`Davudoğlu mənim sözlərimi təkrar edir` - Deputat

`Davudoğlu mənim sözlərimi təkrar edir` - Deputat
  16 Fevral 2016    Oxunub:4762
“Türkiyə Azərbaycana dost dövlətdirsə, Davudoğlu belə açıqlamanı Rusiya ilə münasibətləri normal olanda verməli idi”.
Bunu AzVision.az-a millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ukraynada Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Əhməd Davudoğlu mənim sözlərimi təkrar edir. Dağlıq Qarabağı Rusiya işğal edərək ermənilərə verib. Bunu illərdir deyirəm. Rusiya ilə münasibətlərin kəskinləşdiyi bir dövrdə Türkiyə yaxşı olar ki, öz problemləri ilə məşğul olsun”.

A.Əlizadə bildirib ki, Rusiyanın Qarabağda törətdiyi əməlləri Türkiyə hazırda Suriyada etmək istəyir: “Türkiyə Azərbaycana dost dövlətdirsə, Qarabağda ermənilərlə döyüşərdi. Amma, biz bunun əksini gördük. Türkiyə Ermənistana qarşı iqtisadi blokadaya qoşulsa da, Ermənistanla tiracət dövriyyəsi İrandan çoxdur. Hesab edirəm ki, hazırda bölgədə çirkin oyun gedir. Yaxşı olar ki, Türkiyə öz oyununa bizi qatmasın”.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun ukraynalı həmkarı Arseniy Yatsenyukla keçirdiyi mətbuat konfransında Rusiyanı ittiham etməsi növbəti müzakirələrə yol açıb. Əhməd Davudoğlu açıqlamasında Rusiyanın Gürcüstan, Ukrayna, Suriyadan sonra Azərbaycanın ərazi bütövlüyünə də təhlükə yaratdığını bəyan edib.

“Yeni Rusiya siyasətinin konsepsiyası istilaçılıq və aqressivlikdir. Abxaziyada başlayan situasiya Krımda davam etdi. İndi 3 ölkə var ki, Rusiya onların ərazi bütövlüyün pozub: Gürcüstan, Suriya və Ukrayna. Ermənistana verdiyi dəstəkdən dolayı Azərbaycanın da ərazi bütövlüyü Rusiyanın təhdidi altındadır”,-deyə baş nazir bildirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti