Xəzərin statusu müzakirə ediləcək– Tərəflər nə istəyir?

Xəzərin statusu müzakirə ediləcək– Tərəflər nə istəyir?
  20 Yanvar 2016    Oxunub:1904
Yanvarın 27-28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzərin hüquqi statusuna dair Xəzəryanı dövlətlərin rəsmilərindən ibarət işçi qrupun iclası keçiriləcək.
Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib. Onun sözlərinə görə, Aşqabadda keçirilən görüşdə Xəzərlə bağlı açıq qalan bütün məsələlər razılaşdırılarsa, bu ilin sonunda Astanada (Qazaxıstan) Xəzər sammiti keçirilə bilər. Nazir müavini əlavə edib ki, bu məsələ ilə bağlı əsas fikir ayrılığı Xəzərin dibinin bölüşdürülməsi və gəmiçiliklə bağlıdır.

X. Xələfov Astana sammiti öncəsi bu ilin birinci və ya ikinci rübündə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini də deyib: `Görüşlərdə növbəti Xəzər sammitinin gündəliyində olan məsələlərin müzakirəsi də istisna olunmur. Bəzi razılaşdırılmamış məsələlər var. Bu məsələlərin üzərində iş aparılacaq. Eyni zamanda bu ilin 1-ci və ya 2-ci rübündə xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu isə gündəlikdən və məsələlərin xarakterindən asılıdır. Görüşlər və razılaşmalar imkan versə ki, sammitə hazırlığa start verilsin, bu işə başlanacaq.

Görüşlərin hamısının son məqsədi sammitin keçirilməsi və vacib qərarların verilməsidir. Həştərxanda keçirilən ötən Xəzər sammitində bəzi nümayəndə heyətlərinin rəhbərləri bildirdilər ki, ola bilsin, Astana sammitində Xəzərin hüquq statusu razılaşdırılsın. Bütün nümayəndə heyətlərinin bu istiqamətdə istəyi var və səylər göstərirlər. Sammitin keçirilməsi işçi qrupun işindən və nazirlər konfransında prinsipial məsələlər üzrə yekun qərarların qəbulundan asılıdır. Ola bilsin bir və ya iki məsələ sammitə qalsın və elə sammit çərçivəsində həllini tapsın".

X. Xələfov razılaşdırılmamış məsələlərə də aydınlıq gətirib: "Bölgü məsələləri var. Həştərxan sammitində dövlət başçıları qərara gəldilər ki, 15 mil enində suverenlik, 10 mil enində balıqçılıq zonası müəyyən olunur. Qalan su səthi ümumi istifadədə olan su səthi sayılacaq. Bununla yanaşı, digər fəaliyyət növləri - elmi tədqiqat işlərinin aparılması, gəmiçilik, hərbi gəmiçilik, hərbi fəaliyyət, hərbi siyasi təhlükəsizlik, ticarət məsələləri var.

Bunların bəziləri prinsip baxımından razılaşdırılıb, bəziləri diskussiya çərçivəsindədir. İşlər intensiv davam etdirilməlidir. İşçi qrupunun iclasları da davamlı olaraq aparılır. Düşünürəm ki, əldə olunmuş irəliləyiş imkan verəcək ki, ümumi razılaşmalara nail olunsun".

AzVision.az


Teqlər:  





Xəbər lenti