Cəmil Həsənli ilə Əli Kərimlinin arası dəyib?

Cəmil Həsənli ilə Əli Kərimlinin arası dəyib?
  21 Yanvar 2016    Oxunub:3962
Son günlər AXCP sədri Əli Kərimli ilə müxalifət təmsilçiləri arasında gərginlik pik həddə çatıb. Ə.Kərimlinin “MeydanTV”-yə verdiyi müsahibədə AXCP-dən başqa bütün müxalifət partiyalarını satqın adlandırması radikal düşərgədə münasibətləri daha da kəskinləşdirib. Bu gərginlik Milli Şuradan yan keçməyib.

Məlumata görə, məlum müsahibədən sonra Milli Şurada Əli Kərimliyə qarşı etirazlar kəskin artıb. Qurumun Koordinasiya Mərkəzinin sonuncu iclasında AXCP sədri ilə vəkil Qurban Məmmədov arasında düşən qalmaqal Cəmil Həsənlinin sədri olduğu Milli Şurada vəziyyətin həddindən artıq kritik olduğunu göstərdi.

Ə.Kərimlinin özünü analoqu olmayan müxalifət lideri kimi təqdim etməsi, təkcə müxalifət partiyalarına deyil, Cəmil Həsənliyə də xoş təsir bağışlamayıb.

Milli Şuradakı mənbədən AzVision.az-a daxil olan məlumatda Əli Kərimli ilə Cəmil Həsənlinin arasının dəydiyi, münasibətlərin pisləşdiyi bildirilib.

Qeyd edilib ki, Əli Kərimlinin özünü `lider` kimi apararaq Cəmil Həsənli ilə məsləhətləşmədən Milli Şura adından qərarlar verməsi, Nardaran hadisələri, bölgələrdəki aksiyalarla bağlı ictimai rəyi çaşdıran, təxribat dolu çıxışlar etməsi qurum üzvləri arasında narazılıqlara səbəb olub. MŞ-nın Əli Kərimlidən narazı üzvləri C.Həsənliyə müraciət edərək, üzvülükdən çıxmaq istədiklərini bildiriblər.

Mənbənin bildirdiyinə görə, hazırda ölkə xaricində olan C.Həsənli Ə.Kərimli ilə əlaqəni demək olar ki, kəsib.

Məlumatı dəqiqləşdirmək üçün bir neçə Milli Şura üzü ilə əlaqə saxlasaq da, onlar bu barədə danışmaq istəmədiklərini bildirdilər.

Qeyd edək ki, MŞ üzvü Eldəniz Quliyev saytımıza açıqlamasında qurumda fikir ayrılıqlarının olduğunu etiraf etmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti