AŞPA-nın yeni sədri kimdir? - Dosye

AŞPA-nın yeni sədri kimdir? - Dosye
  25 Yanvar 2016    Oxunub:3756
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında ispaniyalı parlamentari Pedro Aqramunt AŞPA-nın yeni sədri seçilib.

İspaniyanın Valensiya bölgəsindən deputat seçilmiş senator Pedro Aqramunt 2000-ci ildən etibarən AŞPA-da təmsil olunur. O, bu illər ərzində müxtəlif vaxtlarda assambleya daxilində komitə sədri vəzifələrində çalışıb, bir çox hesabatlar hazırlayıb və eyni zamanda, uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb.

P.Aqramunt AŞPA-da fəal parlamentarlardan hesab olunur.

Pedro Aqramunt kimdir?

İspaniyalı Pedro Aqramunt (Pedro Aqramunt Font de Mora) 1951-ci il dekabrın 9-da Valensiyada anadan olub. O, ixtisasca hüquqşünasdır.

Xalq Partiyasının Valensiya bölümünə rəhbərlik edir. İspaniya parlamentinə ilk dəfə 1991-ci ildə seçilib.

Evlidir, iki övladı var.

P.Aqramunt uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb.

AŞPA-nın yeni sədri noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərində AŞ PA müşahidə missiyasının üzvü olub.

O, çıxışları zamanı Azərbaycan və Avropa Şurası Parlament Assambleyası (AŞ PA) arasında ikitərəfli əməkdaşlığının tərəfdarı olduğunu, bu münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

P.Arqamunt Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyini diqqətə çatdırıb: “Azərbaycan bütün öhdəliklərini yerinə yetirir və düzgün istiqamətdə inkişaf edir. Son bir neçə il ərzində siyasi vəziyyət yaxşılaşmağa doğru gedir. Azərbaycan öhdəliklərinə hörmət edir”.

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun yeni sədri Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir bildirib.

“Bizim təşkilatımız daxilində bir neçə ölkədə münaqişələr hələ də həll edilməyib. “Dondurulmuş” adlandırdığımız münaqişələr mövcuddur. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı bölgədəki münaqişə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu münaqişələrin həll edilməməsi ümumilikdə Avropanın təhlükəsizliyi üçün təhdid təşkil edir”-deyə Arqamunt qeyd edib.

Ekspertlər Pedro Arqamuntun AŞPA sədri seçilməsini müsbət qiymətləndirirlər. Hesab edilir ki, onun rəhbərliyi dövründə Azərbaycanla AŞPA arasında münasibətlər inkişaf edəcək və bu istiqamətdə müsbət addımlar atılacaq.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti