Bakı Limanında 20 Yanvar şəhidləri anılıb

Bakı Limanında 20 Yanvar şəhidləri anılıb
  19 Yanvar 2016    Oxunub:4080
Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC 1990-cı il 20 yanvar faciəsi zamanı həyatlarını itirən soydaşlarımızın xatirəsinə və faciə zamanı həqiqətləri dünyaya çatdırmaq üçün öz həyatlarını təhlükəyə atan qəhrəman dənizçilərə təşəkkür etmək üçün tədbir keçirib.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və faciə qurbanlarının bir dəqiqəlik sükutla anılması ilə başlanan tədbir Bakı Limanının baş direktoru Taleh Ziyadovun nitqi ilə davam edib. Qonaqları salamlayan baş direktor xalqımızın yaddaşına qanla yazılmış bu günün, bütövlükdə müasir tariximizin ən şanlı qəhrəmanlıq səhifələrindən biri olduğunu vurğulayıb.

“Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş bu qətliam xalqımızın mübarizə əzmini qırmamış, əksinə müstəqillik ideyası ətrafında həmrəy olmağımızda böyük rol oynamışdır,” deyə Taleh Ziyadov bildirib.

Daha sonra, T. Ziyadov faciə zamanı informasiya blokadasında olan ölkənin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə öz həyatlarını təhlükəyə atan qəhrəman dənizçilərin fədakarlığından danışıb. Belə ki, 1990-cı il 19 yanvardan 20 yanvara keçən o qanlı şənbə günündə Bakı Limanında yan alan 120-dək gəmi SOS siqnalları vasitəsi ilə şəhərdəki qığına etiraz etmiş və soydaşlarımızla həmrəyliklərini nümayiş etdiriblər.

Həmin hadisələrin canlı şahidləri olan gəmi kapitanlarına üzünü tutan T.Ziyadov Bakı Limanı adından onlara təşəkkür edib: “Sizlərin qəhrəmanlıqlarını öyrənmək, sizin şücaətinizi örnək nümunəsi kimi təbliğ etmək müasir Azərbaycan və gənclərimiz üçün böyük önəm kəsb edir. Göstərdiyiniz hünər və qəhrəmanlıq bizim qürur mənbəyimizdir,” deyə T. Ziyadov əlavə edib.

Hadisənin iştirakçısı və canlı şahidi kapitan Hidayət Atakişiyev çıxış edib və öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra tədbir iştirakçıları qəhrəman dənizçilərin xatirələri və o gecə gördüyü işlərdən bəhs edən “Gəmilərin etirazı” adlı sənədli filmə baxıblar.

Film nümayişindən sonra tədbir Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Cahangir Cahangirov adına xor kollektivinin ifasında “Bayatı Şiraz” muğamı ilə davam edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti