Davudoğlu Bakını çətin sual qarşısında qoydu

Davudoğlu Bakını çətin sual qarşısında qoydu
  16 Fevral 2016    Oxunub:4253
“Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Kiyevdə deyib ki, Rusiya Dağlıq Qarabağın işğalında Ermənistana dəstək verib. Böyük ehtimalla rəsmi Bakı bu açıqlamanı nə təsdiq, nə də təkzib edəcək”.

AzVision.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. Politoloq Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycanla bağlı Ukraynada verdiyi bəyanatı şərh edərək rəsmi Bakının çətin sual qarşısında qaldığını deyib.

“Rəsmi Bakı Davudoğlunun fikirlərini təsdiq edərsə, Rusiyaya meydan oxumuş kimi çıxacaq. Təkzib isə Davudoğlunu yalançı çıxarmaqdır ki, bu da Ankara ilə münasibətlərin soyuması deməkdir. Əslində Davudoğlu rəsmilərimizin Rusiya ilə bağlı qapalı qapılar arxasında söylədiyini açıq deyib. İki gün sonra Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Gəncəyə gələcək, eyni fikri onun da Azərbaycanda söyləyəcəyi istisna deyil.

Aydındır ki, rəsmi Bakı Rusiya ilə münasibətlər gərginləşməsin deyə, Dağlıq Qarabağın işğalında Rusiyanın adını hallandırmaqdan çəkinir. Ancaq rəsmilərimiz özləri də etiraf edir ki, Ermənistan təkbaşına torpaqlarımızı işğal edə bilməzdi. Demək, hansısa məqamda Davudoğlunun açıqlamasına reaksiya vermək də lazım gələ bilər. Azərbaycan rəsmiləri torpaqlarımızın işğalında Rusiyanın adını çəkə bilmirlərsə, heç olmazsa "Rusiya istəsə Ermənistan hakimiyyətinə təsir edib, Dağlıq Qarabağ ətrafındakı boşalda bilər" ifadəsini işlədə bilərlər”,-deyə E.Şahinoğlu vurğulayıb.



Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun ukraynalı həmkarı Arseniy Yatsenyukla keçirdiyi mətbuat konfransında Rusiyanı ittiham etməsi növbəti müzakirələrə yol açıb. Əhməd Davudoğlu açıqlamasında Rusiyanın Gürcüstan, Ukrayna, Suriyadan sonra Azərbaycanın ərazi bütövlüyünə də təhlükə yaratdığını bəyan edib.

“Yeni Rusiya siyasətinin konsepsiyası istilaçılıq və aqressivlikdir. Abxaziyada başlayan situasiya Krımda davam etdi. İndi 3 ölkə var ki, Rusiya onların ərazi bütövlüyün pozub: Gürcüstan, Suriya və Ukrayna. Ermənistana verdiyi dəstəkdən dolayı Azərbaycanın da ərazi bütövlüyü Rusiyanın təhdidi altındadır”,-deyə baş nazir bildirib.

Türkiyə hökumət başçısının dediklərinə Rusiyanın reaksiyası gecikməyib. Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlamasında Əhməd Davudoğluna Osmanlı imperiyasının mövcud olmamasını xatırladıb.

“Davudoğlu anlamalıdır ki, Osmanlı imperiyası çoxdandır yoxdur. Regionda bir ölkənin diktəsi keçməyəcək. Çünki bu, müasir prinsiplərə uyğun deyil”.

Rusiya XİN təmsilçisi qeyd edib ki, Rusiya Azərbaycanla dostluq, əməkdaşlıq münasibətləri qurur və Türkiyə bu əlaqələrin zəifləməsini istəyir: “Türkiyə bu əlaqələri korlaya bilməyəcək. Türkiyə yeni Osmanlı imperiyası rolunu oynamağa hazırlaşdı. Amma xatırlamalıdır ki, o vaxtlar bunu “Avropanın Xəstə insanı” adlandırıblar.

Rüstəm İsmayılov
AzVision.az


Teqlər:  





Xəbər lenti