Büdcə niyə artırılır? - TƏHLİL

Büdcə niyə artırılır? - TƏHLİL
  19 Fevral 2016    Oxunub:5752
Cari ilin büdcəsinə ediləcək dəyişikliklər (Milli Məclisin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq) artıq, məlumdur. Əslində, hər şey qabaqcadan deyilmişdi. Bəllidir ki, 2016-cı ilin dövlət büdcəsinin həm gəlir, həm də xərclər hissəsi təqribən, 2 milyard manat civarında artırılacaq.

Başqa sözlə desək, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon, xərcləri isə 18 milyard 495 manat edəcək. Müqayisə üçün qeyd edək ki, bu rəqəmlər əvvəlcə müvafiq olaraq 14,566 milyard və 16,264 milyard manat nəzərdə tutulmuşdu. Dəyişiklikdən sonra birinci rəqəm 2,256 milyard manat və ya 15,5%, ikinci isə 2,231 milyard manat və ya 13,7% çox təşkil edəcək.

Sual yaranır ki, buna səbəb nədir və yaxud, büdcə niyə dəyişdirilir?

Neftin dünya bazar qiymətlərinin qeyri-qənaətbəxş olduğu vaxtda büdcə gəlirləri ilə xərclərin artırılması, başqa sözlə desək, cəmi bir neçə ay öncə müəyyən edilmiş və Milli Məclis tərəfdən də təsdiq edilmiş proqnoz göstəricilərini dəyişdirmək ilk baxışda məntiqsiz görünür. Belə ki, sözügedən addımı atmaq lazım gəlirdisə də belə, məntiqlə rəqəmlər artırılmalı deyil, aşağı salınmalı idi. Ancaq bizdə isə tərar edirik, artırılacaq. Səbəb nədir?

Əvvəla, büdcəyə dəyişikliklərin əsasını neftin 1 barrelinin onda müəyyən edilən qiymətinin 50 ABŞ dollarından 25-ə salınması təşkil edir. İkincisi, 2015-ci ilin nə icmal, nə də dövlət büdcəsi nəzərdə tutulduğu kimi icra edilməyib. Üçüncüsü, məlum devalvasiya tədbiri ilə əlaqədar, cari ilin demək olar, ilk aylarından bütün növ sosial istiqamətlərdə artımlara gedildi: dövlət başçısı bu haqda Sərəncamlar imzaladı.

Və ən nəhayət, neftin dünya bazar qiyməti ilə əlaqədar, Neft Fondu (ARDNF) və Dövlət Neft Şirkəti (SOCAR) tərəfdən büdcəyə ödənişlər manatın məzənnəsi üçün ciddi təzyiq yaradır. Lakin bütün bunlardan bəlkə də ən önəmli səbəb cari ilin büdcəsinin keçən il noyabrın 1-də Milli Məclisə seçkilərlə əlaqədar əvvəlki illərdən fərqli olaraq, daha tez təsdiq edilməsi sayılmalıdır.

Yəni, göründüyü kimi kifayət qədər əsas var. Odur ki, bəziləri deyirlərsə ki, bu, düzgün proqnozlaşdırmanın olmamasının nəticəsidir, çox böyük səhvə yol verirlər. Neftin qiyməti ən çox keçən ilin məhz IV rübündə ucuzlaşdı: 30 dollardan aşağı düşdü. Bu vaxt isə büdcə artıq, təsdiq olunmuşdu. Ümumiyyətlə, neftin dünya bazarlarında qiymətləri elə həddə və vəziyyətdədir ki, 1 sutka sonra nə baş verəcəyini proqnoz etmək əsla, mümkün deyil.

Ona görə də, bilərəkdən qərəzə yol vermək lazım deyil.

Dəyişikliklərlə əlaqədar diqqəti çəkən məqamlar var. Onlardan biri budur ki, dövlət büdcəsi üzrə əvvəl proqnozlaşdırılan kəsir demək olar, eyni səviyyədə qalsa da, icmal büdcədə artıb. Özü də çox kəskin şəkildə... Bu da onunla əlaqədardır ki, dəyişiklikdən sonra 2016-cı il icmal büdcənin gəlirləri 15738,6 milyon manat - təsdiq ediləndən 981,5 milyon manat və yaxud 5,9% az nəzərdə tutulsa da, xərclər 23,1% - 4 milyard 610,2 milyon artırılaraq 24 milyard 566,6 milyon manata çatdırılıb. Nəticədə icmal büdcənin kəsiri 8 milyard 828 milyon manat, ARDNF-in gəlirlərini nəzərə almadan isə 12 milyard 309,3 milyon manat təşkil edəcək.

Bu, əsasən, icmal büdcənin neft gəlirlərinin hesablanması üçün 1 barrel xam neftin qiymətinin təsdiq olunmuş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində ARDNF gəlirlərinin 3 milyard 230,3 milyon manat azalması hesabına baş verəcək.

Ancaq əsas məsələ dövlət büdcəsidir. Ona görə ki, qeyd olunan kəsir icmal büdcəyə aid olduğundan, nəzərə almalıyıq ki, onun içində ARDNF, Dövlət Sosial Müdafiə Fondu və sair də gedir. Bu da faktik olaraq, hər bir qurumun gəlir və çıxarını ayrı-ayrılıqda nəzərdən keçirməyi tələb edir. Yəni, qeyd etdiklərimizin hər biri üzrə kəsirin necə təşkil edəcəyi diqqət mərkəzində saxlanmalıdır. Bu baxımdan isə ən vacibi sözsüz, dövlət büdcəsidir. Dövlət büdcəsində dəyişiklikdən sonra kəsirin yuxarı həddi 1 milyard 673 milyon manat təşkil edəcək ki, bu da əvvəlki proqnoz göstəricidən (1 milyard 698 milyon manat) heç də fərqli deyil. Bəs, bu, necə və nəylə örtüləcək?

Məsələ bundadır ki, 2015-ci ilin dövlət büdcəsi nəzərdə tutulduğu kimi yerinə yetirilməyib. Həm gəlirlər, həm də xərclər 20%-ə yaxın kəsirlə icra edilib. Başqa sözlə desək, 2015-ci ilin dövlət büdcəsinin gəlirlər hissəsi 88,2, xərcləri isə 84,3% icra olundu. Buna səbəb isə ARDNF-dan nəzərdə tutulan transfert həcminin düşünülmüş şəkildə az həyata keçirilməsi olub. Nəticədə 2015-ci ilin dövlət büdcəsi üzrə təsdiq olunduğu kimi 1,7 milyard manat deyil, 633 milyon manat kəsir əldə edildi. Yəni, büdcənin xərclər hissəsində 1,1 milyard manat qənaət əldə olunub.

Ümumiyyətlə isə 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı vahid xəzinə qalığı 1,4 milyard manat təşkil edib. Cari ilin dövlət büdcəsində dəyişiklikdən sonra nəzərdə tutulan 1,673 milyard manat kəsirin bir hissəsi də məhz bu vəsaitlə örtüləcək. Eyni zamanda, dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlardan da istifadə ediləcək.

Diqqət yetirilməsi vacib olan digər bir məqam ARDNF-ə aiddir. İş ondadır ki, keçən il dövlət büdcəsinə qənaətə səbəb bayaq da qeyd etdiyimizə əsasən Neft Fondundan transfertin nəzərdə tutulduğu kimi yerinə yetirilməməsi olmuşdusa, dövlətin cari il üçün əsas maliyyə sənədinə dəyişikliklər edilərək ondakı rəqəmlərin yüksəldilməsi isə bunun əksinə olaraq məhz ARDNF-dən nəzərdə tutulan transfertin artırılacağı hesabına baş tutacaq.

Belə ki, dəyişiklikdən sonra 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 milyard 10 milyon manatı və ya 41,7%-i Vergilər Nazirliyi (VN) xətti ilə daxilolmaların payına düşəcək ki, bu da təsdiq olunmuş əvvəlki rəqəmdən cəmi 408 milyon manat - 6,2% çoxdur. Gömrük rüsumları üzrə artım isə bunun təqribən, yarısı qədər təşkil edəcək.

Xatırladaq ki, 2016-cı ildə VN xətti ilə dövlət büdcəsinə 6,602 milyard manat, Dövlət Gömrük Komitəsiylə isə 1,590 milyard manat daxilolma proqnoz edilmişdi. Ümumi büdcə gəlirləri isə təkrar edirik, 2 milyard manat artırılır. Demək, əsas yük Fondun üzərinə düşəcək. Bu isə onun büdcəsində böyük kəsir yarada bilər.

Ancaq həm büdcəyə dəyişikliklərin əsasını neftin 1 barelinin onda müəyyən edilən qiymətinin 25 dollara salınması, həm də neftin dünya bazar qiymətlərinin sabitləşəcəyi ehtimalı bu barədə də ciddi təlaş yaranmasına əsas vermir.

Sözün qısası, 2016-cı ilin dövlət və icmal büdcəsinə ediləcək dəyişikliklər zəruri olduğu qədər də dövlətin maliyyə vəziyyəti və ehtiyatları üçün nəinki heç bir mənfi fəsad törətməyəcək, əksinə, ölkədə makroiqtisadi sabitlik və bu sahədə dayanıqlıq üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki dəyişiklik bunu qoruyub saxlamağa xidmət edəcək. Başlıca məqsəd budur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti