`Azərbaycan dünya ölkələri üçün nümunədir`

`Azərbaycan dünya ölkələri üçün nümunədir`
  13 Yanvar 2016    Oxunub:2430
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı YAP-ın saytına müsahibə verib.
AzVision.az həmin müsahibəni təqdim edir.

- Mübariz müəllim, artıq Azərbaycanda multikulturalizm məfhumu dövlət səviyyəsində təbliğ olunur. 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə əlaqədar dövlətimizin başçısının imzaladığı məlum Sərəncam növbəti illərdə bu istiqamətdə atılacaq addımların daha da intensivləşəcəyindən xəbər verir. Mümkünsə, ilk öncə bu barədə məlumat verərdiniz.

- Ümumiyyətlə, istənilən dəyərin, ideyanın cəmiyyətdə yaşaması və inkişafı onun möhkəm təməllərə və güclü dəstəyə malik olmasından asılıdır, desək, yanılmarıq. Bu mənada multikulturalizmi Azərbaycan mühiti üçün min illər boyu gündəlik həyatın bir gerçəkliyi kimi səciyyələndirə bilərik. “Azərbaycan xalqı özlüyündə, təbiətinə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”, deyən Ulu Öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını vermiş, Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırmışdır. Çünki, tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığımız sosial münasibətin mövcudluğu və davamlılığını şərtləndirən, çağdaş dövrümüzdə belə, dünyanın bir sıra ölkələrinə hava, su qədər gərəkli olan çoxsaylı amillər olmuşdur. Bu amillərdən dinc birgəyaşayış ənənəsini, tolerantlıq, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətləri örnək göstərə bilərik.

Eyni zamanda, multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.

Qeyd etməliyik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Bu bəşəri dəyərə ciddi önəm verən dövlət başçısı hələ iki il öncə imzaladığı sərəncamla Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidməti, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.

Məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, üstəlik bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər. Çünki tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşdırmışdır.

Ümumiyyətlə, hesab edirəm ki, Prezident İlham Əliyevin “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib” fikri multikulturalizmin mahiyyət etibarilə Azərbaycanda, eləcə də multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafının yeganə yolu hesab etməsi, bu anlayışın beynəlxalq əhəmiyyətini anlamaq baxımından bütün mətləblərə aydınlıq gətirir.

- Prezident İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə əlaqədar Sərəncamı sizcə hansı zərurətdən qaynaqlanır və bununla dünyaya hansı mesaj verilir?

- Müasir dövr beynəlxalq aləmdə bir sıra siyasi mərkəz və dairələrin, eləcə də bəzi ölkələrin münasibətlərində təlatümlər, ziddiyyətlər, ikili standartlarn hakim kəsildiyi şəraitdə humanist dəyərlərin arxa plana keçməsi heç kəsə sirr deyil. Əfsuslar olsun ki, irqçi təmayüllərin, ksenofobiya və neçə-neçə qeyri-insani yanaşma tərzinin gücləndiyi, hətta, ölüm hökmü kimi mürtəce cəza növlərinin kütləvi tətbiqi ilə diqqəti çəkən dairələr az qalsın Azərbaycana insan hüquqları, yaxud din, mənəviyyat “dərs”i keçməyə çalışırlar. Qeyd olunan neqativ mənzərənin fonunda Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə cənab Prezidentin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir. Bu gerçəkliklər içərisində Azərbaycanın dövlət və cəmiyyət olaraq bəşəri dəyərlərə həssas və humanist münasibətinin müqabilində ölkəmizə qarşı ikili yanaşmalar xeyli dərəcədə qabarıq görünməkdədir. Düşünürəm ki, cənab Prezidentin birbaşa diqqəti və nəzarəti ilə multikultural mühitin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görülən davamlı işlərin sistemlilik və mütəşəkkilliyini artırmaq baxımından bu Sərəncamı ciddi əhəmiyyətə malik təşəbbüs olaraq qeyd etməklə yanaşı, dəyişən, qloballaşan və dəyişdikcə insan amilinə laqeydliyi ilə səciyyələnən dünya ictimaiyyətinə insan amilini, bəşəri dəyərləri bütün fəaliyyətlərin fövqündə tutan Azərbaycan Respublikasının bir mesajı kimi də dəyərləndirə bilərik.

Multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə praktik müstəvidə də özünü göstərir. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynaması daha da aktuallıq kəsb etmişdir. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilməlidir.

- Azərbaycan multikulturalizminin xarakterik cəhətləri, eləcə də onun başqalarının təqdim etdiyi eyniadlı anlayışdan fərqini necə izah edərdiniz?

- Tarixə nəzər salsaq, eyni zamanda müasir dünya reallığına diqqət yetirsək görərik ki, etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi dinc xarakterli olsa belə, heç də həmişə humanist prinsiplər əsasında həyata keçirilmir. Bu gah assimilyasiya, gah da izoliyasiya kimi mürtəce mahiyyətli formalarda təzahür edir. Maraqlı cəhət ondan ibarətdir ki, insan hüquqlarına münasibətdə özünü müasir dünyanın “lokomotiv”i sayan dairələr multikulturalizmi ya inkar, ya da imitasiya etməklə təzadlı mövqe nümayiş etdirirlər. Burada multikulturalizmin mövcudluğunu iddia edən bir sıra ölkələrdəki situasiyanı izləmək insanda gerçəkliyi əks etdirən təsəvvür yaratmaqla yanaşı, Azərbaycan reallığının rasional və obyektiv dərki baxımından da bir çox məqamlara aydınlıq gətirir. Belə ki, bəzi Qərb ölkələrində multikulturalizm kimi təqdim olunan sosial münasibətin Azərbaycanla formaca oxşar cəhətləri sezilsə də, məzmun etibarilə fərqli səciyyə daşıyır. Azərbaycanda minilliklər boyu dinc, yanaşı yaşamış fərqli dil, din və mədəniyyət daşıyıcıları varlıqlarını günümüzədək qorumuş, hazırda isə cəmiyyətdə bu yöndə mövcud olan pozitiv münasibətə çox mühüm çalar – dövlət siyasəti əlavə olunmuşdur ki, bu da respublikamızda multikultural mühitin uğurlu perspektivlərini təmin edir. Lakin Qərb dünyasında təqdim olunan “multikulturalizm” isə həmin ölkələrə sığınmış qaçqın və ümumilikdə gəlmələrə olan hörmət və ehtiramdan deyil, sadəcə “dözümlü” münasibətdən ibarətdir. Təbii ki, həm regional, həm də qlobal miqyasda müxtəlif cəlbedici adlarla öz mədəniyyətlərinin dominantlığını təmin etməyi hədəfləyən, başqa mədəniyyət daşıyıcılarına assimilyasiya obyekti kimi baxan, cismani, yaxud mənəvi əritmək, yox etmək fəaliyyətlərini tarixən və çağdaş dövrümüzdə dövlət siyasətlərində anoloqsuz ənənə halına salmış eqoist təfəkkürlü qüvvələrin imitasiyalarını multikulturalizmi alternativsiz həyat tərzinə çevirmiş Azərbaycanla müqayisə etmək belə özlüyündə qüsurlu görünür.

- Lakin multikulturalizmin hökm sürdüyü Azərbaycan Respublikası nədənsə bir sıra xarici dairələrdə əsassız ittihamlarla üzləşir, ölkəmizdə hansısa dini cərəyanların sıxışdırıldığı iddia edilir.

- Diqqət yetirsəniz, həmin dairələrin müdafiə etdiyi qrupların təbliğatı ölkəmizdə mövcud olan tolerantlıq mühitinə zidd, fərqlilikləri qəbul etməyən, təməl baxışlarında dözümsüzlük dayanan cərəyanları təmsil etdiyi aşkar görünür. Dözümsüzlüyü və başqa inanclara nifrəti aşılayanlara Azərbaycan dövlətinin münasibəti ölkə qanunvericiliyi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların və müqavilələrin müddəaları ilə müəyyənləşir.

- Ölkədə multikultural mühitin qorunması və inkişafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rolu nədən ibarətdir?

- Şübhəsiz ki, bu sahədə Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində davamlı və ardıcıl işlər aparılmaqdadır. Məlumdur ki, Azərbaycan Respublikasında əhalinin 96 faizini müsəlmanlar, qalan həmvətənlərimiz isə digər dinlərin mənsublarını təşkil edirlər. Ölkəmizdə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir - birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Dövlətin konfessiyalara münasibətində də bərabərlik prinsipi mütləq mənada qorunur. Bu prinsipi ölkəmizdə qeydiyyatdan keçməklə fəaliyyət göstərən dini icmaların fəaliyyətinin dəstəklənməsi, onların ictimai həyatın bir parçası kimi cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin görülməsini aydın şəkildə müşahidə etmək olar. Ölkədə 649 dini icma qeydiyyatdan keçmişdir ki, onlardan 24-ü, yaxud 3.7 faizi qeyri-islam təmayüllüdür.

Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli, 892 nömrəli Sərəncamı ilə ayrılmış 2,5 milyon manat məbləğində maliyyə vəsaiti dini maarifləndirmə və mənəvi dəyərləri təbliğ etmə işini daha da gücləndirmək üçün nəzərdə tutulmuşdur. Dövlət Komitəsi dini maarifləndirmə işinə bilavasitə dini icmaların özlərini cəlb edərək, onların öz fəaliyyətlərini müvafiq layihələr çərçivəsində qurmaqla bu prosesin hərəkətverici qüvvəsi kimi çıxış edir. Beləliklə, dini icmalar dövlət vəsaiti ilə reallaşdırılan dini maarifləndirmə işinin obyekti yox, icraçısı kimi çıxış edirlər. Burada bir məqamı da qeyd etmək yerinə düşərdi. 2,5 milyon manat vəsaitdən 400 min manatı qeyri-islam dini icmalarına ayrılmışdır. Nəticədə ölkə əhalisinin 4 faizini, dini icmaların isə 3,7 faizini təşkil edən qeyri-islam dini icmalarına ümumilikdə dini icmalar üçün nəzərdə tutulmuş maliyyə vəsaitinin 16 faizi düşmüşdür ki, bu da göründüyü kimi real proporsional nisbətdən 4 dəfə çoxdur.

Eyni zamanda, dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri işində də fərq qoyulmadan bütün konfessiyalar diqqətdə saxlanılır. Bu istiqamətdə məscidlərlə yanaşı, kilsə və sinoqoqların dövlət vəsaiti hesabına tikilməsini də qeyd edə bilərik.

- Mübariz müəllim, multikulturalizmin Azərbaycan modelinin beynəlxalq arenada perspektivini necə görürsünüz?

-Hesab edirəm ki, bu model bir örnək kimi həm regional müstəvidə, həm də beynəlxalq arenada tətbiq edilməlidir və ümidvaram ki, ediləcəkdir. Çünki bütün dövrlərdə bəşəriyyətin xilası humanizm prinsiplərində olmuşdur. Azərbaycan bir dövlət olaraq multikulturalizm kimi humanist dəyərlərini dünyada təbliğ və öz nümunəsində layiqincə tətbiq edir. İnanıram ki, ölkəmizin multikulturalizm sahəsindəki təcrübəsi qısa zaman ərzində dünya ölkələri üçün nümunəvi örnək olacaqdır.


Teqlər:  





Xəbər lenti