan danışqlara görə gələn il iki restoran açılacaq.



McDonald`s bir ölkədə açılırsa həmin ölkəyə həmişəlik gəlir. Həmin ölkənin bir üzvünə çevrilir, yəni ki, Amerikanın deyil, fəaliyyət göstərəcəyi ölkənin yerli şirkəti olur. Azərbaycanda 10 McDonald`s restoranı fəaliyyət göstərir. Hazırda bizim şirkətdə 850 nəfərdən çox işçi çalışır. Onlardan 250 nəfərdən çox işçisi Menecerlər kimi çalışırlar və biz onlarla fəxr edirik. Buna görə də McDonalds`ı bağlamaqla bağlı heç bir planımız yoxdur.

İnternetdə McDonald`s restoranlarının bağlanması ilə bağlı xəbərlər yayılır. Qeyd olunur ki, bir-iki restoran bağlanıb. Amma heç kəs sürətlə açılan yeni restoranların sayına diqqət yetirmir. Biznes məqsədilə bağlana bilər. Yəni ki, bir yerdə bağalanıb, digər yerdə açılar. McDonald`s uşaq kimidir. Əgər siz bu uşagı dünayaya gətirmisinizsə, onu mütləq böyütməlisiniz.

`BigMac`a nə qatılır?

- McDonald`s məshulları haqqqında xeyli `şəhər mifləri` dolaşır. Məsələn, deyirlər ki, bu məhsullar uzun müddət qalanda xarab olmur. Hətta uzun müddət qaldıqdan sonra xarab olmayan `BiqMac`ın internetdə şəkil və videoları da yayılıb. Bu, həmin məshulların sağlamlığa təhlükəli olmasından xəbər verirmi?

- McDonald`s məshullarının keyfiyyətinə inam olmasaydı bu gün hansı inkişafdan danışa bilərdik? Dünyadakı bütün `fast food` tipli restoranlar arasında McDonald`s 51 faizə yaxın yer tutur. McDonald`s-a ən yaxın restoranlar şəbəkəsi isə təxminən 5-6 faiz yer tutur. McDonald`s keyfiyyətə çox diqqət ayrır. Heç bir məhsula əlavələr edilmir. Belə məlumatlar sadəcə olaraq, McDonald`s barəsində neqativ fikirlər yaymaq məqsədilə ortaya atılır. McDonald`s heç vaxt ərzaq mağazalarından, bazarlardan mənşəyi məlum olmayan və keyfiyyəti standartlara cavab verməyən məshullar satın almır. Birinci şərt odur ki, bütün ərzaqlar yalnız McDonald`s tələblərinə cavab verən zavodlarında istehsal edilməli, mütləq McDonald`s standartına uyğun olmalıdır. Ona görə ki, bizim müştərilərimizin çoxu uşaqlardır. McDonald`s heç vaxt belə bir riskli addım atmaz ki, uşaqların sağlamlığına təhlükə törətsin. 1954-cü ildən bu günə qədər McDonald`s restoranlarında belə neqativ hallar müşahidə edilməyib.

Biz restoranların Azərbaycanda fəaliyyətə başladığı ilk gündən keyfiyyət məsələlərinə böyük diqqət ayırmışıq. Yayılan videolara inanmaq olmaz. Onlar fakt deyil. Bizim restoranlarda istifadə olunan ətlər 100 % dana ətidir. Ətlərə heç bir qatqı vurulmur. Hətda duz ət restoranda bişdikdən sonra əlavə edilir.

McDonald`s hansısa bir ölkədə fəaliyyət göstərməzdən öncə oradakı yerli istehsalı analiz edir. Gələcəkdə yerli istehsaldan istifadə ilə bağlı müəyyən planlar qurur. Biz Azərbaycanda fəaliyyət göstərdiyimiz gündən yerli istehsalçılarla danışıqlar aparırıq. Bir neçə layihə həyata keçirilib. Azərbaycanda bizim üçün dünya standartlarına uyğun ferma açılıb. Orada tərəvəz və müxtəlif kənd təsərrüfatı malları istehsal olunur.

Artıq süd məhsulları da ən yüksək standartlara uyğun olaraq Azərbaycanda istehsal edilir. Restoranlarımızda istifadə edilən süd məhsulları `Milla` şirkəti tərəfindən bizim mütəxəssislərin nəzarətilə 100 faiz təbii süd istehsal olunur. Korporasiyanın Almaniyada yerləşən Avropa Keyfiyyət Mərkəzinin mütəxəssisləri 3 ildən çox müddət ərzində yoxlamalar apardıqdan sonra, biz bu şirkətlə işləməyə başladıq. Hər iki aydan bir həmin süd nümunələri Almaniyaya göndərilir və şirkətin laboratoriyası və xüsusi komissiya üzvləri tərəfindən yoxlanılır. Sevindirici və qürurverici hal odur ki, Azəbaycan istehsalı olan məhsullar şirkətin ən yüksək dərəcəli sertifikatlarına layiq görülür.

Yerli istehsalla məşğul oln şirkətlər investisiyanı özləri qoyurlar. Əgər onların məhsulları McDonald`s standartlarına uyğundursa, davamlı müqavilə imzalanır. Bundan sonra biz həmin məhsulları onlardan alırıq. Bu həmin yerli inverstor üçün inanılmaz dərəcədə yaxşı potensialdır. Yəni həmin investor McDonald`s-ın uzunmüddətli müştərisi olur. Azərbaycanda ət istehsalı ilə məşğul olmaq üçün yaxşı potensial var. Ət istehsalı zavodu tikilməlidir. Ola bilər ki, McDonald`s da həmin zavodun daimi müştəri olsun. Niyə də olmasın ki?!


- `French fries` kimi təqdim olunan kartof qızartmasında Gədəbəy və ya Tovuz kartofundan istifadə edirsinizmi?


- Hazırda həmin kartoflardan istifadə olunmur. Amma demirəm ki, gələcək də də istifadə olunmayacaq. Bəlkə də elə bir vaxt gələcək ki, Azərbaycanda böyük bir zavod tikiləcək və biz də Tovuz, Gədəbəy kartoflarını McDonald`s menyusuna əlavə edəcəyik.

“Əgər kimsə zavod tiksə...”

Mən dəfələrlə Ulu Öndər Heydər Əliyevlə görüşmüşəm. O, yerli istehsalla bağlı mənə çoxlu suallar vermişdi. Biz Amerika səfiri ilə birikdə onun suallarını cavablandırmışdıq. Ulu Öndər də gələcəkdə yerli istehsala daha çox üstünlük verilməsilə bağlı bizə öz tövsiyyələrini vermişdir.

Əgər yerli istehsalçı bizim standartlara uyğun fəaliyyət göstərirsə, bütün auditlərin tələblərinə cavab verirsə, bu onun üçün böyük bir potensial deməkdir. Azərbaycanda bulka zavodu tikmək üçün bir neçə yerli investorla danışıqlar aparırıq. İstəyirik ki, bizim üçün Azərbaycanda yerli bulkalar istehsal olunsun. Bu, həm Azərbaycan, həm də Gürcüstan üçün inanılmaz dərəcədə faydalı bir işdir.

Hazırda restoranlarımızda təqdim olunan məhsullar Ukraynadan, Rusiyadan və Polşadan alınır. Həmin məshullar ancaq McDonald`s-la müqaviləsi olan istehsalçı zavodlardan alınır. Əgər yerli istehsalçı bulka zavodu tikərsə, bizim onlara zəmanət veririk ki, sizdən ildə bu qədər bulka alacağıq. Amma o biri zavodlar isə tikildikdən sonra müştəri axtarışına çıxırlar. McDonald`s üçün tikilən zavodun rəhbərliyi bilir ki, onların məhsullarının 60-70 faizini biz alacağıq. Zavodlara McDonald`s-la işləmək çox sərfəlidir.



Sendviçlər üçün lazım olan turşuların, sousların Azərbaycanda hazırlanması ilə bağlı da bizim planlarımız var. Hazırda danışıqlar gedir. McDonald`s-la işləmək yerli istehsalçı şirkətlər üçün böyük stimuldur. Bəziləri investisiya yatırdıqdan sonra həmin məhsulların satılıb-satılmayacağını, qiymətlərin necə olduğunu düşünürlər. Bəziləri isə yalnız McDonald`s kimi yaxşı müştərləri ilə işləyirlər və heç nəyi də düşünmürlər. Azərbaycanda McDonald`s-la əməkdaşlıq edəcək olan zavodlar Rusiyaya, Gürcüstana da çıxmaq şansı qazanacaqlar.

- McDonald`s məhsullarının neçə faizi idxal olunur, neçə faizi Azərbaycanda istehsal edilir?

-Biz fəaliyyətə yeni başlayanda hər şey idxal olunurdu. Bu gün məhsullarımızın 30 faizdən çoxu yerli istehsaldır.Planımızda var ki, idxalın faizini daha da azaldaq.

“McDonald`s İranda da olacaq”

İnanıram ki, bir neçə ildən sonra McDonald`s İranda da fəaliyyət göstərəcək və Azərbaycanın regiondakı rolu daha da artacaq. Bizə İqtisadiyyat və Sənaye Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən müəyyən dəstəklər olur. Onlar yerli istehsalın inkişafına kömək edirlər. Biz hər hansı bir zavodla əməkdaşlığa tez bir zamanda başlamırıq. Bu əməkdaşlığın qurulması üçün 2-3 il zaman, əlavə avadanlıq, menecment, təlimlər, xüsusi proqramlar, auditlər tələb olunur. `Milla`da bizimlə əməkdaşlıqdan öncə bütün standartlara uyğun şərait yaradıblar.

- McDonalds-ı dünyada sevməyən çoxlu qüvvələr də mövcuddur. Məsələn, anti-qlobalistlər, `yaşıllar`, anti-Amerkaçılar və s. Bütün bu qüvvələrin McDonalds-a qarşı olmasının səbəbi nədir?

- Bunun çox asan bir izahı var. McDonalds dünyada liderdir. Dünyada `fast-food` deyilən bir söz var. Ancaq McDonalds artıq 7-8 il olar ki, `good food fast` prinsipinə keçib. Yəni McDonalds artıq `fast food` sözündən istifadə etmir. Bu keçiddən sonra McDonalds restoranların dizaynına, əlavə avadanlıqlara çoxlu sərmayə qoydu və inkişaf etdi. McDonald`s-ın sürətli inkişafı hansısa bir rəqibi sevindirə bilərmi?

Bütün restoranların həm sevəni, həm də sevməyini olur. Yəni dünyadakı əhalinin 95 faizi McDonald`s-ı sevirsə, ola bilər ki, qalan 5 faizi sevmir. Biz həmin sevməyən qüvvələrə də şirkət barəsində məlumatlar verməliyik. Onlardan heç nəyi gizlətməməliyik. Sənədlərlə təsdiq olunmuş ərzaqları hər kəsə göstərə bilərik. Hansı restoran belə edər? Amma biz edirik.

`Rəqiblərin gəlişinə sevinirik`

- KFC Azərbaycana gələndən sonra McDonalds-ın ölkə bazarındakı vəziyyətində hansı dəyişikliklər oldu?

- Biz çox sevinirik ki, Azərbaycanda rəqiblərimizin sayı artır. Bu, bir daha göstərir ki, Azərbaycan beynəlxalq şirkətlər üçün önəmli, stabil və uzunmüddətli bir bazardır. Digər tərəfdən, bu, bizim üçün inanılmaz bir stimuldur. Biz Azərbaycanda tək olan zaman sevənlərimiz də olub, sevməyənlərimiz də. Həmin vaxt bizi sevməyənlər alternativ restoran tapa bilməyiblər. Heç vaxt müqayisə apara bilməyiblər. Həmişə deyiblər ki, McDonald`s pisdir, `BigMac` balacadır, Moskvada böyükdür... Ancaq indi nə qədər çox başqa şirkətlər açılırsa, bir o qədər müqayisə də artır. Müştərilər seçim edə bilirlər.



Bu, həqiqətdir ki, həmin şirkətlər açılan zaman 3-4 ay ərzində bizim müştərilərin sayında azalma müşahidə olunur. Bizdən gedən müştərilər həmin yeni restoranlarda təqdim olunan məhsulların dadına, keyfiyyətinə və xidmətə baxırlar. Əldə etdiyimiz statistikaya əsasən, bizdən gedən müştərilən 90%-i yenidən restoranlarımıza qayıdırlar. Bu isə bizim üçün inanılamaz dərəcədə yaxşı bir stimuldur. Anlayırıq ki, məhsulların keyfiyyətini və xidməti o qədər yüksəltməliyik ki, həmin müştərilər getsinlər və sonra desinlər ki, ən yaxşısı budur, McDonald`s-da qalaq!

Sevinərəm ki, yerli şirkətlər də inkişaf eləsin və bizə rəqib olsunlar. Həmin şirkətlər açılmamışdan öncə McDonald`s-a gəlirlər, burada menecmenti öyrənilər. Bizim standartları özlərində tətbiq etməyə və McDonald`s-ın səviyyəsinə çatmağa çalışırlar. McDonald`s Azərbaycanda olmasaydı, digər şirkətlər üçün yüksək keyfiyyət göstəricilərinə malik restoran nümunəsi olmayacaqdı. McDonald`s o biri şirkətlər üçün bir keyfiyyət göstəricisi rolunu oynayır.

- Azərbaycanda McDonald`s restoranlarının sayını artırmağı düşünürsünümü?

McDonalds-ın məqsədi beşulduzlu xidmət, keyfiyyət və əhalinin bütün təbəqələrinin cibinə uyğun fəaliyyət göstərməkdir. Bu ayın 19-da McDonald`s-ın İnkişaf üzrə vitse-prezidenti və nümayəndə heyəti Azərbaycana səfər edəcək. Onlar Azərbaycan bazarına prespektivli bazar kimi baxırlar. Bu isə McDonalds restoranlarının sayını artırmaq deməkdir.

Yeni restoranların sayını rəhbərliklə müzakirə edəcəyik. Mart-aprel aylarında Azərbaycanda McDonalds-ın yeni restoranı açılacaq. Bu obyektə təxminən 1.2 milyon dollara yaxın sərmayə qoyulacaq. Düşünürük ki, bu ilin axırına qədər gənclər üçün təxminən 200-300 nəfərlik iş yeri açılacaq. Regionların inkişafını da yaddan çıxarmırıq və biz regionlarda da McDonalds restoranları tikəcəyik.

- McDonalds restoranlarında təqdim olunan məhsulların qiymətlərində dəyişikliklər olacaqmı?

-Hər bir şirkət Azərbaycan daxilində öz fəaliyyətini ölkə üçün daha effektli qurmalıdır. McDonald`s-ın belə bir prinsipi var ki, qiymətləri yalnız biz müəyyən etmirik. Onlar həm də müştərilərin fikrinə əsasən təyin olunur. Qiymətlərin müəyyən edilməsilə bağlı müştərilərimiz arasında ildə iki dəfə sorğular keçiririk. Qiymətlər əhalinin alıcılıq qabiliyyəti əsasında təyin edilir. Manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, bizim restoranlarda qiymət dəyişikliyi olmayıb. Biz istəyirik ki, müştərilərimiz həmişə razı qalsınlar.

Yanvarın sonu - fevral ayının əvvəllərində qiymətlərin müəyyənləşdirilməsilə bağlı müştərilərimiz arasında sorğu aparacağıq. Ola bilər ki, mən `BigMac`ın qiymətinin 5 manat olmasını istəyim. Amma bu, düzgün deyil. Əsas insanların istəyidir. İqtisadi çətinlik isə müvəqqətidir. Həmişə görmüşük ki, iqtisadi böhrandan sonra inkişaf olur. Düşünürəm ki, hazırda Azərbaycandakı bütün yerli biznesmenlər Cənab Prezidentin müəyyən etdiyi yolla getməli və daha effektiv nəticələrə nail olmalıdırlar. İnanıram ki, bundan sonra ölkəmizdə biznes, kənd təsərrüfatı və digər sahələr daha da inkişaf edəcək.



Biz il ərzində göndərilən bütün müraciətlərə baxırıq. Uşaq evlərinə yardımlar edirik. Hətta bir neçə dəfə uşaq evlərinə, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün avtobuslar və digər lazimi avadanlıqlar hədiyyə etmişik. Bizim restoranlardan uşaq evlərinə pulsuz yeməklər göndərilir. Bayram şənlikləri təşkil edilir. Keçən il sağlamlıq və fiziki qüsuru olan uşaqlara iki avtobus hədiyyə etdik. Ehtiyacı olan Uşaq evlərinə və məktəblərinə də yardımlar edirik və bu ənənəni daima davam etdirəcəyik.

Piylənmənin günahı kimdədir?

- Belə bir fikir var ki, Qərbdə bir çox insanların piylənmədən əziyyət çəkməsinin əsas səbəkarı McDonalds məhsullarıdır...

- Mən artıq iyirmi ildir ki, McDonalds sistemində öz karyeramı qurmuşam. McDonalds artıq mənim üçün biznes deyil, həyatımın tərkib hissəsidir. Həftədə üç dəfə mən burada yemək yeyirəm. Bütün ərzaqları test edirik. Buna baxmayaraq, heç vaxt piylənmədən əziyyət çəkməmişəm (gülür).

Bir var `Fast food`, bir də var `Good food fast`. McDonald`s artlq səkkiz ildır ki, ikinciyə keçid eləyib. Hamı `fast food`u zərərli sayır. Burada əslində heç bir zərər yoxdur. McDonalds insanlara zəmanət verir ki, gözəl bir restoranda yüksək keyfiyyətli yemək və xidmətlə təmin olunacaqlar. Amma bu, bizim problem deyil ki, insan o yeməyi bir saat ərzindəmi, yoxsa 5-10 dəqiqəyəmi yeyir. İnsanlar öz evlərində küftə bozbaşı bir saniyə ərzində yesələr, əlbəttə ki, kökələcəklər. Yox, əgər yeməyi tez bir vaxtda yeməslər, belə problemlərdən əziyyət çəkməzlər. McDonalds piylənməyə səbəb olmur. Bu, daha çox yemək mədəniyyətindən aslı olan bir məsələdir. O qədər kök adamlar var ki, ömürlərində bircə dəfə də McDonalds-da olmayıblar. Piylənmə qidadan yox, düzgün qidalanmamaqdan asılıdır.

Rey Krok 1954-cü ildə McDonald`s-ı yaradarkən çörək, süd, ət və kartofadan istifadə edib. Burada pis nə ola bilər ki? Bunlar insana lazım olan 4 ən əsas inqridientlərdir. Rey Krok o vaxtı şərt qoyub ki, bütün bu məhsullar çox yüksək keyfiyyətdə olmalıdır. Xüsusi qeyed edə bilərəm ki, tək bir `BigMac` istehsalçıdan istehlakçıya çatana qədər 146 yoxlamadan keçir.

Vergi hansı büdcəyə gedir?


- Siz Azərbaycan və Amerika büdəcələrinə nə qədər vergi ödəyirsiniz?

- McDonalds hansısa bir ölkədə fəaliyyətə başlamazdan öncə oranın bir üzvü olur. Oranın bütün qanunlarına əməl edir. Mən fəxr edirəm ki, birinci gündən bəri bizim heç bir hökumət orqanı ilə problemimiz olmayıb. McDonalds ən böyük vergi, gömrük ödəyicisidir. Təkcə bu il ərzində biz büdcəyə 5,9 milyon Manat vergi ödəmişik.

Ticarət markasından (Ticarət Markası dedikdə -şirkətin standartlarından, əməkdaşlar üçün istifadə olunun təlim proqramlarından və.s) istifadəyə görə McDonald`s Korperasiyasına ödəniş həyata keçiririk. Azərbaycandan Amerikaya heç bir vergi ödənilmir. Bizim təxminən 850 işçimiz var. İlin axırına qədər bu rəqəm 1000 nəfərdən çox olacaq. Onuda xüsusi qeyd etmək istəyirəm ki, bütün bizim işçilər, menecerlər, idarə heyyəti hamısı Azərbaycan vətəndaşlarıdır.


- Bəs Barak Obama görüşünüz olubmu?

Mən Amerika Ticarət palatasının üzvü, vitse-prezidenti daha sonra prezidenti olmuşam. Biz o vaxtlar dəfələrlə hökumət üzvlərilə, prezidentlə görüşürdük. Bir dəfə Amerikadan Azərbaycana böyük bir nümayəndə heyəti gəlmişdi. O heyətin rəhbəri senator Luqar idi. Onunla bir neçə dəfə görüşümüşük.

Amerika nümayəndə heyətinin üzvlərindən biri də konqresmen Obama idi. Onunla da görüşmüşdüm. Obama ilə görüşümüzü elə də yaxşı xatırlamıram. O, Azərbaycana çox qısa səfər idi.

Həmçinin çox şadam ki, mən Ulu Öndərmiz Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm. O, bizim işimizə çox diqqətlə yanaşırdı. Öz məsləhətlərini verirdi. Hətta McDonalds-ın açılış mərasimində də iştirak etmışdır. Həmin görüş zamanı Heydər Əliyev `BigMac`ın dadına baxdı. Daha sonra isə həmin `BigMac`ın pulunu ödəmək istədi və ödədi. Bu, çox xoş xatirədir, heç vax unutmaram.

Çikaqo şəhərində McDonalds korporasiyasının böyük bir muzeyi var. Muzeyin bir divarına bütün ölkələrin prezidentlərinin McDonalds-a səfərləri zamanı çəkilmiş fotolar aslıb. Orada Kennedi, Yeltsin, Jak Şırak və Heydər Əliyev və başqa ölkələrin prezidentlərinin maraqlı fotoları var.



Fəxr edirəm ki, Ulu Öndərimizin davamçısı Cənab Prezidentimiz İlham Əliyevlə də bir neçə dəfə görüşlərimiz olub.


- Son vaxtlar Amerika-Azərbaycan müsaibətlərində müəyyən gərginliklər vardı. Bu, `McDonalds Azərbaycanda` hiss olunurmu?

- Ümumiyyətlə, Azərbaycan region üçün çox əhəmiyyətli rol oynayır. Cənab Prezidentimiz xarici ölkələrlə çox düzgün və balanslı siyasət qurub. Bütün ölkələr dövlət başçımızın siyasətini yüksək qiymətləndirir, dəstəkləyirlər. Biz də biznesmenlər olaraq dövlət siyasətini dəstəkləyirik. Hər kəs öz işi ilə məşğul olmalıdır.


- Maqsud Mirzəyev necə oldu ki, McDonalds Azərbaycanın İdarəedici Direktoru oldu?

- Mən Sankt-Peterburqda təhsil almışam. Daha sonra Azərbaycan Dövlət Universitetində Beynəlxalq Münasibətlər fakultəsində təhsil almışam. Daha sonra Xarici İşlər Nazirliyində işləmişəm. Əvvəlcə idarə rəisi vəzifəsində çalışmışam. Mən 90-cı illərdə Azərbaycanın ilk diplomatlarından olmuşam. Heydər Əliyev ilk diplomatlarla görüşəndə mən də onların arasında idim. İclasda Heydər Əliyev Həsən Həsənovu bizə nazir kimi təqdim etmişdi. Daha sonra mən Həsən müəllimin köməkçisi oldum və ayrı-ayrı vəzifələrdə çalışdım.

Moskvada olanda McDonald`s-ın açılş mərasimdində iştirak etdim. Həmin vaxt beynimdə belə bir ideya yarandı ki, mən də Azərbaycanda McDonald`s sistemini qurmalıyam. McDonald`s rəhbərliyilə danışqlar aparmağa başladım. 1996-cı ilin 9 sentyabr tarixində danışıqlar bitdi. Qarşıma belə bir şərt qoyuldu ki, McDonald`s biznesinin rəhbəri olmaq istəyirəmsə, mütləq işə `şvabra`dan başlamalıyam. Yəni ən aşağı vəzifədə, mətbəxdə işləməli və karyeramı sıfırdan qurmalıyam. Sual verdim ki, bu, nə qədər davam edəcək? Dedim ki, restoranı tikmək üçün bizim bütün potensialımız var.

McDonalds rəhbərliyindən isə bildirlər ki, hər şey mən Maqsuddan aslıdır, ola bilər, bir ilə, ola da bilər ki, altı ilə açılsın. Dedilər ki, Maqsud Mirzəyev McDonalds açmaq üçün bütün bu işləri görməlidir, mətbəxdə, kassada və şvabra arxasında çalışmalı, hər şeyi öyrənməlidir ki, ona lisenziya verilsin. Sonda isə Çikaqoda olan unversitetdən diplom almalıdır. Bu, bizim üçün bir şok oldu, çünki heç gözləmirdim.

Ailəmdə də mənə deyirdilər ki, diplomat vəzifəsindən və nazirlikdə işdən sonra sən necə `şvabra`nı əlinə götürəcəksən? Amma mən bütün bunlara baxmayraq, adi bir uniforma geyindim və `şvabra`nı da əlimə aldım.



`Şvabra` əlimdə ilk işimə Belarusiyada olan McDonald`s restoranının mətbəxində başladım. Sonra Xorvatiyada menecer kimi işlədim. Daha sonra Avstriyada restoran müdiri kimi çalışdım. İngiltərə və Ukraynada bir neçə McDonald`s restoranlarında menecer işləmişəm. 1999-cu ildə isə məni Amerikaya xüsusi proqrama göndərdilər. Çikaqoda yerləşən Hamburger Universitetini bitirdim və nəhayət, mənə Azərbaycanda McDonald`s restoranları açmaq üçün lisenziya verdilər.

Amma həmin 3 il ərzində yəni, 1996-99 illər arasında Azərbaycanda McDonald`s açmaqla bağlı layihə hazırlanırdı. Yerli kadrlardan ibarət ofis də yaratmışdıq. Mən də hərdənbir Bakıya gəlir, onlarla görüşürdüm. Daha sonra gedib Avropa ölkələrində olan McDonald`s restoranlarında çox adi vəziflərdə işimi davam etdirirdim. Həmin vaxt mən ailəli idim, övladım da var idi. Amma bütün bu çətinliklərə baxmayaraq, həmin mərhələlərdən uğurla keçdim. Diplomu aldım, üç ayın içində birinci retoranı tikdik və 1999-cu ilin Noyabr ayının 6 -da açdıq.

McDonald`s rəhbərliyinin əsas məqsədi o idi ki, rəhbərlər çox adi vəzifədə çalışmaqla gələcək işlərinin peşəkarı olsunlar. Mən fəxr edirəm ki, bizim bütün içilərimiz həmin sistemdən keçiblər. McDonald`s-ın bütün işçiləri mənim ailə üzvlərimdir. Biz bir-birimizə doğma bacı-qardaş kimi yanaşırıq. Bizdə belə sözlər demirlər ki, ay nə bilim, `boss` gəlib, bütün `koridor` boşaldılsın. İstənilən işçi gəlib mənimlə görüşür. McDonald`s mənim üçün biznes deyil, həyatımın bir hissəsidir.

Bir şeyi etiraf etsəm, hamı şoka düşəcək. McDonald`s Azərbaycanda 1999-cu ildə açılıb. Amma ilk gəlirimiz 2007-ci ildə olub. Yəni hər il gəlir götürmək olmur. Həmin ilə qədər McDonald`s Azərbaycanda böyük zərərlə işləyib. Amma biz gələcəyə optimist baxırdıq. O zaman gəlir əldə etmək olar ki, restoranların sayı çoxalsın, yerli istehsal olsun, idxal olmasın. McDonald`s -ın inkişafı yerləşdiyi ölkənin iqtisadiyyatının qeyri-rəsmi göstəricisidir.

Jurnalist: Hafiz Əhmədov
Foto: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti