Əvvəl toyuq olub, yoxsa yumurta? – ELMİ CAVAB

Əvvəl toyuq olub, yoxsa yumurta? – ELMİ CAVAB
  06 İyul 2013    Oxunub:15520
Bu sual kimin üçünsə ritorik, kimin üçünsə fəlsəfi, kimin üçünsə dini, kimin üçünsə ümumiyətlə, cavabsız görünə bilər, amma paleontoloqlar dəqiq cavabı bilirlər - əvvəl yumurta olub. Bu, sübut edilib. Özü də hələ ümumiyyətlə, planetimizdə quşlar olmayanda belə, yumurta ilə nəsilartırma mexanizmi var idi.
Müsair toyuqkimilər dəstəsi kaynozoy erasının əvvəllərində formalaşmağa başlayıb. Bu, ümumilikdə quşların təkamülünün sürətlə getdiyi dövr idi. Onlar mezozoy erasında yaşamış əcdadları ilə müqayisədə həm uçuş qabiliyyətlərini təkmilləşdirir, həm də daha geniş areala yayılırdılar.

Yumurtanı quşlar, yaxud sualda deyildiyi kimi, toyuqlar yaratmayıblar, bu, onların “ixtirası” deyil. Yumurta qoymaq qabiliyyəti quşlara təkamül zəncirindəki əvvəlki həlqədən – dinozavrlardan keçib.

Dinozavrların yumurta qoyduqları artıq sübut olunub. Çinin şimal-şərq rayonunda “Sinornithosaurus milonii” adlı lələkli dinozavrın 125 milyon il əvvələ aid yumurtası tapılıb. Sinornitozavrın müasir quşların əcdadı olması şübhə doğurmur: onun ön ətrafları eynilə müasir quşların qanadları kimi hərəkət edirdi. Amma qanadlar üçmaq üçün deyildi, hərəkət zamanı balans yaratmağa xidmət edirdi.

Çinin elə həmin rayonunda 120 milyon il əvvəl yaşamış daha 3 dinozavrın daşlaşmış qalıqları tapılıb – Protoarxeopteriks (Orta məktəbdən tanıdığımız Arxeopteriksin əcdadı ola bilər), Kaudeptriks və Sinozavropteriks. Sonuncusu toyuq boyda, lələkli bir heyvan olub. O, faktik olaraq, dinozavrlarla quşlar arasında keçid həlqəsidir. Daha dəqiq desək, quşabənzər dinozavrlarla dinozavrabənzər quşların arasında mövqe tutur.

Bu cür faktlar Madaqaskarda da tapılıb. Orada da qarğa boyda olan, lələkli,uçmağı bacaran heyvanın daşlaşmışı skeleti tapılıb. Raxonavis adlandırılan bu canlı təxminən 70—65 milyon il əvvəl yaşayıb. Onun tapılması quşların qədim sürünənlərdən yaranması nəzəriyyəsini bir daha təsdiqləyib və Təkamül Təliminin xeyrinə daha bir ciddi arqumentə çevrilib.

Beləliklə, aydın olur ki, yumurta toyuqdan əvvəl olub. Çünki tapıntılar da təsdiqlyir ki, toyuqlar hələ mövcud olmayanda yumurta ilə nəsilartırma mexanizmi artıq var idi.

Amma məsələnin tarixi əslində bundan da qədimdir. Çünki hələ dinozavrlardan da qabaq, 300 milyon il bundan əvvəl planetimizdə yaşamış Kotilozavrlar da yumurta qoymaqla çoxalırdılar.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti