Xalqın `yanı` hardadır?

Xalqın `yanı` hardadır?
  19 Yanvar 2016    Oxunub:18584
Vüsal Məmmədov

Sosial şəbəkədə indiyə qədər görünməmiş bir aqressiya müşahidə olunmaqdadır. Kütlə söyüş və nifrət istəyir; kim söyür və nifrət yağdırırsa, qəhrəmana çevrilir - adı da bu olur ki, “xalqın yanındadır”, təmkinə və ümidli olmağa çağıranları, nikbinliyə səsləyənləri isə virtual linç edirlər.


İlk baxışdan çox qəribədir: vəziyyəti daha da pisləşdirməyə çalışanlar yaxşı iş görmüş sayılırlar. Niyə?

`Xilaskar paradoksu` adlanan maraqlı bir fenomen var. Sadə dildə izah etməyə çalışım. Tutaq ki, mən yanınızda ola-ola siz içib, sükan arxasına oturdunuz və ağır qəza törətdiniz. Yanınızda olan mən dərhal sizə ilk yardım göstərirəm, xəstəxanaya çatdırıram, həyatınızı xilas edirəm və oluram qəhrəman. İkinci variantda isə mən sizi əvvəldən içməyə qoymuram. Oluram duzsuz, maraqsız biri. Sizi içməyə qoymadığım üçün qəza da törətmirsiniz və təbii ki, mən də sizi xilas etmirəm, buna görə qəhrəman da olmuram.

Paradoks bundadır: təhlükənin qarşısını əvvəlcədən alan adamlar `xilaskar` sayılmırlar, çünki təhlükə baş verməyib. Müasir dövrün məşhur alimlərindən olan Nassem Nikolas Taleb “Qara sona” (Black Swan) əsərində maraqlı misal gətirir: Əgər kimsə bir neçə ay əvvəldən 11 sentyabr faciəsinin qarşısını alsaydı, o, “11 sentyabr faciəsinin qarşısını alan adam” kimi tanınmayacaqdı, çünki biz, ümumiyyətlə, bilməyəcəkdik ki, 11 sentyabr faciəsi nədir.

Sosial şəbəkələrdə buna oxşar, amma bundan daha qorxulu bir sxem işləyir.
Məsələn, sən insanları küçəyə çıxmağa, polislə dirəşməyə çağırsan, bunun heç bir yaxşı nəticəsi olmayacaq, pis nəticələri isə həddindən artıq çoxdur. Bu pis nəticələr ayrı-ayrı şəxslərin zədə almasından tutmuş, ölkədə sabitliyin pozulması kimi dəhşətli hala qədər müxtəlif formalarda meydana çıxa bilər.

Tutaq ki, sən insanları etiraza səslədin, bunun üçün emosional-patetik fikirlər yazdın, bir cavan oğlan da – məsələn, Məmməd,- sənə uyub, polisə hücum çəkdi və nəticədə başı yarıldı. Buna baxmayaraq, sən qəhrəman sayılırsan.

İkinci halda isə tutaq ki, sən Məmmədi və onun kimi başqalarını küçəyə çıxmamağa, polislə dirəşməməyə inandıra bildin; onlar da etiraz keçirmədilər, xaos yaratmadılar, dövlət rahat şəkildə islahatlarını həyata keçirdi, bir müddətdən sonra ortaya yaxşı nəticələr çıxdı, Məmmədin də başı yarılmadı. Buna baxmayaraq, sən olursan satqın, yaltaq, xain, sabun, şampun və digər təmizlik vasitələri.

İkinci halda heç kim sənə “sağ ol” deməyəcək, heç kim başa düşməyəcək ki, etdiyin nə qədər önəmlidir. “Xilaskar paradoksu” bütün ağırlığı ilə sənin başında çatlayacaq, amma variant yoxdur - çünki əslində `xalqın yanı` elə oradır, gediləsi başqa yer yoxdur.

“Onlara böyük sarsıntılar lazımdır, bizə isə böyük Rusiya” – Pyotr Stolıpinin 1907-ci ildə dediyi sözlər indi Azərbaycanda çox yerinə düşür. Hazırda qaragüruhun qəhrəmanı olmaq istəyənlər üçün ideal məqamdır. Manatla məzələn, neftlə mırt tut, hakimiyyətə sataş, 3-4 nəfəri də söy, vəssalam – sosial şəbəkə səni öz qəhrəmanı seçəcək. Fikir verirəm, çoxları zədəli eqosunu sağaltmaq üçün buna gedirlər. Özünü təsdiqləməyin ən asan yolu ağır mövzularla mırtlaşmaq və söyməkdir – bunu etdinmi, olursan “cool” oğlan. Hamı ata bildiyinə daş atmaqla öz `ulduz saatı`nı yaşamaq istəyir. Amma bu zaman ortaya çox təhlükəli bir reallıq çıxır. Nədir o? Entropiya, cənablar!

Termodinamikanın bu qanunu təkcə təbiətdə yox, cəmiyyətdə də işləyir. Entropiya prinsipinə görə, əlavə enerji sərf olunmasa, sabit sistemlər zaman keçdikcə xaosa meyillənirlər, amma əksinə proses mümkün deyil. Çünki hərəkət həmişə ən az müqavimət istiqamətində olur. Ona görə su yuxarıya yox, aşağıya axır; ona görə yerə düşən yarpaq çürüyüb torpağa qarışa bilər, amma torpaqdakı çürüntülər birləşib yarpaq ola bilməzlər. Və ona görə, bütün sistemləri təbii axınına buraxsan, sabitliyə yox, xaosa üz tutacaq. Bu üzdən, istər sosial şəbəkə, istərsə də real həyatda sabitliyi qorumaq üçün mütləq əlavə enerji tətbiq olunmalıdır.

Entropiya prinsipinin cəmiyyətdə necə işlədiyini biz “ərəb baharı”nda gördük. Facebook və Twitter-də çağırışlar etməklə xaosu asanlıqla artırmaq oldu, amma indi bütün suriyalılar, liviyalılar, misirlilər yığışıb nə qədər gözəl statuslar yazsalar belə, əvvəlki vəziyyəti bərpa etmək mümkün deyil. Çünki çürüntülər təzədən birləşib yarpaq olmur, bu, entropiya prinsipinə ziddir; xaosu sabitliyə qaytarmaq üçün qat-qat artıq enerji tələb olunur.

Bəzən bizi ittiham edirlər: niyə filan rayonda aksiya xəbərini vermədiniz? Bax, elə buna görə. Bir dəstə insan narazılığını ifadə etmək üçün küçəyə toplaşıb, sonra evinə dağılışa bilər, heç nə olmaz; amma bundan ölkə miqyaslı hadisə düzəltmək xaosun daxılına qəpik atmaq deməkdir. İndi ehtirasları qızışdırmaq hamıya ancaq ziyan gətirə bilər: dövlətə də, küçəyə çıxan Məmmədə də. Əgər məsələ dövlət ilə Məmmədin arasında həll olunmalıdırsa, belə də olacaq və proses gedir də, amma Məmmədi küçəyə çıxarmaq yalnız üçüncü tərəfə lazımdır. Və həmin üçüncü tərəf bu zaman dövlətin də ziyanına işləyir, Məmmədin də, di gəl ki, yazıq Məmməd hələ bunu anlamır. Buna görə də onu qızışdırıb etiraza səsləyənləri `qəhrəman`, dövlətə dəstək olmağa çağıranı isə `satqın` sayır. Bu, əvvəldə bəhs etdiyimiz “xilaskar paradoksu”nun konkret Məmmədin timsalında reallaşmasıdır. Amma nə edək, Məmməddir də...


Teqlər:  





Xəbər lenti