Mirşahin MTRŞ-a cavab verdi- VİDEO

Mirşahin MTRŞ-a cavab verdi- VİDEO
  08 İyul 2013    Oxunub:1433
Televiziya aparıcıları ədəbi dildə deyil, təmiz ana dilində danışmalıdırlar
Milli Televiziya və Radio Şurası Azərbaycanın Teleradio məkanında “Ədəbi dilin qorunması layihəsi” əsasında MTRŞ ilə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013 -cü ilin may-iyun aylarında aparılmış monitorinqlərin hesabatını açıqlayıb. Hesabatda ANS də daxil olmaqla, ölkənin 6 telekanalı monitorinq edilib.

Ədəbi dil normalarına riayət edilməsi haqqında jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, “Jurnalistikanın inkişafına yardım” fondunun sədri, Türkdilli Dövlətlərin Nüfuzlu Jurnalistlər Assosasiyasının fəxri üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti Qulu Məhərrəmli və ANS Televiziyasının aparıcısı, telejurnalist, Amerika-Azərbaycan Akademiyasının professoru, İndiana Televiziya Universitetinin diplomantı, Azərbaycan Respublikasının əməkdar jurnalisti Mirşahin Ağayev öz fikirlərini paylaşdılar.

Qulu Məhərrəmli televiziya verilişlərində aparıcıların dilinin, proqramların dilinin qeydiyyatdan keçirilib hansı nöqsanlara yol verilməsinin aydınlaşdırılmasını müsbət cəhət olduğunu hesab edir:
“Dil problemi televiziyanın problemidir, amma əsas problem deyil. Mən bu problemi 8-10-cu yerə qoyaram. Televiziyaların bu gün əsas problemi “Teleradio haqqında qanun”un maddələrinə əməl edilməməsidir. Məncə, teleradio ilk növbədə bu problemlə məşğul olmalıdır”.

M.Ağayev isə qeyd edib ki, televiziya aparıcıları ədəbi dildə deyil, təmiz ana dilində danışmalıdır:

“Mən hər kəsin hüzurunda bir daha bəyan edirəm ki, dünyada müxtəlif üslublar var.Televiziya dili ədəbi dildən fərqlidir, həmçinin qat-qat artıqdır. Televiziyanın tərkibində ədəbi dil bir fraqment olaraq mövcuddur. Necə ki, hərbi dil, səhiyyə dili, idman dili kimi sahə dilləri mövcuddur. Ədəbi dil də sahə dilidir. Televiziya aparıcıları ədəbi dildə deyil, təmiz ana dilində danışmalıdırlar. Çünki ana dili bütün xalqın dilidir. Biz ədəbi dili dövlət dili elan etməmişik, biz Azərbaycan dilini dövlət dili elan etmişik. Biz ANS olaraq, üslubu dəyişdik. Azərbaycanda televiziya informasiya dilinin yaranmasında əlimizdən gələni etdik. Xəbəri, təqdim etdiklərimizi tamaşaçıya dürüst, doğru çatdırmağa çalışdıq.

Elə buna görə də tamaşaçıların hörmətini qazanmışdıq.

Xatırladım ki, 1991-1992-ci illərdə “Xəbərçi” proqramının reytinqi çox yüksək idi. İnsanlar tutduqları mövqedən real bəhrələnməyi bacarmalıdır. Mən elə hesab edirəm ki, hal-hazırda da Azərbaycan televiziyasında kifayət qədər demokratik dil üslub mühiti var”.






Teqlər:  





Xəbər lenti