İqtisadiyyat Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin
AzVision.az-a daxil olan birgə məlumatında bildirilir ki, Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı Bərdə rayonunda yerləşən “Bərdə Çörək” MMC-nin vəzifəli şəxsi - mağaza müdiri İlqar Həsənov və Mingəçevirdə yerləşən “Kür-Çörək” ASC-nin sədri Rövşən Hacıyev tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, çörəyin qiymətini gizli artırmaq məqsədilə 1-ci və 2-ci növ buğda unundan hazırlanan çörəyin hazırlanması zamanı mövcud standartların tələblərinə əməl edilməyərək çörəyin çəkisinin azaldılmaqla vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarına şübhələr üçün əsaslar olduğundan təqdim edilən materiallar əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işləri başlanıb, İ.Həsənov və R.Hacıyev şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilərək təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edir. Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə edilir.
AzVision.az