Bakıda təhlükəsizlik gücləndirilir - Facebook təxribatı

Bakıda təhlükəsizlik gücləndirilir - Facebook təxribatı
  14 Yanvar 2016    Oxunub:21823
Son günlər Azərbaycanda sosial şəbəkələrdə təxribat dolu informasiyalar geniş yayılır. Bəzi radikal səhifələr və qruplar guya ölkədə cinayətkarlığın artması haqda informasiyalar, video və şəkillər yayaraq, ictimai rəyi çaşdırmağa, insanlar arasında təşviş yaratmağa çalışırlar.

Qarışıqlıq yaratmağa çalışanlar iddia edirlər ki, guya manatın məzənnəsi dəyişəndən sonra ölkədə kriminogen durum pisləşib. Əslində, bu informasiyaların yayılmasında məqsəd insan arasında təşviş və qorxu yaratmaqdan ibarətdir.

Bu iddiaları guya “sübut” edən foto və videolar paytaxt sakinləri arasında birmənalı qarşılanmayıb. Əksəriyyət bunun təxribat olduğunu dərk etsə də, görüntülər şəhər sakinləri arasında narahatlığa səbəb olub. Bu məqsədlə Bakıda təhlükəsizlik tədbirləri görülür.

AzVision.az-ın məlumatına görə, xalq arasında “novastroyka” kimi tanınan yeni binalarda giriş-çıxışa nəzarət gücləndirilib.

Bir çox binalarda sakinlərin və həmin binalarda yerləşən ofislərdə çalışan işçilərin şəxsiyyət vəsiqələri toplanılır. Məqsəd kənar şəxslərin yaşayış binalarına daxil olmalarının qarşısını almaq və təhlükəsizliyi təmin etməkdir.

Yeni tikililərin demək olar ki, hamısında təhlükəsizlik xidməti 24 saat keşiş çəkir, binaların giriş-çıxışları veb-kameralarla izlənilir.

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) son günlər Bakıda insanları qorxuya salan məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, mənzil oğurluqları ola bilər, amma sosial şəbəkələrdə yayılan məlumatlarda olduğu formada oğurluğun olması faktı qeydə alınmayıb: "Yəni, belə bir şey varsa, vətəndaş şikayət etməlidir. Ümumiyyətlə, vətəndaş qapıdöymə və ya hər hansı üsulla evə girmə bəhanəsi ilə kimdənsə şübhələnirsə, dərhal Daxil İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə zəng vurmalıdır".

E.Zahidov Gürcüstandan Azərbaycana bəzi şəxslərin oğurluq məqsədilə gəlməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Bu məlumatlar yalandır. Əslində, bu məsələni şişirdirlər. Elə bir şey yoxdur. Belə informasiyalar qeyri-ciddidir".

Rüstəm İsmayılov
AzVision.az


Teqlər:  





Xəbər lenti