`NAZ-Lifan` yeni modellər buraxır
Hazırda texniki göstəriciləri və komfort baxımından daha yüksək olan “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim ediləcək.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyətdədir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. İlk vaxtlar müəssisədə “NAZ-Lifan” markası ilə istehsal edilən avtomobillər baqaj hissəsi salonda olan “320” (xetçbek) və baqaj bölməsi salondan kənarda yerləşən “620” (sedan) modellərindən ibarət olub. 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə bu modelin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. Artıq “NAZ-Lifan” markalı “LF-6401” (6 nəfərlik mikroavtobus), “LF-5028” (800 kiloqram yükgötürən furqonlu avtomobil) və “LF-1022” modelləri (800 kiloqram yükgötürən bortlu avtomobil) satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır.