Prezident iki səfirin etimadnaməsini qəbul edib

Prezident iki səfirin etimadnaməsini qəbul edib
  18 Yanvar 2016    Oxunub:1476
Azərbaycan prezidenti İlham Əliyev Sloveniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Yukiçin etimadnaməsini qəbul edib.
AzVision.az - ın məlumatına görə, səfir İ. Yukiç fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

Azərbaycanla Sloveniyanın müxtəlif sahələrdə yaxşı əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında qarşılıqlı siyasi əlaqələrin uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin iqtisadiyyatının müxtəlif sektorlarında çalışan Sloveniya şirkətlərinin və Sloveniyada çalışan Azərbaycan şirkətlərinin işindən danışan dövlət başçısı onların fəaliyyətlərinin daha da genişləndirilməsi üçün səmərəli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini bildirib. Səfir İqor Yukiçin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev ona işində müvəffəqiyyətlər arzulayıb.

Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan İ. Yukiç isə əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Diplomat hər iki ölkənin biznes nümayəndələrinin gələcəkdə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyib. Sloveniyalı səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ölkələrimiz arasına ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafındakı rolu xüsusi vurğulanıb.

Eyni zamanda Prezident İlham Əliyev yanvarın 18-də İsveçin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersmanın etimadnaməsini qəbul edib. Səfir İnqrid Tersman fəxri qarovul dəstəsinin qarşısından keçib. İnqrid Tersman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan-İsveç əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd etdi və bunun üçün yaxşı potensialın olduğunu dedi. Prezident İlham Əliyev iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün biznes nümayəndələri arasında əlaqələrin artırılmasının, bu sahədə yeni imkanların araşdırılmasının önəmini də vurğuladı. Azərbaycanın yerləşdiyi regionda müəyyən iqtisadi çətinliklərin, eləcə də Avropada bəzi problemlərin müşahidə olunduğunu qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin regional əməkdaşlığın gücləndirilməsi işinə də töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin ikitərəfli münasibətlərimizin gündəliyində saxlanmasının vacibliyini qeyd etdi. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir İnqrid Tersman İsveçin Kralı Əlahəzrət XVI Karl Qustavın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə mövcud dialoqu genişləndirmək niyyətində olduğunu dedi. İnqrid Tersman ölkələrimizin regional inkişaf və təhlükəsizlik, miqrasiya və mədəniyyət, o cümlədən beynəlxalq məsələlərlə yanaşı, bir çox sahələrdə də ümumi mövqeyə malik olduğunu qeyd etdi. İqtisadi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən səfir bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini bildirdi. İnqrid Tersman ölkələrimiz arasında ikitərəfli əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsində xüsusi rol oynadığını dedi. Səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Prezident İlham Əliyev Kral Əlahəzrət XVI Karl Qustavın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İsveçin Kralına çatdırmağı xahiş etdi.


Teqlər:  



Xəbər lenti