İlham Əliyev: `Təzyiqlər olsa belə, bu yoldan dönməyəcəyik`

İlham Əliyev: `Təzyiqlər olsa belə, bu yoldan dönməyəcəyik`
  18 Fevral 2016    Oxunub:4708
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb.

Dövlət başçısı mərasimdə nitq söyləyib:

“İmamzadə” dini mədəniyyət abidəsinin yenidənqurma və əsaslı bərpadan sonra açılışı münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bugünkü mərasimdə ölkəmizin hər bir bölgəsindən din xadimləri, nümayəndələr iştirak edirlər. Onları mən dəvət etmişəm. Çünki “İmamzadə” abidəsi bizim ümumxalq sərvətimizdir. “İmamzadə” bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Əfsuslar olsun ki, müsəlman aləmində son vaxtlar vəziyyət o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni ziddiyyətlər, yeni qarşıdurmalar əlavə olunur. Bu, bizi çox narahat edir. Mən tam əminəm ki, əgər dünyada bundan sonra da dini zəmində qarşıdurmalar davam edərsə, bu, böyük fəlakətə gətirib çıxaracaqdır. Biz artıq hər il yeni münaqişə ocaqlarını, yeni problemli yerləri görürük.

Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. O cümlədən bu yaxınlarda Suriya böhranı ilə bağlı Londonda keçirilmiş konfransda çıxış edərkən demişəm ki, Azərbaycan 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdi. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən didərgin düşmüşdür. O vaxt bizim nə imkanımız, nə pulumuz var idi, iqtisadiyyat tamamilə dağılmış vəziyyətdə idi. Biz demək olar ki, təkbaşına o böhranın öhdəsindən gəlirdik.

Düzdür, o vaxt - 2010-cu ilə qədər beynəlxalq donor təşkilatları bizə yardımlar edirdilər. Amma təbii ki, o yardımlar 1 milyon insanın tələbatını ödəyə bilməzdi. Yəni, biz bunu təkbaşına etmişik, bu sınaqdan çıxmışıq. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçüb. Ona görə, bəzi hallarda Yaxın Şərqdən köç edən miqrantlara olan belə münasibət başadüşülən deyil.

Azərbaycan, əlbəttə ki, dünya miqyasında o qədər də böyük ölkə deyil. Ancaq bizim sözümüzün böyük mənası və çəkisi var. Ona görə, şəxsən mən bütün bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini dünya birliyinə çatdıranda, eyni zamanda, bunun həll yollarını da göstərirəm. Həll yolları da Azərbaycan nümunəsidir. Nə üçün bu gün bəzi ölkələrdə deyirlər ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizmin gələcəyi yoxdur? Bu, səhv bir fikirdir. Baxın, Azərbaycanda multikulturalizm yaşayır.

Biz öz yolumuzla gedəcəyik. Bu gün Azərbaycan istənilən istiqamət üzrə öz inkişaf modelini ortaya qoyur və gözəl nəticələr də bu modelin nə qədər düzgün olduğunu sübut edir. Biz multikulturalizmlə bağlı əlavə tədbirlər də görəcəyik. Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Keçən il Azərbaycanda Avropa Oyunları keçirilib, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, sadəcə olaraq İslam və Avropa ölkələri idmançılarının yarışı deyil, bu, bizim ümumi, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. Biz öz məsuliyyətimizi belə qəbul edirik, belə başa düşürük. Biz bu məsuliyyəti ilk növbədə, dövlətimizin, xalqımızın mənafeyi, digər tərəfdən bölgədə sabitliyin bərpası üçün daşıyacağıq. Çünki əgər bölgədə sabitlik bərpa olunmasa, istər-istəməz bu, bizə də təsir edə bilər. Siz də, indi mətbuatı izləyən insanlar, bizim ictimaiyyət də bilir ki, Azərbaycanı müxtəlif düşərgələrə, bizə aid olmayan işlərə cəlb etmək istəyirlər. Biz öz yolumuzla gedirik. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Biz görürük ki, harada vəziyyət ağırdır bunu deyirik, yol göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq, kimisə tənqid etmək üçün hansısa fikirləri demirik. Deyirik ki, baxın, Azərbaycanda bu məsələlər necə həll olunur. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda birləşə bilir, başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökür, qırır? Heç başa düşmür nəyə görə? Yaxın Şərqdə vuruşanların böyük əksəriyyəti anlamır ki, onlar nəyə görə, kimin tərəfində vuruşurlar, kimin maraqlarını müdafiə edirlər. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar, elə günə salırlar ki, o şəhərlərin, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Nəyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi. Harada ki, hakimiyyət möhkəmdir, xalqla bir yerdədir heç bir kənar qüvvə o hakimiyyətin iradəsinə təsir edə bilməz, o hakimiyyəti heç bir avantüraya çəkə bilməz.

Bir daha demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur.

Bu gün burada bütün Azərbaycan toplaşıbdır. Azərbaycanın hər bir rayonundan nümayəndələr buradadır. Onları salamlayıram. Xahiş edirəm ki, mənim salamlarımı yaşadıqları bölgələrin sakinlərinə çatdırsınlar. Gəncə sakinlərini salamlayıram, təbrik edirəm ki, “İmamzadə” dini-mədəniyyət mərkəzi yeni görkəm alıbdır. Sağ olun, sizə yeni uğurlar arzulayıram.

AzVision.az


Teqlər:  





Xəbər lenti