Azərbaycanda 16 vəzifəli şəxs rüşvət alarkən tutulub

Azərbaycanda 16 vəzifəli şəxs rüşvət alarkən tutulub
  15 Yanvar 2016    Oxunub:2514
“2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 107 şəxs barəsində 73 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 64 şəxs barəsində 52 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 41 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə, 34 şəxs barəsində 14 iş rüşvət alma ilə bağlı olub”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ildə görülmüş işlərə dair hesabatda deyib.

O, bildirib ki, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi, işçi heyətin yeni kadrlarla komplektləşdirilməsi məqsədi ilə müxtəlif vəzifələrə 45 kadr təyinatı aparılıb.

Onun sözlərinə görə, 2015-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 460 cinayət işinin ibtidai istintaqı aparılıb, bunlardan 145 cinayət işi Baş İdarə rəisi tərəfindən başlanıb, 90 cinayət işi digər işlərdən ayrılmış, 62 cinayət işinin icraatı təzələnib, 47 cinayət işi Baş Prokurorluq vasitəsi ilə aidiyyəti orqanlardan daxil olmaqla icraata qəbul edilib, 116 cinayət işi isə 2014-cü ildən qalıq qalıb.

“Həmin cinayət işləri əsasən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, rüşvət vermə, nüfuz alveri, saxta sənədlərdən istifadə etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və digər faktlarla əlaqədar olub.

Hesabat dövründə 301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanaraq, onlardan 295 şəxs barəsində 200 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib”.

K.Əliyev onu da qeyd edib ki, istintaqı tamamlanmış cinayət işlərindən, ümumilikdə 206 şəxs barəsində barəsində 119 iş Ağır Cinayətlər Məhkəmələrinə, 89 şəxs barəsində 81 iş isə yerli rayon (şəhər) məhkəmələrinə göndərilib.

“2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 107 şəxs barəsində 73 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 64 şəxs barəsində 52 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 41 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə, 34 şəxs barəsində 14 iş rüşvət alma, 13 şəxs barəsində 9 iş rüşvət vermə, 1 şəxs barəsində 1 iş nüfuz alveri, 12 şəxs barəsində 12 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 9 şəxs barəsində 6 iş vəzifə saxtakarlığı, 3 şəxs barəsində 2 iş hədə-qorxu ilə tələb etmə, 1 şəxs barəsində 1 iş qanunsuz sahibkarlıq, 2 şəxs barəsində 1 iş cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və 1 şəxs barəsində 1 iş isə digər faktla əlaqədar olub”.

İdarə rəisi onu da bildirib ki, istintaqı başa çatdırılmış işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədi ilə aidiyyəti müəssisə və təşkilatlara 49 təqdimat verilib, həmin təqdimatlara əsasən bir sıra əməkdaşlar intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib: “2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 165 iş maddi ziyanla əlaqədar olub. Həmin işlər üzrə vurulmuş 143 milyon 883 min manat ziyandan istintaq zamanı 36 milyon 101 min manat və ya 25,1 % ödənilib.
Belə ki, dövlət mülkiyyətinə vurulmuş 27 milyon 561 min manat ziyandan ibtidai araşdırma mərhələsində 4 milyon 805 min manat və ya 17,5 %, xüsusi mülkiyyətə vurulmuş 116 milyon 313 min manat ziyandan ibtidai araşdırma mərhələsində 31 milyon 296 min manat və ya 27,0 %, bələdiyyə mülkiyyətinə dəymiş 9 min 811 manat ziyandan ibtidai araşdırma mərhələsində 900 manat və ya 9,2 % ödənilməsi təmin edilib.

Əməliyyat qurumları tərəfindən 31 şəxs barəsində 27 cinayət işi başlanılınb. Keçirilmiş 14-ü əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 16 vəzifəli şəxs cinayət başında yaxalanıb, araşdırmalar nəticələrinə isə 15 şəxs barəsində 13 cinayət işi başlanılıb”.

K.Əliyevin sözlərinə görə, hesabat dövründə Baş İdarədə 190 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 138 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 51 material üzrə isə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib, 1 material isə aidiyyəti üzrə göndərilib. Bunlardan 23-ü rüşvət, 35-i vəzifədən sui-istifadə, 66-ı dələduzluq, 32-i mənimsəmə, 12-i saxta sənəddən istifadə, 4-ü saxta müflisləşmə, 4-ü qanunsuz sahibkarlıq, 14-ü isə digərləri ilə əlaqədar olunub.

Aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və qeyd olunan qanun pozuntularına şərait yaradan halların gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 22 təqdimat göndərilib.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti