170 min dollara məmur olmaq istəyən şəxs kimdir?

170 min dollara məmur olmaq istəyən şəxs kimdir?
  15 Fevral 2016    Oxunub:4411
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Aparat rəhbəri vəzifəsindən azad edilən Səfər İmanovun dələduzluq əməllərindən ziyan çəkən daha iki nəfər vəkilə müraciət edib.
Bu barədə AzVision.az-a vəkil Adəm Məmmədov məlumat verib.

“Səfər İmanov işə düzəltmək adı ilə daha iki nəfəri aldadıb, Şikayətçilər Səfər İmanova müəyyən məbləğdə pul verdiklərini deyirlər, bunumla bağlı aidiyyatı qurumlara müraciət edəcəyəm”,-deyə vəkil vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanov dələduzluqda ittiham olunur. Vəkil A.Məmmədov bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb və qeyd edib ki, Azərbaycanda Dövlət Komitəsinin aparat rəhbəri vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb.

Yerli KİV-də yayılan məlumatda Səfər İmanovun ötən ilin noyabr ayında işdən çıxdığı bildirilib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov rüşvət ittihamlarına cavab verib. Qurum rəsmi deyib ki, S.İmanovun 170 min dollar pul alması ilə bağlı faktın araşdırılması üçün bu il fevral ayının 7-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib. "Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib", - E.Səfərov əlavə edib.

Maraqlıdır ki, ölkə gündəmini dəyişən hadisənin digər qəhrəmanı - 170 min dollar verməklə icra başçısının müavini olmaq istəyən şəxsin adı mətbuata açıqlanmır.

Vəkil A.Məmmədovun sözlərinə görə, həmin şəxs adının mətbuatda çəkilməsini istəmir.

“Rəsmi qurumlara onun kimliyi ilə bağlı məlumat verilib. Sadəcə həmin şəxs özü istəmir ki, adı mətbuatda hallansın”-deyə vəkil söyləyib.

Sosial şəbəkələrdə yayılan iddialara görə, icra başçısının müavini olmaq üçün 170 min dollar rüşvət verən şəxs aparıcı KİV-lərdən birinin şöbə redaktorunun həyat yoldaşıdır. Həmin şəxsin jurnalistlərin binasında evi var.

Dövlət qəzetlərindən birində redaktor işləyən şəxs xanımını icra başçısının müavini vəzifəsinə düzəltmək üçün verdiyi 170 min dollar pulu mənzilini girov qoyaraq götürübmüş.

Anar Kəlbiyev




Teqlər:  






Xəbər lenti