Fonda 1148 müraciət daxil olub

  05 İyul 2013    Oxunub : 586
Fonda 1148 müraciət daxil olub
2013-cü ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları tərəfindən daxil olan müraciətlərin sayı 35 faiz artıb
2013-cü ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb. Belə ki, ötən 2012-ci ilin analoji dövrü ilə müqayisədə bu qəbildən olan müraciətlər 35 faiz artıb.

Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu ilin ilk 6 ayı ərzində DSMF-yə daxil olan 1620 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1148 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Çümhuriyyəti gəlir və qardaş ölkədən Fonda 88 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir. DSMF-yə daxil olan digər 384 müraciət isə ayrı-ayrı xarici ölkələrin və yerli rayon şöbələrinin, həmçinin vətəndaşlardan daxil olmuş müraciətlərin payına düşür.

Teqlər: