Penitensiar Xidmət: `Etiraz xəbərləri yalandır`

Penitensiar Xidmət: `Etiraz xəbərləri yalandır`
  16 Yanvar 2016    Oxunub:2745
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisələrində etirazların olması barədə yayılan informasiyalara münasibət bildirib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib ki, son günlərdə bir sıra kütləvi informasiya vasitələrində Penitensiar Xidmətin tabe qurumlarında məhkumların sosial-məişət şəraitinin gərgin olması, o cümlədən ayrı-ayrı müəssisələrdə etirazların baş verməsi kimi həqiqətdən tamamilə uzaq məlumatlar yer alıb: “Xidmətin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında maddi-məişət şəraiti, o cümlədən qida rasionu qanunvericiliyin tələblərinə uyğundur vә lazım olan səviyyədədir. Müəssisələrin qış mövsümünə hazırlığı ilə bağlı bütün zəruri tədbirlər vaxtında görülüb, xüsusi kontingentin saxlanılması, qidalanması, istiliyin təmin edilməsi, su, qaz, işıq təminatı ilə bağlı heç bir çətinlik yaşanmır. Xüsusi kontingentin yaşayış təminatı ilə bağlı bütün ərzaq, geyim və digər sosial xidmətlər dövlət xərcləri hesabına həyata keçirilir”.

Məlumatda bildirilir ki, məhbusların saxlanması, qidalanması, asudə vaxtlarının səmərəli keçirilməsi və cəza-icra qanunvericiliyində nəzərdə tutulan digər hüquqlardan tam istifadə etmələri Azərbaycan Prezidentinin 06.02.2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” nın icrası ilə bağlı dəfələrlə yaxşılaşıb: “Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən mənfur qüvvələr ayrı-ayrı regionlarda bir qrup həmfikirlərinin iştirakı ilə təşkil etdikləri qanunsuz aksiyalar fonunda, mənafelərinə xidmət edən bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin aksiyaların miqyasını və təsirini genişləndirməyə səy göstərirlər. Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən İstintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qohumlarının və ictimaiyyətin nəzərinə çatdırılır ki, təqsirləndirilən şəxslərin və məhkumların hüquqları və qanuni mənafeyi dövlətimizin cəza-icra siyasətinə uyğun olaraq bütün sahələrdə tam qorunur”.

AzVision.az


Teqlər:





Xəbər lenti