Leyla Əliyeva Bakının gözəlliyindən yazdı

Leyla Əliyeva Bakının gözəlliyindən yazdı
  05 İyul 2013    Oxunub:1508
"Bakının obrazı əsrlər boyu formalaşıb. Bu şəhəri müxtəlif ifadələrlə tərənnüm edirlər - Böyük İpək Yolu üzərində unikal bir guşə, neft Klondaykı, küləklər şəhəri, Odlar Yurdunun paytaxtı ... Bakı ilə bağlı müqayisələr, assosiasiyalar, metaforlar, mahnılar və şeirlər o qədər çoxdur ki, onların xüsusi lüğətini yaratmaq barədə düşünməyə dəyər".
Bu sözlər baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan "Baku" jurnalının yeni nömrəsində nəşrin redaktorunun məqaləsindən götürülüb.

Ənənəyə görə jurnalın hər bir nömrəsində baş redaktor oxuculara müraciət edir, müxtəlif mövzulara toxunur, xatirə və təəssüratlarını bölüşür, doğma və gözəl Bakımız haqqında söhbət açır, onun tarixinə müraciət edir, Bakının sakinləri, onların adət-ənənələri və qonaqpərvərliyi barədə fəxrlə danışır. Bu baxımdan, jurnalın yeni nömrəsi də istisna deyildir. Baş redaktorun "Naxışlar" sərlövhəli məqaləsində vətənimizin paytaxtının bugünkü simasından söhbət açılır. Vurğulanır ki, şəhərin görkəmi dəyişdikcə burada yeni infrastruktur, memarlıq əsərləri, yeni obrazlar yaranır. Leyla Əliyevanın fikrincə, həmin obrazlardan biri belədir: "Bakı yeni-yeni yaradıcı insanları cəlb edən nəhayətsiz bir sənət məkanıdır. Onun qapıları quruculuq eşqi ilə yaşayan hər kəsin üzünə açıqdır".

"Baku" jurnalının baş redaktoru belə hesab edir ki, Bakıda bir-birini heyrətamiz şəkildə tamamlayan çoxsaylı və çoxvektorlu amillər tamamilə yeni bir sənət mühiti yaratmışdır. Burada incəsənət sahəsində çox cəsarətli layihələr həyata keçirilir. Leyla Əliyeva yazır: "Biz Müasir İncəsənət Muzeyində "məskən salmağa", YAY qəbilindən olan qalereyalara vərdiş etməyə macal tapmamış yeni kreativ layihələr burulğanı bizi cəlb etdi. Belə layihələrdən biri metanol istehsal edən zavodda "Külək ərazisi" adlanan heykəltəraşlıq muzeyidir".

Leyla Əliyeva "Naxışlar" mövzusunda Azərbaycan ekspozisiyasının təqdim edildiyi 55-ci Venetsiya biennalesindən söhbət açaraq, xatırladır ki, bu ekspozisiya müasir Azərbaycanın bədii mühiti ilə xalqımızın zəngin mədəni ənənələri, Qobustan qayaüstü rəsmləri, qədim xalça naxışları arasında dərin əlaqə olmasını vurğulayır. Leyla Əliyeva yazır: "Yaradıcılıq, xüsusən bədii ənənələr çox güclü olduğu Bakı kimi şəhərdə heç vaxt həddən artıq olmur. Bu ecazkar şəhər həmişə öz fərdiliyini qoruyub saxlamaqla bərabər, qeyri-adi məqamları qəbul etmək xüsusiyyəti ilə fərqlənib".

Heydər Əliyev Fondunun art-eksperti Emin Məmmədov "Dəhşətlər otağından kölgələr səltənətinə" və "Silahımız sevgidir" sərlövhəli reportajlarında 55-ci Venetsiya müasir incəsənət biennalesində Azərbaycan pavilyonunda təqdim edilmiş və "Оrnamentation" və "Love me/Love me not" adlı iki layihədən söhbət açır.

"Dünyəvi xronika" rubrikasında oxucular çoxsaylı fotoşəkillər vasitəsilə Avstriyanın paytaxtı Vyanada keçirilmiş "Bakıya uçuş" mövzusunda müasir Azərbaycan incəsənət sərgisi və "Baku" jurnalının ingilisdilli versiyasının London, Paris, Berlin, Moskva və Romadan sonra Venetsiyada təqdimat mərasimi barədə məlumat verilir, bildirilir ki, həmin mərasimlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin oğlu Fərəc Qarayev "Musiqi yazıçısı" adlı məqaləsində atası barədə xatirələrini oxucularla bölüşür. Jurnalda bu ilin aprel ayında Bakıda keçirilmiş Qara Qarayev adına V beynəlxalq müasir musiqi festivalı və görkəmli Azərbaycan bəstəkarının 95 illiyi şərəfinə Moskva Konservatoriyasının böyük zalında təşkil edilmiş təntənəli gecə barədə məlumat verilir.

İtaliyalı jurnalist Adamo Antonelli məxsusi olaraq "Baku" jurnalı üçün yazdığı məqalədə "Tur Azerbaijan" beynəlxalq veloyürüşü, habelə müəllifin İsmayıllı, Qəbələ, Şəki və Pirqulu barədə təəssüratları öz əksini tapıb.

"Bura Azərbaycandır" adlı məqalənin müəllifləri doşab ilə ipək arasında tarixi əlaqələrdən söhbət açaraq, əminliklə bildirirlər ki, hər gün doşab yeyən adamlar azı 100 il yaşayırlar.

Jurnalın üz qabığında rusiyalı məşhur müğənni Alsunun fotoşəkli diqqəti cəlb edir. "Kəsişmə nöqtələri" rubrikasında oxucular Alsunun "Bakıda ad günü" sərlövhəli müsahibəsi ilə tanış ola bilərlər. Alsu Azərbaycan paytaxtından aldığı təəssüratları bölüşərək deyir: "Bakının füsunkar gecələri məni heyran etdi. Təsadüfi deyil ki, Bakını işıqlar şəhəri adlandırırlar". Müğənni "Baku" jurnalına verdiyi müsahibədə öz yaradıcılığı barədə də məlumat verir.

"Səyahətlər" rubrikasında "Bizim dördayaqlı dostlarımız" və "Fotoqraf "ovçu"nun Hindistan, Çili, İtaliya, Keniya, Norveç və Azərbaycanda ən yaxşı qənimətləri", "Moda" rubrikasında "Abşeronda mayak" layihəsi, "Bakılılıq" rubrikasında "Baskva" hekayəsi və bir sıra başqa məqalələr yəqin ki, "Baku" jurnalının pərəstişkarlarının diqqətindən yayınmayacaq.(AzərTac)


Teqlər:  





Xəbər lenti