`Müxalifətlə dialoqa hazırıq` - YAP-dan açıqlama

`Müxalifətlə dialoqa hazırıq` - YAP-dan açıqlama
  17 Fevral 2016    Oxunub:2577
“Yeni Azərbaycan Partiyası ölkənin müstəqilliyini və dövlətçiliyi müdafiə edən istənilən siyasi qüvvə ilə dialoqa hazırdır”.
Bu fikirləri AzVision.az-a Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, YAP vaxtaşırı ölkədə fəaliyyət göstərən siyasi partiyalarla dialoqa gedir: “Konkret olaraq Müsavat partiyası ilə dialoqa getməkdə heç bir problem yoxdur. Baxmayaraq ki, onlar bizə qarşı qatı müxalifətdədirlər, radikal oppenentlərimiz sayılırlar. Onlar görüş istəyirlərsə, partiyaya müraciət etsinlər. Biz bu təkfili nəzərdən keçirdikdən sonra belə bir görüş ola bilər”.

“Müxalifətlə dialoq baş tutarsa, hansı məsələlərin müzakirəsinə ehtiyac var” sualına A.Mirzəzadə belə cavab verib: “Biz müxalifətlə hakimiyyət orqanlarının səlahiyyətlərinə daxil olan məsələlərdən başqa digər mövzuları müzakirə edə, fikir mübadiləsi apara bilərik. Çünki, bəzən müxalifət qüvvələri elə hesab edirlər ki, dialoqdakı razılaşmalar konstitusiya hüququ qüvvəsindədir və mütləq həyata keçməlidir. Unutmaq olmaz ki, YAP və digər partiyalar siyasi qüvvələrdir, onlar hakimiyyətin formalaşmasında iştirak edirlər və qazandıqları mandata əsasən hakimiyyəti həyata keçirirlər. Ona görə də hansısa dialoqda razılaşdırılan qərarlar heç vaxt konstitusiyanı və qanunları əvəz edə bilməz”.

A.Mirzəzadə qeyd edib ki, YAP-la dialoq hanısa siyasi partiyanın xahişi ilə baş tuta bilər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti