AŞPA-dakı Qarabağ səsverməsində oğurluq

AŞPA-dakı Qarabağ səsverməsində oğurluq
  29 Yanvar 2016    Oxunub:2668
AŞ PA-da britaniyalı deputat Robert Uolterin Azərbaycanın işğal altındakı ərazilərində zorakılıq hallarına dair məruzəsinin səsverməsi zamanı “səs oğurluğu” faktı üzə çıxıb.

Araşdırma zamanı məlum olub ki, bu məruzənin lehinə səs verən türkiyəli deputatın səsi hesaba alınmayıb.

Uolterin məruzəsi 70 əleyhinə, 66 lehinə olmaqla qəbul edilməyib. Ermənistan bunu AŞPA-dakı nailiyyəti kimi qeyd edir. Azərbaycanda isə sənədin qəbul edilməsi üçün kifayət qədər səy göstərilmədiyi üçün XİN-i və AŞPA-dakı nümayəndə heyətini tənqid edənlər var.

Səsvermə zamanı zalda Türkiyə nümayəndə heyətinin 12 üzvü olub. Onlardan 11-i sənədin lehinə səs verib. Bəs 12-ci?

Səsvermənin nəticələrinə əsasən Türkiyə nümayəndə heyətinin 12-ci üzvü, CHP millət vəkili İlhan Kesici bitərəf qalıb. Axı necə ola bilər ki, Türkiyə nümayəndə heyətinin üzvü Azərbaycan üçün mühüm olan bu sənədə səs verməsin?

Virtualaz.org İlhan Kesici ilə əlaqə saxlayıb. Millət vəkili bildirib ki, AŞPA-da səslərin hesablanmasında saxtakarlıq olub. “Mən bu sənədin Azərbaycan üçün əhəmiyyətini yaxşı başa düşürəm və Uolterin məruzəsinə səs vermişəm. Ancaq məlum olanda ki, səsim nəzərə alınmayıb, guya mən səsvermədə iştirak etməmişəm, bundan çox təəcübləndim. Təkcə mən yox, bütün Türkiyə nümayəndə heyəti təəcübləndi. AŞ PA katibliyinə müraciət etdim, bizə vəd etdilər ki, səhvi düzəldəcəklər. Azərbaycan v Türkiyə qardaş dövlətlərdir, mən bu cür mühüm sənədin səsverməsində iştirak etməyə bilməzdim”-İlhan Kesici deyib.

Qeyd edək ki, AŞPA –nın saytında səsvermənin nəticələri hələ də dəyişməyib və belə görünür ki, türkiyəli deputatın şikayətini nəzərə almayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti