İslahatlar hansı nəticəni verəcək? – TƏHLİL

İslahatlar hansı nəticəni verəcək? – TƏHLİL
  05 Fevral 2016    Oxunub:3080
Mərkəzi Bankın (AMB) keçən ilin sonuna yaxın – 2015-ci ilin dekabrın 21-də həyata keçirdiyi ikinci devalvasiya tədbirindən demək olar, 2 aya yaxın vaxt keçir. Bu müddət ərzində nə dəyişib və nələr baş verib, ölkədə cərəyan edən iqtisadi prosesləri necə dəyərləndirmək olar?

AMB-nin keçən ilin fevralın 21-i tarixdə manatı ABŞ dollarına nəzərən 34% ucuzlaşdırması, yəni ilk devalvasiya tədbiri makroiqtisadi sabitliyə zərbə vurmamışdı. Lakin ikinci addım daha ağrılı oldu. Və bu, heç də devalvasiyanın əvvəlkindən yüksək – 48% səviyyəsində həyata keçirilməsi ilə əlaqədar deyil.

Əgər ilk devalvasiya nəticəsində hökumət sosial artımlara getmədisə, ikincidə bu addımı atdı. Əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət büdcəsindən orta hesabla 10% həddində də olsa, bütün zəruri istiqamətlərdə ödənişləri artırmalı oldu.

Hazırda, düzdür, vəziyyət mürəkkəb xarakter alıb, ancaq əsas odur ki, çıxılmaz deyil.

Doğrudur, bəzi məsələlər qabaqcadan diqqət mərkəzində saxlanılsa idi, manatın ucuzlaşması bəlkə, bir o qədər də təsirli olmazdı. Məsələn, bank sektorunda islahat çoxdan aparılmalı idi. Maliyyə sektorunda nəzarət daha sərt xarakter daşımalı idi. Ancaq bir çoxlarının dediyi “qeyri-neft sektoru lazımi səviyyədə inkişaf etməyib” fikri düzgün və məntiqi yanaşma deyil.

Ölkəyə kənardan güclü pul axını olan zaman yüksək rəqabətqabiliyyətli yerli istehsal yaratmaq və buna nail olmaq asan məsələ deyil. Digər tərəfdən, yüksək rəqabətqabiliyyətli qeyri-neft istehsalı yaratmaq o demək deyil ki, loru dildə desək, işçi qüvvəsinin əlinə oraq və cəkic verərək, tələb edəsən ki, gedin, məhsul istehsal edin!.. Bunun üçün ilk növbədə yüksək ixtisaslı kadrlar lazımdır. Həmin kadrları ortaya çıxarmaq üçünsə müvafiq təhsil sistemi mövcud olmalı və bu sahədə bütün işlər tələb olunan səviyyədə təşkil edilməlidir. Bütün bu işləri isə qısa müddət ərzində yerinə yetirmək mümkün deyil.

Hazırda hökumətin qarşısında çox böyük vəzifələr dayanır. Yanvarda Prezident İlham Əliyevin bir-birinin ardınca 3 müşavirə keçirməsi, eləcə də iqtisadiyyatın inkişafı və idarəolunması ilə bağlı imzaladığı müvafiq Fərman və digər normativ sənədlər, o cümlədən əhalinin sosial müdafiəsini gücləndirmək baxımdan artımlarla bağlı qeyd etdiyimiz Sərəncamlar vəziyyətdən çıxış imkanlarının bilavasitə dövlət başçısının nəzarəti altında olduğunu göstərir.

18 yanvar tarixdə investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalanıb. Xarici investorlarla yanaşı, yerli sahibkarlara da ölkə iqtisadiyyatına bacardıqca çox sərmayə qoymaları tələb olunur. Hazırda bu sahədə vəziyyət olduqca qeyri-qənaətbəxşdir. Belə ki, sərmayələr daha çox istehsal sahələrinin yaradılması, kənd təsərrüfatı, sənayenin inkişafına və xidmət sektoruna yatırılmalıdır. Dövlət qurumları - mərkəzi və yerli icra orqanlarının qarşısında isə bunun üçün sahibkarlara tələb olunan hər cür şərait yaratmaq tələbi qoyulub.

Həmçinin, tezliklə geniş özəlləşdirmə prosesinə başlanılacaq. Bu gün ölkədə özəlləşdirilə bilinən və hətta bunun vacib sayıldığı sahə və müəssisələr çoxdur. Prezident də qeyd etdi ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var, onların fəaliyyəti dayanıb. Biznes mühitini yaxşılaşdırmaq, iqtisadi aktivlik yaratmaq və bu sahədə sürətli prosesə nail olmaq üçün bunlar özəlləşdiriləcək. Xarici və yerli investorlar da bu işə cəlb ediləcəklər.

Bundan əlavə, maliyyə bazarında tarazlığı bərpa etmək, nəzarəti artırmaq və düzgün tənzimləməyə nail olmaq məqsədilə yeni mərkəzi vahid qurum – Maliyyə Bazarlarına Nəzarət Palası yaradılır. Eyni zamanda, bank sektorunda köklü şəkildə sərt struktur dəyişiklikləri aparılır. Kapital axınına isə inzibati müdaxilə tədbirlərinin tədbiqinə başlanıb.

Qısa desək, yaranmış situasiya ilə əlaqədar tamamilə yeni iqtisadi inkişaf modeli yaratmaq məqsədilə hökumət genişmiqyaslı islahatlar müstəvisinə daxil olub. Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondunun bu günlərdə Bakıda olmuş faktları araşdırma missiyası da Azərbaycanda dövlət orqanlarının yaranmış çətinliklərin öhdəsindən gəlmək üçün hazır vəziyyətdə olduğunu bəyan edib.

Ancaq bu məqsədlə, əlavə cavab tədbirləri görülməli olduğu, o cümlədən, dövlət üçün zəruri ehtiyatları gücləndirmək lazım gəldiyi vurğulanıb. BVF missiyası da qeyd edib ki, yaxın gələcəkdə proqnozlaşdırma, o cümlədən iqtisadi inkişaf və ödəniş balansına təzyiqlər dövlət orqanları üçün əsas çətinliklər olaraq qalacaq.

Lakin bizcə, hökumət, hər halda, bütün vəzifələrin öhdəsindən gələcək və başlanmış işlər tezliklə öz nəticəsini verəcək. Uzunmüddətli dayanıqlığa nail olmaq üçün isə şübhəsiz ki, hələ çox işlər görmək lazım gələcək.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti