Neftlə təhlükəli oyun: `game over` - TƏHLİL

Neftlə təhlükəli oyun: `game over` - TƏHLİL
  23 Yanvar 2016    Oxunub:37041
Neftin qiyməti 30 dollardan aşağı düşəndə dünya birjalarında titrəyişlər başladı, 29 dolları keçəndən sonra isə zəlzələ oldu. Ötən həftənin son və bu həftənin ilk günlərində dünyanın demək olar ki, bütün aparıcı birjaları ciddi enişlə bağlandılar.

Amerikada Dow Jones indeksi bir gündə 2,5% zəifləyərək, psixoloji vacib hədd olan 16000 punkta endi. Nasdaq 3,3%, S&P isə 2,6% zəiflədilər. Hər üç indeks 2015-ci ilin avqust minimumlarına çatdı. Nəzərə alsaq ki, Amerikada az qala hər bir ailədə hansısa şirkətin səhmlərinə malik insanlar var, bu, ölkə üçün çox ciddi iqtisadi və sosial narahatçılıq idi. Çünki eniş bir az da davam etsə, hamı səhmlərini satışa çıxaracaqdı.

Amma çökən təkcə Birləşmiş Ştatların fond bazarı deyildi. Britaniyada FTSE 100 indeksi haradasa 2%, Almaniyanın DAX indeksi 2,56 düşdü. Atlantik okeanın hər iki sahilində məşhur firmaların və bankların səhmləri qiymətlərini bir gündə 5-6% itirdilər.

Təbii ki, bu fonda Rusiyanın RTS indeksi bir qədər daha çox zərbə aldı –6.3 faiz. Çünki neftin qiyməti psixoloji həddən aşağı düşəndə hamı rus şirkətlərinin səhmlərini təşviş içində satmağa başlamışdı.

“Ayı”ların Şərq birjalarına hücumu da yüngül olmadı. İranın neft bazarına qayıdacağı xəbərindən sonra Qatar və Dubayda səhm birjaları ötən həftəni 6%-lik enişlə başa vurdular, Ərəb dünyasının ən böyük fond bazarı yerləşən Səudiyyə Ərəbistanında eniş 6,5%-ə çatdı.

Çinin və ümumiyyətlə, Asiyanın əsas birja indekslərindən sayılan Shanghai Composite Index 3,5 faiz enişlə 13 ayın minimumuna düşdü. Bunun ardınca Çin bankları kiçik firmalara kredit verilməsini dayandırdılar. Yaponiyada Nikkei 225 indeksi 4,1%, Honkonqun Hang Seng və Avstraliyada ASX 2 faizə yaxın itirdilər. Asiya ölkələrinin firmalarının səhmlərinin aktiv satışları başladı. Yuanın ucuzlaşmasının qarşısını almaq üçün Çinin Mərkəzi Bankı təkcə bu həftə bazara 60 milyard dollar həcmində intervensiya eləmək məcburiyyətində qaldı.

Bütün bunlar dünyanın hər yerində investorlarda ciddi təşviş yaratdı. Çünki qısa müddət ərzində dünyada fond bazarları 8 trilyon dollar itirdilər. Bir tərəfdən neftin ucuzlaşması, daha dəqiqi, ucuzlaşdırılması, o biri tərəfdən ABŞ-da faiz dərəcələrinin qaldırılması nəticəsində dolların möhkəmlənməsi, üçüncü tərəfdən Çin iqtisadiyyatında davam edən tənəzzül qlobal iqtisadiyyat üçün yaxşı heç nə vəd eləmirdi. Çünki eniş daha bir neçə gün davam eləsə, artıq yeni qlobal böhran haqqında danışmaq lazım gələcəkdi.



Qısa vaxtda vəziyyət hər kəsə aydın oldu: neftin hər barrelinə görə 29 dollar qiyməti dünya iqtisadiyyatı üçün kritik həddir. O mənada kritikdir ki, bundan aşağıda neftin hər bir enişi fond indekslərini də öz arxasınca dartacaq. Yəni nefti bir az da ucuzlaşdırmaq cəhdləri ilə dünyada yeni qlobal iqtisadi böhran yaratmaq cəhdləri arasında bərabərlik işarəsi qoyula bilər.

Bazarda tələb və təklif arasındakı nisbət təbii və real olmalıdır, onu süni şəkildə dəyişəndə bütövlükdə iqtisadi balans bozulur. Neft bazarında tələbin azaldığı bir şəraitdə təklifi böyük dərəcədə artırmaq isə obrazlı desək, dünya iqtisadiyyatını neftdə boğmaq demək idi.

Əgər neft ucuzlaşırsa, bu, o deməkdir ki, neft ixrac edən ölkələrin gəlirləri və avtomatik olaraq, idxal qabiliyyəti azalır. Halbuki, Qərb firmalarının əsas bazarı məhz neft ixrac edən ölkələr idi. Avropa və Amerikanın avtomobilləri, təyyarələri, hərbi texnikası ən çox həmin ölkələrə satılırdı. Neft ixrac edən ölkələrdə sürətlə inkişaf edən tikinti sektoru isə Qərbin metallurgiyadan tutmuş, məişət avadanlığına qədər böyük spektrdə ixtisaslaşan firmaları üçün gəlirli bazar idi. İndi nefti ucuzlaşdıranlar bu bazar bağlayırlar.

Ona görə, təəccüblü deyil ki, Fransa prezidenti Fransua Oland bu həftə ölkəsinin iqtisadiyyatının fövqəladə vəziyyətə girdiyini bəyan etdi: işsizlik 10 faiz kimi çox yüksək həddə çatıb. “Biz iqtisadi və sosial modelimizə yenidən baxmalıyıq”,- deyən Oland, əlbəttə ki, özü də bunu necə etmək lazım gəldiyini tam təsəvvür etmir.

Çinin vəziyyəti daha böyük təhlükədir. Ölkədə Ümumi Daxili Məhsulun artımı ötən il son 15 ilin ən aşağı həddində olub: 6,9%. Mərkəzi Bank faiz dərəclərini 6 dəfə azaldıb, valyuta ehtiyatları 513 milyard dollar əriyərək, 3,3 trilyona düşüb. İndi Çin yeni tip iqtisadiyyat qurmaq, xarici yatırımlardan və ixracatdan daxili istehlak və xidmət sektoruna yönəlmək istəyir. Əgər “dünyanın emalatxanası” bağlansa, bu, qlobal iqtisadiyyata ağır zərbə olacaq.

Bütün bunlardan sonra neftin qiymətilə oynayanlar başa düşdülər ki, necə deyərlər, “game over”. Nəticədə biz qısa vaxtda neftin sürətlə bahalaşaraq, 30 dolların üzərinə qayıtdığını gördük. Bundan sonra dünya birjaları sabitləşməyə və əvvəlki hallarına qayıtmağa başladılar.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti