Xədicənin amalından çıxan nəticə

Xədicənin amalından çıxan nəticə
  22 Yanvar 2016    Oxunub:4745
Vüsal Məmmədov

Bəzən deyirlər ki, “ölənin ardınca ya ancaq xoş danış, ya da sus”. Amma xüsusi hallar da olur ki, işin lap zibili çıxanda çox pis insanların dalınca ayrı cür də danışırlar: “Sağlığında da mərdümazar idi, öləndən sonra da pisliyi davam edir”.


Eyni fikirlər həbsdə oturanlara da aiddir. Adətən “içəridə” olanın ardınca “Allah qapısını açsın” deyirlər. Amma bəzən “içəridə” olan adamın cəmiyyətə vurduğu ziyan oradan da davam edəndə, bilmirsən, nə deyəsən... Həm də ki, qapının açılmasını insan özü də istəməlidir axı...

Xədicə İsmayıl azadlıqda və “Azadlıq”da olanda onun bircə, ancaq və yalnız bircə missiyası var idi: Azərbaycanın imicini ləkələmək. Özünün şəxsi kini və nifrəti işlədiyi dairələrin sifarişi ilə qarışıb, çox iyrənc və zəhərli bir kokteyl əmələ gətirmişdi. Xədicə həmin kokteyli zorla ölkənin, eləcə də xarici auditoriyanın boğazına tökməyə çalışırdı. Bu işdə ona bərk kömək edirdilər. O, Azərbaycana qarşı qurulmuş böyük Qara PR maşınının vacib vintlərindən biri idi. Ona görə vacib vint idi ki, Azərbaycanda yerləşirdi, prosesə buradan impuls verirdi.

Xədicənin “araşdırmaçı jurnalist” obrazı sadəcə, bir görüntüdür. O, Qərbin xüsusi xidmət orqanlarının Azərbaycan hakimiyyətinə, iqtidardakı ayrı-ayrı şəxslərə dair axtarıb tapdığı kompromatları yazı halına salıb, yayımlayan biri idi, vəssalam. Bundan kənarda nəyi araşdırmışdı Xədicə, cəmiyyətin hansı problemlərini üzə çıxarmışdı? Hakimiyyət komandasının ayrı-ayrı üzvlərinə aid kompromat kampaniyası aparmaq – bu, başqa missiyadır, “araşdırma jurnalistikası” deyil.

Yəni ki, Xədicə bir proyekt idi. Azərbaycana qarşı `qara PR` aparmaq və hakimiyyətə təzyiq etmək istəyənlərin xüsusi olaraq hazırladığı bir proyekt. İndi də elədir – fərqi yoxdur ki, içəridədir, ya bayırda, öz missiyasını yerinə yetirməkdə davam edir. İndi isə həmin missiyanı daha da gücləndirmək üçün ona yeni və xeyli tanınmış sima da qoşublar – Amal Kluni.

`Oskar`lı aktyor Corc Kluninin vəkil arvadı ötən il Avropa İnsan Haqları Məhkəməsində “erməni soyqırımı”nı müdafiə edirdi. Bu il isə Xədicəni müdafiə edəcək. Təsadüfdürmü? Xeyr! Necə ki, Amerika Ermənilərinin Milli Komitəsinin (ANCA) fəallarının bu xəbəri həvəslə paylaşıb, anti-Azərbaycan kampaniyası aparmaları əsla təsadüf deyil.

Vəziyyət budur: Amal Kluni Azərbaycana qarşı `qara PR` kampaniyasına çöldən əlavə impuls verəcək, Xədicə isə bunu içəridən edir. Sözün hər iki mənasında “içəridən”. Başqa sözlə, sözün hər iki mənasında “azadlıq”da gördüyü işi indi də davam etdirir.

Kaş ki, Xədicə heç olmasa indi bu kampaniyaya qoşulmasaydı, bircə kəlmə desəydi ki, “Mən ölkəmə qarşı qurulan iyrənc oyunların iştirakçısı olmaq istəmirəm”, bu “vəkil” hoqqasından imtina etsəydi... Belə olsa, hər kəsin ona münasibəti dəyişərdi. Amma çox heyif... Onun Azərbaycana bəslədiyi kini və hikkəsi yenə də daha ağır gəldi.


Teqlər:  





Xəbər lenti