`Rusiya imtina etsə, Türkiyə heç nə itirməyəcək`

`Rusiya imtina etsə, Türkiyə heç nə itirməyəcək`
  09 Fevral 2016    Oxunub:3302
“Rusiya parlamentində "Türkiyə ilə imzalanmış Qars müqaviləsi qüvvədən düşməlidir" çağırışlarından narahat olmağa dəyməz”.
AzVision.az-ın məlumatına görə, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, müqavilə pozularsa, yaranacaq durum Türkiyədən çox Rusiyanın maraqlarına toxunacaq: “Çünki Türkiyə kimi Rusiyanın üzərinə götürdüyü öhdəlik və məhdudiyyətlər var. Bu öhdəlik və məhdudiyyətlər ortadan qalxacaqsa, Türkiyə üçün Cənubi Qafqazda istədiyi kimi hərəkət etməyə məhdudiyyət qalmayacaq. Ermənistanın narahatlığı üçün ciddi əsaslar yaranacaq. Naxçıvanın təhlükəsizliyindən də narahat olmağa dəyməz. Qars müqaviləsi pozulacaqsa, Azərbaycan Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə ilə ikitərəfli qarantör müqaviləsi bağlaya bilər. Türkiyənin Naxçıvanda hərbi bazası olacaqsa, Ermənistan ora burnunu soxmağa risk etməyəcək.

Dağlıq Qarabağ və ətraf rayonlar işğal altındadır və Rusiya birbaşa işğalçı Ermənistana dəstək verdiyini gizlətmir. Bunun özü Qars müqaviləsinə ziddir. Rusiya beynəlxalq müqavilələrə hörmətlə yanaşsaydı, Krımı işğal etməzdi. Halbuki, 1994-cü ildə Budapeştdə imzalanan sazişə görə Ukrayna nüvə silahlarının Rusiyaya verilməsi müqabilində Kreml qeyd-şərtsiz Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dolayısıyla heç zaman Krıma göz dikməyəcəyini vəd etmişdi. "Heç zamanın" ömrü cəmii 20 il çəkdi”, - deyə politoloq qeyd edib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər. Maraqlıdır ki, bir müddət əvvəl bununla bağlı Rusiyada yaşayan ermənilər də təşəbbüs irəli sürmüşdülər.

Xatırladaq ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.

Müqavilənin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.

Elvin Abdulqədirov


Teqlər:






Xəbər lenti