`İmkan verməyəcəyik ki, daxili işlərimizə qarışsınlar` - İlham Əliyev

`İmkan verməyəcəyik ki, daxili işlərimizə qarışsınlar` -  İlham Əliyev
  17 Fevral 2016    Oxunub:2886
Bir də demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır

"Müstəqillik illərində Azərbaycanda yüzlərlə məscid tikilib, bütün dini abidələr yenidən qurulur və dövlət tərəfindən qorunur. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənir, cəmiyyətin inkişafı üçün bu münasibətlər böyük əhəmiyyət kəsb edir".

Bunu Azərbaycan prezidenti İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşdə deyib.

Azərbaycanın müsəlman aləmində həmrəyliyin əldə olunmasına çalışdığını deyən dövlət başçısı son illər dünyada baş verən hadisələrin təəssüf doğurduğunu deyib: “Əfsuslar olsun ki, müsəlman aləmində vəziyyət son vaxtlar o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni ziddiyyətlər, yeni qarşıdurmalar əlavələr olunub. Bu bizi çox narahat edir. Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik daha da möhkəmlənsin. Bu məqsədlə ölkəmizə müxtəlif tədbirlər keçirilib. İƏT-in, İSESCO-nun xətti ilə tədbir keçirilib. Bu gün müsəlman aləmində, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır. Azərbaycanın dinlərarası münasibətlərdə oynadığı rol bütün müsəlman aləmində yüksək qiymətləndirilir”.

Dövlət başçısı ölkədə bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını, son illər Bakıda keçirilən beynəlxalq forumların, tədbirlərin dünyada mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib.

"Son illər dünyada, xüsusilə Yaxın Şərqdə xarici müdaxilədən əziyyət çəkən insanlar canlarını qurtarmaq üçün böyük əziyyətlərə qatlaşaraq, təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Orada isə onlara qarşı bəzi hallarda nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır"-deyən İlham Əliyev Azərbaycanın da ötən əsrin 90-cı illərinin əvvəllərində humanitar fəlakətlə üzləşdiyini, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb.

Dövlər başçısının sözlərinə görə, bu gün müşahidə olunan immiqrant probleminin digər tərəfi Avropada radikal meyllərin arması ilə bağlıdır ki, bu da özlüyündə dinlərarası münasibətlərdə böhrana gətirib çıxara bilər.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən prezident İlham Əliyev keçən il Bakıda Avropa oyunlarının, gələn il isə İslam həmrəyliyi Oyunlarının keçiriləcəyini deyib: "Bütün bunlar bölgədə və dünyada sabitliyə töhfə verib. Biz öz yolumuzla gedirik, başqa ölkələrin daxili işinə qarışmırıq və belə bir fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, verməyəcəyik ki, daxili işlərimizə qarışsın. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Harada vəziyyətin ağır olduğunu görürük, sözümüzü deyirik, yol göstəririk, öz nümunəmizi təklif edirik. Sadəcə kimisə tənqid etmək üçün hansısa fikirləri səsləndirmirik. Deyirik ki, baxın bu məsələ Azərbaycanda necə həll olunub. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid ideya, amal uğrunda birləşə bilir? Niyə başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökürlər? Yaxın Şərqdə vuruşanların əksəriyyəti anlamır, bilmir ki, kimin tərəfində vuruşur, kimin maraqlarını müdafiə edir.

Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar. Elə günə salırlar ki, o şəhərlərin bərpası, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Niyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi var. Harada hakimiyyət möhkəmdir, xalqla bir yerdədir, heç bir kənar qüvvə bu hakimiyyətin iradəsinə təsir edə, hakimiyyəti heç bir avantüraya çəkə bilməz. Bir də demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi də Azərbaycan xalqıdır".

AzVision.az


Teqlər:  





Xəbər lenti