Prezidentin qaldırdığı məsələ: Hansı qurumlar özəlləşdirilməlidir? – TƏHLİL

Prezidentin qaldırdığı məsələ: Hansı qurumlar özəlləşdirilməlidir? – TƏHLİL
  26 Yanvar 2016    Oxunub:17553
Prezident İlham Əliyev yanvarın 18-də keçirilən müşavirədə bildirdi ki, ölkədə geniş özəlləşdirmə proqramının hazırlanması haqda artıq göstərişlər verilib. Bu isə o deməkdir ki, tezliklə yeni dövlət aktivlərinin - müəssisə və təsərrüfat subyeklərinin satışa çıxarılacağının şahidi olacağıq.

Ancaq konkret olaraq, məhz hansı sahələr və obyektlərin özəlləşdirməyə çıxarılacağı hələlik, bəlli deyil. Sadəcə olaraq, Prezident qeyd etdi ki, biz həm xarici, həm də yerli investorları bu işə cəlb etməliyik. "Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıb. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir",- deyə dövlət başçısı vurğuladı.

Bəs, Azərbaycanda hansı sahələr və yaxud müəssisələr özəlləşdirilə bilər?

Açıq etiraf edək ki, ölkədə keçən əsrin 90-cı illərinin ikinci yarısından start götürən və həyata keçirilən məlum özəlləşdirmə prosesi tələb olunan səviyyədə effektli nəticələr vermədi. Bunun da əsas səbəblərindən biri ondan ibarət oldu ki, sözügedən proses dövlət mülkiyyətinə məxsus müəyyən hissə əmlakın de-fakto sahibi olanların sanki bir növ de-yure vəziyyətə gətirilməsi xarakteri daşıdı.

Ona görə də ölkə vətəndaşları bu prosesdən heç bir “xeyir” əldə edə bilmədilər. Bunda isə bir neçə faktor mühüm rol oynadı: əhalinin özəlləşdirmə prosesinə yanaşma tərzinin aşağı səviyyədə olması – iqtisadi savadlılıq dərəcəsi, kiçik özəlləşdirmə sahəsində mövcud mexanizmin kifayət qədər düzgün təşkil olunmaması, təbliğat və təşviqat işlərinin yerinə yetirilməməsi, özəlləşdirmədə əsas məqsədin düzgün seçilməməsi və sair...

Qısa desək, indi eşidəndə və yaxud müxtəlif KİV vasitələrindən oxuyanda ki, inkişaf etmiş ölkələrdə məsələn, ailələrin və vətəndaşların çox hissəsi səhm sahibidirlər, tanınmış şirkətlərin, müəssisələrin müəyyən payına malikdirlər, istər-istəməz düşünürsən ki, bəs bizdə özəlləşdirmə əhaliyə nə verdi?!

Özəlləşdirmə çekləri ilə bağlı baş verənləri – onlardan təyinatına uyğun istifadə edilmədiyini xatırlayarkən isə lap mütəəssir olursan... Lakin, sözümüz bunda deyil.

Prezident qeyd etdi ki, bu dəfə özəlləşdirmə proqramı tam şəffaf həyata keçirilməli, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdırlar. "Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar",- deyə dövlət başçımız vurğuladı.

Ancaq əsas məsələ, indi nəyin özəlləşdiriləcəyidir...

Azərbaycanda bu gün özəlləşdirilə bilinən və hətta bunun vacib sayıldığı sahələr - müəssisələr həqiqətən çoxdur. Eyni zamanda, hazırkı qlobal iqtisadi böhranın təsirlərindən yaxa qutarmaq üçün də özəlləşdirmə bir vasitədir. Həmçinin, daxili borclanmanın, qarşılıqlı ödəməmələr problemin birdəfəlik həlli üçün də çıxış yoludur. Qısa desək, özəlləşdirmə yeni iqtisadi inkişaf yoluna dair modelin yaradılması işində bir növ əsas elementlərdən birini təşkil edir.

Məlumdur ki, bu gün neftə görə dövlətimizin gəlirləri azalıb. Və o da məlumdur ki, bilavasitə neft gəlirləri olmasa, Neft Fondundan transfert həyata keçirilməsə sosial istiqamətdə ödənişləri icra etmək mümkün deyil. Üstəlik, dövlət öz vəsaitləri hesabına investisiyalar həyata keçirtmək, hətta iqtisadiyyatın bəzi sahələri üzrə müxtəlif xarakterli daxili və xarici borc öhdəliklərini də ödəməklə məşğuldur. Hansı ki, bu işdə isə əsas yük Dövlət Neft Şirkətinin (SOCAR) üzərinə düşür...

Hələlik məlum olan isə budur ki, SOCAR özəlləşdirilməyəcək. Dövlət başçısı da qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirməyə çıxarmayacaq. Bu, başadüşülən siyasət və mövqedir. Obrazlı desək, SOCAR dövlətimiz üçün iqtisadi cəhətdən “enerji mənbəyi” rolunu oynayır. Bu, dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olmaqda davam edəcək.

Ancaq SOCAR-ın tərkibindəki Azəriqaz və Azərkimya kimi qurumlar niyə özəlləşdirilməsin ki?! Keçən il “Azərenerji”nin SOCAR-ın tərkibində olan “Azəriqaz”a təxminən yarım milyard manat borcu var idi. Bu cür qarşılıqlı iqtisadi və istehsal əlaqələrində olan sahələr üzrə borc vəsaitlərinin yığılıb qalması sonradan dövlətin özü üçün əlavə yükə çevrilir. Belə sahələrdə problemi birdəfəlik həll etməyin yolu məhz özəlləşdirilmədən keçir.

O cümlədən, Azərenerji, Azərsu, AZAL, Azəristiliktəchizat, Azəravtoyolservis, nəqliyyat dəhlizinə aid olmayan avtomobil, eləcədə dəmir yollarının böyük bir hissəsi, Xəzər dəniz gəmiçiliyi də özəlləşdirilə bilər və özəlləşdirilməlidirlər də... Elə şərait yaratmaq lazımdır ki, xarici və yerli investorlar budəfəki özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər. Nə vaxta qədər dövlət adlarını çəkdiyimiz iri qurumlara "gözün üstə qaşın var” deməkdə çətinlik çəkəcək?!

Fikrimizcə, dövlət bu qurumların işinə görə məsuliyyət daşımağa son qoymalıdır. Onlardan büdcəyə ödəməli olduqları vergilər tam və artıqlaması ilə tələb olunmalıdır. Əks təqdirdə, bunlar heç vaxt dövləti iqtisadi cəhətdən tam olaraq ayağa qalxmağa qoymayacaqlar!..

Ümumiyyətlə, hesab edirik, qarşıda planlaşdırılan geniş özəlləşdirmə kommunal xidmət sahələrindən start götürməklə iqtisadiyyatın bütün sahələrini əhatə etməli, prosesdən həm dövlət büdcəsinə böyük məbləğdə vəsaitlər daxil olmasını, həm iqtisadiyyatda canlanma əldə etməyi, həm ölkəyə xatici investorların gəlməsini, həm idarəetməni təkmilləşdirməyi həm də dayanıqlı inkişaf əldə etməyi istəyiriksə, bunu onsuz da əksəriyyəti hələ xeyli əvvəl səhmdar cəmiyyətlərə çevrilmiş adlarını çəkdiyimiz qurumların əmlaklarını da azı 40-49% hissəsini açıq satışa çıxartmaqla həyata keçirtməliyik.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti