Bakıda şagirdlərə telefon qadağası qoyuldu
AzVision.az-ın əldə etdiyi məlumata görə, məlum hadisədən sonra bəzi paytaxt məktəblərində rəhbərlik tərəfindən valideynlərə şagirdlərin məktəbə mobil telefonla gəlməməsi haqda xəbərdarlıq edilib.
Bildirilib ki, dərs zamanı telefon işlədən şagirdlər sərt şəkildə cəzalandırılacaq.
Təhsil Nazirliyində isə bildirilib ki, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi tövsiyə olunmur.
Qeyd edək ki, bir neçə gün öncə Sumqayıt şəhər 22 saylı tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar məktəbin tarix müəllimi İdris Hüseynov işdən çıxarılıb.
Nazirlikdən bildirilib ki, İdris Hüseynov “Təhsil haqqında” Azərbaycan Respublikası qanununun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edib, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib.
Xatırladaq ki, İdris Hüseynovun şagirdi döyməsini əks etdirən video şagirdlər tərəfindən telefona çəkilərək internetə yerləşdirilib. Bu hadisə günlərdir sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Rüstəm İsmayılov







Vaxtında, Aydın, Lazımlı!


