Bütün əmanətlər tam sığortalanacaq

Bütün əmanətlər tam sığortalanacaq
  19 Yanvar 2016    Oxunub:2038
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunu layihəsi müzakirəyə çıxarılıb.

AzVision.az-ın məlumatına görə, qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir.

Qanuna əsasən qorunan əmanətin tam sığortalanması mümkün olacaq.

Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır.

Bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda, həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək istədikdə, onların müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq, müvafiq dəyişikliklər edilməlidir.

Müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.

Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə bu Qanuna uyğun olaraq sığortalanmamış əmanətlər üzrə kompensasiyalar "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada ödənilir.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti