Avropadakı anti-Azərbaycan qrupları toqquşmağa başladı – FAKTLAR

 Avropadakı anti-Azərbaycan qrupları toqquşmağa başladı – FAKTLAR
  15 Yanvar 2016    Oxunub:4584
Azərbaycandan Avropaya “mühacirət” edənlər ilk baxışdan bir qrup kimi görünə bilərlər, amma əslində onların arasında ciddi ziddiyyətlər var. Çünki kim hansı dairəyə işləyirsə, onun marağına da qulluq edir, o maraqlar isə çox vaxt bir-birinə zidd olurlar.

`Meydan TV`-nin ətrafında formalaşdırılan qrup ilə Əli Kərimlinin Avropadakı adamları arasında son vaxtlar ziddiyyətlər yaranıb. Onlar tez-tez bir-birlərini təkzib, tənqid, hətta təhqir edirlər. Azərbaycanın bəzi bölgələrində olan aksiya cəhdləri fonunda bu gərginlik daha aşkar görünməyə başladı.

Rayonlardakı hadisələrlə bağlı təbii ki, “facebook cəngavərləri” dərhal işə düşdülər. Amma belə göründü ki, onlara fərqli təlimatlar gəlib... Siyəzən rayonunda baş verənlər ətrafında isə iki dəstə konkret olaraq toqquşdu və hətta bir-birlərini dezinformasiya yaymaqda ittiham etdilər!

Fransada “mühacirət”də olan “Azdlıq” qəzetinin baş redaktoru Qənimət Zahid sosial şəbəkədəki hesabından məlumat yaydı ki, “Siyəzəndə Daxili Qoşunların atdığı tüstü şaşkaları orta məktəbin həyətinə düşüb. Şagirdlər məktəbdən çıxan məqamda şaşkanın tüstüsündən bir məktəbli zəhərlənərək ölüb”.



Təbii ki, bu hərəkətinə görə Q.Zahidə kəskin iradlar bildirildi. Amma dəli quyuya daş atıb, qaçan sayaq Q. Zahid də ortaya yalan bir məlumat ataraq, yoxa çıxdı.



Ən maraqlısı isə budur ki, iki dezinformator bir-birini dezinformasiya yaymaqda ittiham etməyə başladı. Q.Zahidin dezosunun yayılmasının ardından cəmi 8 dəqiqə sonra digər anti-Azərbaycan qrupunun təmsilçisi Həbib Müntəzir məlumatı təkzib etdi: “Siyəzən‬də ölüm-itim yoxdur, heç kim də özünü yandırmayıb. Yalandır, müxalifətçi də olsa, lap atam da olsa, yazsa inanmayın. Dezobazları tanıyın”.



Təsəvvür edirsinizmi: Həbib Müntəzir Azərbaycanın əleyhinə olan, ölkəni pisləyən məlumatı təkzib edir. Bu, sadəcə olaraq, inanılmazdır. Çünki onun işi-gücü, Azərbaycanı nə yolla olursa-olsun, qaralamaqdır. Missiyası budur, çörəyi bundan çıxır. Elə isə, xeyir ola?

Beləliklə, kartlar açıldı: Avropadakı iki anti-Azərbaycan qrupu savaş vəziyyətindədir!

Bəs prinsipcə eyni məqsədə xidmət edən bu iki qrupun bir-birini dezinformatorluqda ittiham etməsi, vurması nə ilə əlaqədardır? Bizdə olan məlumata görə, bu, onların işlədikləri mərkəzlərin arasındakı qarşıdurmanın “aşağılar”da təzahür etməsidir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti