Gübrə zavodu bu il istifadəyə veriləcək

Gübrə zavodu bu il istifadəyə veriləcək
  29 Yanvar 2016    Oxunub:3114
“Azərbaycanda gübrə zavodunun fəaliyyət göstərməsi zəruridir”.
Bunu Bakıda keçirilən "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda əməkdaşlıq konfransında çıxışı zamanı Prezident Administrasiyasının aqrar siyasət şöbəsinin müdiri Azər Əmiraslanov bildirib. Onun sözlərinə görə, 2011-ci ildə təməli qoyulan gübrə istehsalı zavodunun ilin sonunda istifadəyə verilməsi gözlənilir.

PA rəsmisi bildirib ki, neft gəlirlərinin azalması fonunda valyutanın daxil olmasında kənd təsərrüfatı önəmli rol oynayır: “Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı sərəncam imzalayıb. Sənəddə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi mexanizmi, habelə xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramın hazırlanması nəzərdə tutulub. Bu məqsədlə, həmçinin subsidiyaların ayrılması nəzərdə tutulur”.

Qeyd edək ki, Sumqayıtda tikilən zavodda ildə 500 min tondan artıq karbomid gübrəsinin istehsalı nəzərdə tutulur. Bu məhsul ilk növbədə ölkənin daxili tələbatının ödənilməsinə, eləcə də ixrac üçün istifadə olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti