`Bu vəziyyətdən də çıxacağıq` - Novruz Məmmədov

`Bu vəziyyətdən də çıxacağıq` - Novruz Məmmədov
  14 Yanvar 2016    Oxunub:2373
“Bu gün dünyanı ağuşuna alan iqtisadi böhran Azərbaycana da təsir etməyə bilməzdi. Biz bu vəziyyətdən də çıxacağıq”.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib. N. Məmmədov deyib ki, təlaşa düşmək lazım deyil:

“Dünyada tez-tez müxtəlif təbii fəlakətlər müşahidə edirik. Məsələn, ABŞ-da, Böyük Britaniyada, Rusiyada hər il subasmalar, təbii fəlakət olur, minlərlə ev su altında qalır. Ancaq həmin fəlakətlər zamanı biz əhalidə xüsusi təlaşı müşahidə etmirik. Bu gün mediamızın günün reallıqlarını əhaliyə çatdırması baxımından üzərinə böyük vəzifə düşür. Mediamız da insanlara günün reallıqları çatdırmalı, əhalini maarifləndirməlidir. Azərbaycan bu vəziyyətdən çıxmağa qadirdir, təlaşa düşməyə əsas yoxdur”.

`Hələ Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə atılan addım görmürük. Prezidentlərin görüşündə də irəliyə doğru addım atılmadı` - deyən Novruz Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri irəliyə doğru addım atıldığını bildirməyə çalışsalar da, bu, belə deyil: “Ermənistan münaqişənin həlli ilə bağlı konstruktiv addım atmaq istəmir. Ermənistan düşünməlidir ki, bu, daha çox onlara lazımdır”.

N. Məmmədov qeyd edib ki, həmsədr dövlətlərin də Qarabağ münaqişəsinin həllinə diqqəti yetərincə deyil: “ABŞ prezidenti Barak Obama ölkəsinə və dünyaya müraciətində dedi ki, dünyanın müxtəlif yerlərində olan “qaynar” nöqtələrə xüsusi diqqət yetiririk. Ancaq həmin siyahıda biz yoxuq. Gərginlik nöqtələri çoxdur, yəni sanki bizə növbə hələ gəlib çatmır. Halbuki müstəqillik qazandığımız dövrdə korrekt addımlar atılsaydı, bəlkə də indi dünya belə olmazdı. O vaxt ilk münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Bu münaqişə həllini tapsaydı, digər münaqişələr də olmazdı. Görürsünüz ki, Yaxın Şərq, elə Qafqazın özü bu gün hansı vəziyyətə düşüb”.

N. Məmmədovun sözlərinə görə, ATƏT-də sədrliyi qəbul edən Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olacağını bildirib.



Teqlər:  



Xəbər lenti