`Ölkədə ciddi istalahlar aparılacaq` - Deputat anons verdi
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. Deputat hesab edir ki, hazırki iqtisadi durumda bir-birini təkrarlayan qurumların ləğv edilməsi müsbət addım kimi qiymətləndirilməlidir.
“Bir-birini təkrarlayan strukturlar dövlətə, büdcəyə yük olmaqla yanaşı optimal iş görə bilmirlər. Buna görə də islahatların aparılması, kadr potensialının sağlamlaşdırılması, gənclərşdirilməsi, müasir düşüncəli kadrların irəli çəkilməsi, effektli işləməyən idarə və təşkilatların ləğv edilməsi, birləşdirilməsi vacibdir. Eyni zamanda “ASAN Xidmət”in təcrübəsindən istifadə edərək başqa sahələrdə də elektron idarəetmənin gücləndirmək və məmur-vətəndaş təmasını azaltmaq həm idarəetməni rahatlaşdırır, həm də vətəndaşlara xidmətin keyfiyyətini yüksəldir. Bununla yanaşı əlavə büdcə xərclərinə və əlavə itkilərə yol verilmir”.
Deputatın fikrincə, inkişaf etmiş ölkələrdə dövlət sektorunda işləyən insanların sayı özəl sektorda işləyənlərdən azdır: “Azərbaycanda muzdla işləyənlərin ən azı 80 faizi dövlət sektorunda və ya büdcədən maliyyələşən təşkilatlarda işləyir. Bu, doğru deyil və büdcəni qeyri-səmərəli əmək haqqı ilə yükləməkdir. Büdcə Azərbaycan vətəndaşlarının ödədiyi verginin, rüsumların hesabına formalaşır. Cənab prezidentin müşavirədə qaldırdığı məsələ olduqca doğrudur və qeyri-neft dövrünün tələblərinə uyğundur. Bundan sonraki islahatları da görəcəyik. Ola bilər ki, müəyyən nazirliklər birləşsin, bəzirləri ləğv olunsun. Müəyyən dövlət şirkətləri ləğv oluna bilər.
Bəzi xidmətlərin özəl sektora verilməsi də gözləniləndir. Hökumətin müvafiq strukturları bu barədə öz təkliflərini verməlidir. Bunların hamısı idarəetmənin asanlaşmasına və büdcə xərclərinin optimallaşmasına yönəlməlidir. Yaxın günlərdə yeni struktur islahatlarının şahidi olacayıq”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


