Davosun Azərbaycan üçün əhəmiyyəti nədir?

Davosun Azərbaycan üçün əhəmiyyəti nədir?
  19 Yanvar 2016    Oxunub:4105
Azərbaycan prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində işə başlayacaq Dünya İqtisadi Forumunda iştirak edəcək.

Forumda Azərbaycan prezidenti ilə yanaşı ABŞ vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun, Kanada baş naziri Jastin Trudeaunun, İran xarici işlər naziri Cavad Zərifin, Yunanıstan baş naziri Aleksis Tsiprasın və digər dövlət rəsmilərinin də iştirakı təsdiqlənib. Habelə Türkiyənin baş naziri Əhməd Davudoğlunun Davosa gedəcəyi gözlənilir.

Dünyada iqtisadi böhranın höküm sürdüyü dövrdə forumun Azərbaycan üçün əhəmiyyəti nədir?



İqtisadçı alim Vüqar Bayramov hesab edir ki, Davos İqtisadi Forumuna iqtisadi platforma kimi baxmaq lazımdır. Onun sözlərinə görə, forum ölkəmiz üçün yeni şans ola bilər: “Bu forum imkan verir ki, dünanın aparıcı lideri və iş adamları bir araya gəlsin. Burada müzakirələr, ölkənin təqdimatı, investisiyaların hərəkəti baxımından olduqca vacibdir”.

V. Bayramov düşünür ki, bu il keçiriləcək forum Azərbaycan üçün olduqca vacibdir: “Neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda Azərbaycanın xarici investisiyaya ciddi ehtiyacı var. Ölkə başçısı keçirdiyi son müşavirələrdə xarici investisiyanın cəlb olunması ilə bağlı tapşırıq verib və bəzi dövlət müəssisələrinin özəlləşdirilməsinə start verilib. Bu baxımdan xarici investorların ölkəyə cəlb olunması aktual və gözləniləndir. Hesab edirəm ki, Davos Forumunda iştirak edəcək Azərbaycan nümayəndə heyəti xarici investisiyanın cəlbi ilə bağlı iri şirkətlərlə danışıqlar aparacaq”.



Politoloq Arzu Nağıyev hesab edir ki, prezident İlham Əliyevin Davos forumunda iştirakı ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir.

A.Nağıyev vurğulayıb ki, forumda Azərbaycan iqtidisadiyyatına yatırım qoya biləcək dövlət və şirkətlərlə fikir mübadiləsi aparılacaq.

“Azərbaycana investorlar cəlb etmək istiqamətində müəyyən addımlar atıla bilər və Davos Forumu bunun üçün məxsusi bir imkandır. Neftin qiymətinin kəskin sürətdə azalmasına baxmayaraq, ölkəmiz xarici şirkətlərin və iş adamlarının marağını kəsb edə bilər. Bu baxımdan prezident İlham Əliyev Davosda müvafiq görüşlər keçirəcək”.

A.Nağıyev əlavə edib ii, qeyri-neft sektorunun inkişafına təsir edə biləcək layihələrlə bağlı Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar aça bilər: “Bu, istər kənd təsərrüfatının, istər turizm sektorunun, istərsə də digər sahələrin inkişafı üçün vacibdir. Düşünürəm ki, qeyd etdiyimiz sahələrdə ölkəmizə yeni investorların cəlb edilməsi reallaşa bilər. Bu baxımndan forum çərçivəsində danışıqların aparılması vacib məsələdir”.

Qeyd edək ki, dünyanın ən böyük iqtisadi forumlarından olan Davos Forumunun ilk iclası 1971-ci ildə keçirilib. Həmin forumda Avropadan və dünyadan 1000-dən çox iri iş adamı iştirak edib. Forumun təsisçisi isveçrəli professor Klaus Şvabdur.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti