Standart & Poor’s-un reytinqi nə məqsəd daşıyır? – TƏHLİL

Standart & Poor’s-un reytinqi nə məqsəd daşıyır? – TƏHLİL
  01 Fevral 2016    Oxunub:8440
Məlumdur ki, Azərbaycanın iqtisadi vəziyyəti, başqa sözlə desək, makroiqtisadi görüntüsü əsasən 2 amilə görə yüksək qiymətləndirilirdi: xarici dövlət borcu səviyyəsinin ümumi daxili məhsul (ÜDM) istehsalı həcminə görə nisbəti həddinə və bir də xarici reytinq qurumları və yaxud dairələrinin verdikləri rəyə görə...

29 yanvar 2016-cı il tarixində Standard & Poor’s reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini bir pillə aşağı endirdi. Sual olunur ki, səbəb nədir?!

Agentlik özü bunu belə izah edib ki, neft ilə qazın dünya bazar qiymətləri endiyindən ölkəmizin makroiqtisadi göstəriciləri pisləşib. Bundan əlavə, Standard & Poor’s cari il üçün Azərbaycanda ÜDM istehsalının 1% az təşkil edəcəyini proqnozlaşdırıb. Bu isə əslində, sensasiya deyil. Belə ki, bundan əvvəl Beynəlxalq Valyuta Fondu da (BFV) Azərbaycanda 1995-ci ildən sonra ilk dəfə olaraq iqtisadi artımın azalacağını bildirmişdi. Ancaq iş ondadır ki, məsələ bunda da deyil.

Görünən budur ki, əgər bir agentlik bu və ya digər ölkəyə reytinqi onun real iqtisadi vəziyyətinə və bu sahədə daxili imkanlarına hesablanan mövcud dayanıqlıq səviyyəsinə görə deyil, məhz xaricə ixrac etdiyi xammalın dünya bazar qiymətlərinə əsasən verirsə, deməli, o agentliyin özü əslində, bir sıra aparıcı aparıcı maliyyə qurumlarının əlində bir alət sayılır. O səbəbdən ki, ölkəmizin real iqtisadi qabiliyyəti əgər, xarici amillərə görə hesablanır və müəyyən edilirsə, bu reytinqin verilməsinin hansı məqsədə xidmət etdiyi ciddi araşdırma tələb edir.

Fikrimizi təsdiqləmək üçün çox da uzağa getmədən kiçik bir mətləbə istinad edək. Bu arada Azərbaycanın xarici maliyyə qurumlarından böyük məbləğdə borc vəsaiti cəlb etmək məqsədilə danışıqlar apardığı xəbərinə toxunmaq yerinə düşər. Yanvarın 28-də “Financial Times” qəzeti və “Reuters” agentliyi Azərbaycan hökumətinin BVF və Dünya Bankından (DB) ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə məlumat yayıb.

Dövlət başçımız və maliyyə naziri isə bunu təkzib etdilər. Hətta Samir Şərifov qeyd etdi ki, biz özümüz xaricə borc veririk: "Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru ilə bağlı vacib qərarlar qəbul edilir. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz", - deyə nazir bəyan etdi.

Göründüyü kimi, məsələ aydındır... Digər tərəfdən, lap, tutaq ki, borc vəsaiti cəlb etmək istəyirik. Buna görəsən, niyə möcüzə ilə yanaşmaq lazımdır ki?! Ölkəmizin beynəlxalq maliyyə qurumları ilə ötən müddət ərzində əməkdaşlığı heç vaxt dayandırılmayıb. Azərbaycan neftə görə heç bir beynəlxalq maliyyə qurumuna "təpik" atmayıb. Belə ki, ayrı-ayrı dövlət qurumlarımız dünən də borc alırdı və bu gün də buna ehtiyac duyurlar.

Hələ bütün bunlara rəğmən, xarici dövlət borcumuzun səviyyəsi ÜDM-in kritik həddindən xeyli uzaqdır. Əslində, bir az da aşağı səviyyədə idi, təəssüf ki, manatın devalvasiyası sözügedən rəqəmi qaldırdı. Ancaq məsələ bundadır ki, ölkə Prezidenti İlham Əliyev də yanvarda keçirdiyi müşavirələrdən birində qeyd etdi ki, zərurət yaranarsa xaricdən borc alınmasına getmək olar və bu, lazımdır.

Və elə iş də bundadır ki, hazırda vəziyyət bir az dəyişib. Neftin dünya bazar qiymətləri ilə əlaqədar dövlət gəlirlərimiz azalıb. Azərbaycan yeni iqtisadi inkişaf modeli yaratmaq və bunun üzərində işləmək məcburiyyəti qarşısında qalıb. O cümlədən, bir sıra sahələrdə kəskin və radikal islahatlara və dəyişikliklərə getmək məcburiyyəti yaranıb.

Qarşıda geniş özəlləşdirmə proqramının elan ediləcəyi gözlənilir ki, dövlət idarəetmə xərclərini azaltmaq məqsədilə struktur dəyişikliklərinə getmək - genişmiqyaslı ixtisarlar həyata keçirtmək zərurəti meydana çıxıb. Və bütün bunlara da uyğun olaraq, maliyyə dəstəyi tələb olunur. Düzdür, həmin vəsait əslində, bizim özümüzdə də var.

Ancaq məsələ bundadır ki, sözügedən addımları düzgün və yaxud “ağrısız” atmaq və həyata keçirtmək üçün beynəlxalq maliyyə qurumlarının müvafiq məsləhəti və xarici təsrübə lazımdır...

Standard & Poor’s kimi qurumların da məhz bu arada reytinqi aşağı salması başadüşüləndir. Ortada cəlb oluna bilinəcək və yaxud cəlb edilməsi mütləq şəkildə vacib sayılan borc vəsaitlərini bundan sonra yüksək faizlə və bir az da çətin şərtlərlə vermək məqsədi güdüldüyü görünür. Vəssalam. Əsil həqiqət məhz bundan ibarətdir.

Hələ bu harasıdır, gözlənilir ki, Standart & Poor’s-dan sonra Moody agentliyi də ölkəmizə dair reytinqini aşağı salacaq. Odur ki, Maliyyə Nazirliyi çox düzgün olaraq Standard & Poor’s agentliyinin sonuncu qiymətləndirməsini obyektiv hesab etmədiyini və bundan təəssüfləndiyini bəyan edib.

Onda belə çıxır ki, ölkənin kredit reytinqi artıq, qeyd olunduğu kimi neft və neft məhsullarının qiymətləri ucuzlaşdığına görə salındığından dünya bazarlarında bahalaşma baş verərsə dərhal eyni operativliklə də qaldırılmalıdır.

Yeri gəlmişkən, neftin qiyməti isə ötən həftədən qalxmağa başlayıb.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti