NATO Qarabağın həllində Minsk qrupunu dəstəkləyir

NATO Qarabağın həllində Minsk qrupunu dəstəkləyir
  16 Fevral 2016    Oxunub:1567
`Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır`.
AzVision.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. Onun sözlərinə görə, Azərbaycan xüsusilə enerji təhlükəsizliyi baxımından NATO üçün strateji əhəmiyyət kəsb edir.

Ceyms Appaturay Qarabağ münaqişəsi barədə də danışıb: “NATO Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunmayıb və NATO-nun münaqişə ilə bağlı mövqeyi var. Təmas xəttindəki vəziyyət gərginlik yaradır. Bu, çətin durumdur. Alyans hesab edir ki, tərəflər sülh yolu ilə həll prosesi üzərində işləməlidir. Rəsmi mövqeyimiz budur ki, biz Minsk Qrupunu və sülh yolu ilə qarşılıqlı razılaşdırılacaq həlli dəstəkləyirik”. O münaqişə ilə bağlı son durumu prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə etdiyini söyləyib.

O bildirib ki, Azərbaycan NATO ilə birgə səylər üçün etibarlı, əhəmiyyətli və dayanıqlı töhfə verən bir ölkədir: “Bunun ən böyük nümunəsi isə Əfqanıstanda əməkdaşlıqdır. Azərbaycanın Əfqanıstanla xüsusi əlaqələri mövcuddur. Biz əfqan təhlükəsizlik qüvvələrinə təlim keçmək sahəsində birgə işləyirik. Bildiyimə görə, bir neçə həftə ərzində əfqan rəsmiləri Azərbaycana gələcəklər. Bizim hər birimiz Əfqanıstanın öz təhlükəsizliyini təmin etməyə qadir olmasında maraqlıyıq. Azərbaycanın bu sahədəki töhfələrini yüksək qiymətləndiririk. NATO həmçinin Azərbaycanın təhlükəsizliyinə töhfə verir. Biz Azərbaycanla müdafiə sahəsində islahatlar və bu sahənin daha effektli olması üçün ölkəni texniki və zəruri məsləhətlə təmin etmək üçün davamlı işləmişik”.

C. Appaturay qeyd edib ki, Fərdi Tərəfdaşlıq Planı (IPAP) çərçivəsində əməkdaşlıq yaxşı gedir: "Bu, iki illik bir dövrü əhatə edir və biz ikinci ilin sonuna yaxınlaşırıq. Mənim həmkarım bu yaxınlarda Azərbaycana gələcək və növbəti 2 illiyin başlaması üçün müzakirələr aparacaq. Biz yenilənmiş məqsədləri də müzakirə edəcəyik. Əməkdaşlıq yaxşı gedir. Azərbaycan görmək istədiyimiz işlərin həyata keçirilməsi sahəsində bizimlə çox sıx işləyir. Bu, çox müsbətdir. Bizim təklif edə biləcəklərimizdən daha çox imkan var. Məsələn, müdafiə sahəsində effektivliyi və şəffaflığı artırmaq kimi məsələlər. Bütün hallarda biz bundan çox razıyıq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti