Yeni büdcə parlamentə hələ təqdim olunmayıb

Yeni büdcə parlamentə hələ təqdim olunmayıb
  10 Fevral 2016    Oxunub:2328
"2016-cı ilin yenilənmiş dövlət büdcəsi bu yaxınlarda Milli Məclisə təqdim olunacaq".
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib: "Büdcənin parametrləri barədə kifayət qədər məlumat verilib. Yeni layihəyə əsasən zəruri olmayan layihələrin icrası dayandırılacaq. Dövlət başçısının tapşırığına əsasən, heç bir sosial proqramın icrası dayandırılmayacaq. Ümumilikdə, büdcədə sosial xarakterli xərclər əhəmiyyətli dərəcədə artacaq. Dövlət Neft Fondundan transfertlər azalacaq", - deyə Z. Səmədzadə qeyd edib.

Komitə sədri əlavə edib ki, büdcə kəsiri buraxılan istiqrazlar, kompleks özəlləşdirilmə və s. bu kimi addımlar hesabına bağlanacaq.

"Bank sektorunda konsolidasiya aparılmalıdır" - deyən Ziyad Səmədzadə bildirib ki, bəzi kommersiya banklarında problemlər var, onların fəaliyyəti sağlamlaşdırılmalıdır.

Millət vəkili qeyd edib ki, kommersiya bankları kreditləşmə siyasətində real sektora daha çox üstünlük verməlidir: "Real sektora yönələn kreditlər üzrə faiz dərəcəsi də azaldılmalıdır".

O əlavə edib ki, banklar regionlarda ipoteka kreditləşməsini aktivləşdirməlidir. Onun fikrincə, bu addım regionları, onların iqtisadiyyatını canlandıracaq.

Z. Səmədzadə bildirib ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində Azərbaycan büdcə gəlirlərinin formalaşmasında problemləri aradan qaldırmağa meyllənib:

"Biz son zamanlar sahibkarlığın inkişafına xidmət edən bir sıra qanunlar qəbul etmişik və bir neçəsini qəbul edəcəyik. Bununla yanaşı, sahibkarların fəaliyyətinə müdaxilələrin aradan qaldırılması öz müsbət nəticəsini verir. Ölkə başçısının tapşırığına əsasən, regionlarda inkişaf, yeni iş yerlərinin açılması prosesi sürətləndirilib. Başqa sözlə, neftin kəskin ucuzlaşmasına baxmayaraq, iqtisadi inkişafımız davam edəcək", - deyə Z. Səmədzadə bildirib.

Z. Səmədzadə əlavə edib ki, bir sıra təşkilatlar təhlillər, iqtisadi araşdırmalar aparmadan ixtisarlar aparırlar: "Azərbaycanda demoqrafik şərait əlverişlidir, əmək ehtiyatları kifayət qədərdir. Artan əmək ehtiyatları müqabilində yeni iş yerləri yaradılmalıdır.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti