AZAL-dan sərfəli təklif

  26 Yanvar 2016    Oxunub : 1941
AZAL-dan sərfəli təklif
“Azərbaycan Hava Yolları” (AZAL) Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramı barədə elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AzVision.az- a verilən məlumata görə, həmçinin, aviaşirkət bu il yeni istiqamətə - Alanya (Gazipaşa Beynəlxalq Hava Limanı) şəhərinə uçuşlara başlayır. Bakı-Bodrum-Bakı reysləri 17 iyun tarixindən başlayaraq hər gün həyata keçiriləcək. Bu istiqamətdə aviabiletin qiyməti 149 avrodan başlayacaq.

Bakı-İzmir-Bakı reysləri 15 iyun tarixindən etibarən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut üzrə aviabiletin qiyməti də 149 avrodan başlayır.

Bakı-Dalaman-Bakı reysləri 1 iyul tarixindən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Aviabiletin qiyməti - 149 avrodur.

Yeni cədvələ əsasən, Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa uçuşlar mayın 21-dən sentyabrın 27-ə kimi hər gün, aprelin 2-dən mayın 14-ə kimi və oktyabrın 15-dən etibarən həftədə bir gün olmaqla şənbə günləri həyata keçiriləcək. Yüksək tələbat olduğu halda reyslərin sayı həftədə 14-dək artırıla bilər. Bakı-Antalya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayır.

Bakı-Alanya-Bakı yeni birbaşa marşrut üzrə uçuşlar iyulun 4-də başlayacaq və həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Bakı-Alanya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayacaq.

Uçuşlar biznes və ekonom salonlu komfortlu Airbus A319/A320 və Boeing 757 laynerləri ilə həyata keçiriləcək.

Türkiyə kurortları həmişə Azərbaycan vətəndaşlarını əlverişli qiymətə təmtəraqlı istirahət imkanı ilə cəlb edib. Türkiyə kurortlarının əsas xüsusiyyəti çox sayda müxtəlif səviyyədə hər istəyə uyğun - ailə, gənclər və ya sakit istirahət üçün otellərin olmasıdır. Onların bir çoxu "hər şey daxil" (all inclusive) sistemi təklif edir. Aralıq və Egey dənizlərinin sahillərində isti cənub iqlimi və mənzərəli yerlər bütün dünyadan bu cənnət guşəsinə turistləri cəlb edir.

Yuxarıda göstərilən istiqamətlər üzrə biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.

Teqlər: