MTRŞ hansı tv proqramlarını səviyyəli hesab edir?

MTRŞ hansı tv proqramlarını səviyyəli hesab edir?
  24 Yanvar 2016    Oxunub:4059
“Şounun da norması, səviyyəsi var. Əksər azərbaycanlı tamaşaçı Türkiyə, Rusiya telekanallarında səviyyəli şou verilişlərə baxır. Bizim də arzumuz, istəyimiz budur ki, bizim tamaşaçılar Azərbaycan efirində də səviyyəli şouları izləsin”.
AzVision.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, AzTV-də yayımlanan “Səs Azərbaycan” və ATV-də yayımlanan “Bu stil mənim” populyar və səviyyəli şou-proqramlardır: “Təbii ki, bu layihələr zaman-zaman müəyyən qədər müzakirəyə də səbəb ola bilir. Bu da onu göstərir ki, həmin layihələrə tamaşaçı baxır. Amma əlbəttə ki, bu cür verilişlərdə aparıcılar və iştirakçılar maksimum diqqətli olmalı və tamaşaçı auditoriyasına daha xoş təsir bağışlamağa, rəğbət qazanmağa çalışmalıdırlar. Bununla belə, o da nəzərə alınmalıdır ki, şou-proqramlar monoton, yeknəsəq olarsa, maraqsız ola bilər. Bu mənada dinamiklik qorunub saxlanmalıdır. Hətta fikir ayrılıqları da mümkündür. Bəzən bu hallar verilişin canlı olması və formatından irəli gəlir. Amma əlbəttə ki, hər şey Azərbaycan tamaşaçısının maraqlarına uyğun şəkildə olanda daha böyük effekt verə bilir. Bu istiqamətdə yayımçılarla mütəmadi olaraq işləyirik”.

T.Dadaşov əlavə edib ki, MTRŞ efirdə baş verən problemləri daim diqqətdə saxlayır və mütəmadi olaraq yayımçılara müvafiq tövsiyələrini verir: “Tövsiyələrdən nəticə çıxarmaqla yayımçılar öz işlərini daha da asanlaşdırır”.

Şöbə müdiri qeyd edib ki, yayımçılar efirdə şou verilişlərini kübar formada təqdim etsələr, daha yaxşı olar: “Əslində özəl telekanallarda şou yayımlanmalıdır. Biz demirik ki, şou olmasın. Olsun, lakin səviyyəli olsun. Kanalların funksiyalarından biri də əyləndirməkdir. Bu baxımdan yayımçılar şou verməlidir. Amma efir başdan-başa şoudan ibarət ola bilməz. Efirin şou və digər bu kimi eynitipli verilişlərlə yüklənməsinin qarşısının alınması qanuna müvafiq olaraq Şuranın diqqət mərkəzindədir. Sevindirici haldır ki, artıq bu tendensiyadan uzaqlaşmaya nail olunmaqdadır. Efirdə verilişlərin kifayət qədər müxtəlifliyi diqqəti cəlb edir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti