İdmana sevgisi ölümünə səbəb olan iş adamı...
Azərbaycanda biznes sahəsində tanınan Cem Becel kim olub?
Türkiyə Sənaye və İş Adamları Birliyinin (TUSİAB) İdarə Heyətinin baş katibi Muhsin Sarıhan AzVision.az-a C. Becelle bağlı xatirələrini bölüşüb.
“Cem bəy 2014-ci ildən Bakıda “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru vəzifəsində çalışırdı. Həmin vaxtdan etibarən TÜSİAB-ın üzvü idi.
Çox səmimi insan idi. İş həyatına çox gənc yaşlarında başlayıb. 21 yaşında böyük iş sahibi idi. Cem Becel 20 illik kariyerasında çox böyük uğurlara imza atıb”.
M.Sarıhanın sözlərinə görə, 21 yaşından “Coca-Cola” şirkətində işləyən C.Becel bir çox ölkələrdə uğurlu işlər görüb.
“O, Azərbaycanı öz vətəni kimi sevirdi. Cem bəy Azərbaycanda gənclərin savadlı yetişməsi üçün bir çox layihələrə imza atıb. Gələcəyə dair yeni planları var idi. O, işçilərinin professional olması üçün əlindən gələni edirdi. Böyük vəzifə sahibi olsa da, adi işçilərdən fərqlənmirdi. Onun vəfat etməsi hamını şoka salıb. İşçiləri onun ölümü ilə barışa bilmirlər”.
M.Sarıhan qeyd edib ki, basketbol Cem Becelin sevimli idman növü olub: “Basketbol onun həyatının bir hissəsi idi. O, Bakıda tez-tez idman salonlarında basketbol oynayırdı. İdmana olan sevgisi onun ölümünə səbəb oldu”.
Qeyd edək ki, C.Becelin cənazəsi bu gün səhər saatlarında Türkiyəyə yola salınıb.
Hafiz Əhmədov