`Ötən il 2750 nəfər həbs edilib` - Fikrət Məmmədov hesabat verdi

`Ötən il 2750 nəfər həbs edilib` - Fikrət Məmmədov hesabat verdi
  15 Fevral 2016    Oxunub:2179
Ötən il 2300 məhkum azad edilib

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə geniş kollegiya iclası keçirilib.

AzVision.az xəbər verir ki, nazirliyin struktur qurumlarının, regional və yerli ədliyyə orqanlarının rəhbər şəxslərinin, gənc ədliyyə işçilərinin, ictimaiyyət və media nümayəndələrinin iştirak etdiyi kollegiyada Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin yanvar ayında keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və ölkənin sosial-iqtisadi inkişafına dair iclaslarda verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunub.

Nazir F.Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, respublikamızın sabit və təhlükəsiz ölkə kimi davamlı sosial-iqtisadi tərəqqisini vurğulayıb, dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış durumuna mənfi təsirinin azaldılmasında dövlətimizin güclü siyasi iradəsini qeyd edib.

Bildirilib ki, dövlət başçısının yeni qlobal çağırışlara uyğun həyata keçirdiyi köklü iqtisadi islahatlar, qətiyyətli addımları qlobal iqtisadi böhranın Azərbaycana təsirini minimuma endirir. Ölkə Prezidenti tərəfindən qeyri-neft sektorunun və azad sahibkarlığın inkişafı, yerli istehsalın sürətləndirilməsi, insanların sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması və bu sahədə dövlət nəzarətinin artırılması üzrə kompleks tədbirlərin görülməsi, korrupsiyaya qarşı mübarizədə, iş adamlarının hüquqlarının təmin olunması, ictimai münasibətlərin müasir tələblərə uyğun tənzimlənməsində dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi əhalinin mənafelərinə və sosial-iqtisadi tərəqqiyə xidmət edir.

Nazirliyin yeni istifadəyə verilmiş və müasir İKT ilə təchiz olunmuş akt zalında keçirilən iclasda ədliyyə orqanları tərəfindən görülmüş işlər İKT vasitəsilə əyani təqdimatla müşayiət olunmaqla təhlil edilib. Qeyd olunub ki, 2015-ci ildə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət başçısının tapşırıqlarının icrası üzrə mühüm tədbirlər həyata keçirilib.

2015-ci ildə nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş 780 qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 2670 belə akt hüquqi ekspertizadan keçirilib. Milli qanunvericiliyin elektron bazasına 2330 sənəd daxil edilib və il ərzində həmin bazaya vətəndaşlar tərəfindən 180 mindən çox başçəkmə olub.

Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətə saxlanılaraq 42 mindən çox vətəndaş müraciətinə baxılıb, 9800-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanlarında aparılan əməliyyatların sayı 3,3 milyonu ötüb, 344 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 37 milyon manatadək dövlət rüsumu və haqq ödənilib. Vətəndaş məmnunluğu doğuran və 7 milyon insanın faydalandığı Azərbaycanın milli brendinə çevrilmiş "ASAN xidmət" mərkəzləri çərçivəsində 1,7 milyon əməliyyat ədliyyə orqanları tərəfindən həyata keçirilib. Vətəndaşlar nazirlik tərəfindən göstərilən 20 elektron xidmətdən yararlanıblar. "Elektron notariat" informasiya sistemi də təkmilləşdirilərək bir çox yeni funksiyalar əlavə edilib.

Dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.100-ü ötüb, KİV-lərin sayı isə 5.100-ə çatmaq üzrədir.

Ölkə Prezidentinin sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılması ilə bağlı göstərişlərinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestri xeyli təkmilləşdirilib.

2015-ci ildə əvvəlki illə müqayisədə icra işlərinin sayı 50 faizdən çox artıb. Onlardan 220 mindən çoxunun icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 168 milyon manat vəsaitin ödətdirilməsinə nail olunub. İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5.520 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 2.750 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 370 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 6.238 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.
Məhkəmə ekspertizası mərkəzinə 41 ekspert ixtisası üzrə 27 mindən çox iş daxil olub, ekspertlər 530 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-ni həll ediblər.

Nazirliyin kadr potensialının gücləndirilməsi, o cümlədən gənclərin işlə təminatı daim diqqət mərkəzində saxlanılıb, keçirilmiş müsabiqələr nəticəsində 435 nəfər ədliyyə orqanlarına qulluğa qəbul edilib.

Ötən il penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi, cəzaçəkən şəxslərin hüquqlarının qorunması, saxlanma şəraitinin tibbi təminatın yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilib. Məhkumların şəxsi işlərinin idarə edilməsi üzrə vahid elektron məlumat bazasının və xüsusi proqram təminatının hazırlanması bu sahədə işin səmərəsinin artırılmasında yeni imkanlar yaradıb.

Ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilir, vətəndaş cəmiyyətinin nümayəndələri nazirliyin ayrı-ayrı istiqamətləri üzrə, o cümlədən penitensiar sahədə tədbirlərə cəlb olunurlar. Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri dövlətimizin başçısının humanizm siyasəti nəticəsində qəbul edilmiş əfv aktlarının icrasında, habelə məhkumların islah olunması prosesində yaxından iştirak ediblər.
İctimai Komitə üzvlərinin də iclaslarına fəal qatıldığı Məhkumların cəzadan vaxtından əvvəl şərti azad edilməsi üzrə Xüsusi Komissiya səmərəli fəaliyyət göstərib, məhkəmələrə təqdim olunmuş 2300 məhkumun əksəriyyətinin müraciəti müsbət həll edilib.

Kollegiyada bu il fevralın 12-də Milli Məclisdə dinlənilmiş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə barədə məlumat verilib.

Bildirilib ki, 2015-ci ildə yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 59 minə qədər bələdiyyə aktına baxılıb, onlardan 1700 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, təmin edilməyən təkliflərlə bağlı məhkəmələrdə 19 iddia qaldırılıb. Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1.400-dən çox hektar torpaq sahəsi geri qaytarılıb. 65 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib, həmçinin qanunvericiliyin tələblərini pozmuş 388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Parlamentdə müzakirələr zamanı deputatlar tərəfindən bələdiyyələrin fəaliyyəti və problemlərindən çıxış yolları barədə təkliflər səsləndirilib, sonda məruzə səsə qoyularaq təsdiq edilib.

Kollegiyada həmçinin bildirilib ki, 2015-ci ildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığı genişlənib, o cümlədən Pakistan və Çin ilə ölkəmiz arasında məhkumların verilməsi haqqında müqavilələr imzalanıb, beynəlxalq öhdəliklərdən irəli gələn məsələlərlə bağlı 17.500-dək sorğunun icrası üzrə tədbirlər görülüb.
Tədbirdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlərə toxunulub, ölkə Prezidentinin iştirakı ilə Bakı şəhəri Sabunçu və Şəki məhkəmə komplekslərinin istifadəyə verilməsi qeyd olunub və dövlət başçısının bu sahədə verdiyi tapşırıqlarının icrası üzrə görülən tədbirlərdən danışılıb.

İclasda həmçinin, ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, onların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Ölkə Prezidentinin korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin genişləndirilməsi ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulmasının, etik davranış qaydalarına dönmədən əməl etməyin və vətəndaşlara qayğılı münasibətin hər bir ədliyyə işçisinin ən ümdə vəzifəsi olduğu xüsusilə qeyd olunub, konkret tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə fəaliyyətində işin səmərəliliyinin artırılması, vətəndaşların müraciətlərinə hər zaman həssas və qayğı ilə yanaşılması, insanlarla daha çox təmasda olan ədliyyə qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, ədliyyə orqanlarında əmək və icra intizamının gücləndirilməsi, vakansiyaların çevik doldurulması, maliyyə nəzarətinin yüksəldilməsi, izafi xərclərə yol verilməməsi üzrə və digər aidiyyəti tədbirlər müəyyən edilib.

İclasda iştirak edən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edərək ölkə rəhbərliyi tərəfindən ictimai iştirakçılığa xüsusi önəm verildiyini vurğulayıb, görülən işləri müsbət qiymətləndirib, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə edib, bir sıra təkliflər irəli sürüblər.

Kollegiyada dövlət başçısının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında Fərmanının icrası ilə bağlı vəzifələr müzakirə olunub, nazirlikdə belə bir şura yaradılıb. Həmçinin, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti