`Əli Kərimlinin gizli görüşlərinin videosu var`

`Əli Kərimlinin gizli görüşlərinin videosu var`
  16 Fevral 2016    Oxunub:24102
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun AXCP sədri Əli Kərimlinin hakimiyyətlə danışıqlar aparması haqda şok açıqlaması siyasi müstəvidə aktual mövzu olaraq qalır.

S.Novruzov deyib ki, 2000-ci ildə Əli Kərimli dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: “Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var. Əli Kərimli şəxsi mənafeyi naminə ömrü boyu öz dostlarını, yoldaşlarını satmaqla məşğul olub”.

Vaxtilə Əli Kərimlinin müavini olan, hazırda özünə yeni AXCP təsis edən Razi Nurullayev AzVision.az-a açıqlamasında S.Novruzovun dediklərini təsdiqləyib. Onun sözlərinə görə, Əli Kərimlinin hakimiyyət təmsilçiləri ilə görüşünü əks etdirən videogörüntülər mövcuddur.

“Əli Kərimli hakimiyyətlə işbirliyinə getmək istəyirdi. İqtidarla işbirliyinə getməyin, hakimiyyətdən rüşvət almağın, müxalifət arasında dağınıqlıq yaratmağın, onu parçalamağın bünövrəsini Əli Kərimli qoyub və bunu öz istəyi ilə edib.

Əli Kərimlinin hakimiyyətlə apardığı gizli görüşmələrin videosu var. Çox yüksək səviyyələrdə Əli Kərimli ilə iqtidar nümayəndələri arasında gecə görüşləri keçirilib. Hakimiyyət Əli Kərimlinin keçirdiyi görüşlərin videogörüntülərini saxlayır. Bu görüntülər ona görə yayımlanmır ki, orada Əli Kərimli ilə yanaşı hakimiyyət içərisində təmsil olunan bir çox insanın siması görünür. Hakimiyyət isə hələlik həmin insanları aşkara çıxarmaq istəmir. Əli Kərimlini qoruyan faktor budur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti