Milyarder Neftçalaya gəldi - `Heç kim işdən çıxarılmayacaq`
İ.Xəlilov yod zavodunun işçiləri ilə söhbət edib. Hazırda dünya bazarlarında yodun qiymətinin kəskin aşağı düşməsi nəticəsində müəssisə böhranlı günlərini yaşayır. İ.Xəlilov zavodun istehsal sahələrini də gəzib. Milyarder zavodun rəhbərliyinə göstəriş verib ki, mövcud mürəkkəb vəziyyətə baxmayaraq müəssisənin 250 işçisindən bir nəfəri də işdən azad etməsin.
"Azəryod" ASC texniki və kristallaşmış yod istehsal edir. Hazırda ildə 400 ton yod buraxır, bu isə ölkənin yoda tələbatından 25 dəfə çoxdur. Zavodun baş direktoru İ.Xəlilovun qohumu Rəşad Xəlilovdur. Son illər bu müəssisənin işə düşməsindən sonra Neftçalada yod istehsalı xeyli artıb. Azərbaycanda yod-bromlu su quyuları ancaq Neftçaladadır. Rayon ərazisində 110 belə quyu var, onlardan 77-i istismar olunur. İstehsal gücünə görə Neftçala yod zavodu MDB-də birinci, dünyada üçüncüdür.
2 il əvvəl dünya bazarında 1 ton yod 30 min ABŞ dollarından baha satılsa da, hazırda qiymət 2-3 dəfə aşağı düşüb , istehsal olunmuş məhsulu satmaq problemi yaranıb.







Vaxtında, Aydın, Lazımlı!


