Azərbaycanda neçə bank birləşəcək?

Azərbaycanda neçə bank birləşəcək?
  20 Yanvar 2016    Oxunub:22680
Milli Məclisin ötən gün keçirilən növbədənkənar iclasında Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda bəzi bankların birləşəcəyini deyib. Baş bankir banklarda konsolidasiya prosesinin baş verəcəyini diqqətə çatdırıb.

“Zəif bankların birləşməsi beynəlxalq banklar üçün də əlverişlidir. Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub”.

E.Rüstəmovun sözlərinə görə, söhbət 5-7 bankın konsolidasiyasından gedir.

Dəfələrlə bankların sayının azaldılmasını təklif edən iqtisadçı deputat Vahid Əhmədov AzVision.az-a açıqlamasında Azərbaycanda 43 bankın həddindən çox olduğunu bildirib.

Deputat Elman Rüstəmovun təklifini dəstəkləyərək, bir neçə bankın birləşdirilməli olduğunu qeyd edib: “Bankların dövriyyə vəsaiti, kredit portfeli çox aşağı olduğu üçün birləşib iri kapital yaratmalıdırlar ki, insanlara kreditləri aşağı faizlərlə versinlər. Ona görə də təmərküzləşmə prosesi gedəcək. Burada bankların bağlanmasından söhbət getmir. Hədəf kiçik bankarın birləşməsidir”.

Hansı bankların birləşəcəyinə gəlincə, millət vəkili qeyd edib ki, burada məcburiyyət tətbiq edilməyəcək.

Deputatın sözlərinə görə, bunu ilk növbədə Mərkəzi Bank araşdırmalıdır.

Bank üzrə ekspert Əkrəm Həsənovun fikrincə, ölkədə fəaliyyət göstərən bankların yarısından çoxu faktiki olaraq müflis durumdadır.

Ekspert hesab edir ki, hazırki durumda bəzi bankları ümumiyyətlə bağlamaq lazımdır. Onun sözlərinə görə, bir necə bank birləşib bir ad altında fəaliyyət göstərə bilər: “Bu gün dövlətə məxsus cəmi iki bank - “Azərbaycan Beynəlxalq Bankı” və “Azər-Türk Bank” var. Hesab edirəm ki, bu banklar birləşməli, vahid bir ad altında fəaliyyət göstərməlidir. “Paşa Bank”, Kapital Bank, “Ata bank” və “Xalq Bank” isə birləşərək “Paşa Bank” adı altında fəaliyyət göstərə bilər”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti